Müstəqilliyimizin və birliyimizin bayrağı

Müstəqilliyimizin və birliyimizin bayrağı

 

Azərbaycanın dövlətçilik tarixində 9 Noyabr xüsusi vətənpərvərlik, milli qürur və suverenliyin təntənəsi kimi qızıl hərflərlə yazılmışdır. Bu əlamətdar gün təkcə uca bir dövlət atributunun deyil, həm də müstəqil Azərbaycanın əzəmətinin, xalqımızın dəmir birliyinin və milli kimliyimizin əbədi simvoludur.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə təsdiq edilən üçrəngli bayrağımız — mavi, qırmızı və yaşıl rənglərin ecazkar harmoniyası ilə xalqımızın qədim köklərini, milli mənsubiyyətini və sabahkı günə olan sarsılmaz inamını nümayiş etdirir. Burada mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirləşməni, inkişafı və demokratiyanı, yaşıl rəng isə zəngin İslam mədəniyyətinə bağlılığımızı ehtiva edir. Üzərindəki ağ aypara və səkkizguşəli ulduzla bəzədilən bu müqəddəs bayraq xalqımızın milli azadlıq ideologiyasının, istiqlal ruhunun və əbədi dövlətçiliyimizin uca rəmzidir.

Sovet hakimiyyəti illərində üçrəngli bayrağımız rəsmi olaraq qadağan edilsə də, o, xalqımızın müqəddəs yaddaşından və qəlbindən silinməmiş, hər zaman mənəvi zirvələrdə dalğalanmışdır. Həmin dövrdə bu uca simvol azadlıq, istiqlal və milli dirçəliş ideallarının, eləcə də azərbaycançılıq məfkurəsinin yaşatmasına xidmət etmişdir. 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində bu müqəddəs bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikasında rəsmi dövlət rəmzi olaraq yenidən ucaldıldı və qısa müddət ərzində yenidən müstəqil Azərbaycan Respublikasının əsas dövlət atributu statusunu bərpa etdi.

Ümummilli lider Heydər Əliyev hər zaman qürurla qeyd edirdi ki, “Azərbaycan bayrağı dövlətçiliyimizin, milli birliyimizin və müstəqilliyimizin ən ali simvoludur.” Dahi rəhbərin müəyyənləşdirdiyi uzaqgörən siyasi strategiyanın bu gün möhtəşəm uğurla davam etdirilməsi nəticəsində üçrəngli bayrağımız dünyanın hər bir nöqtəsində, mötəbər beynəlxalq təşkilatların kürsülərində və şanlı qələbə meydanlarında əzmlə dalğalanır.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər, güclənən iqtisadi potensial, möhkəm siyasi sabitlik və artan beynəlxalq nüfuz milli bayrağımızın mənəvi dəyərini və ucalığını daha da zirvəyə qaldırmışdır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan misilsiz Qələbə nəticəsində üçrəngli bayrağımızın uzun illər həsrətində olduğumuz işğaldan azad edilmiş doğma torpaqlarımızda ucaldılması xalqımızın tarixinə qızıl səhifə kimi yazıldı. Şuşada, Xankəndidə, Laçında, Cəbrayılda, Füzulidə, Zəngilanda və digər azad yurdlarımızda əzəmətlə dalğalanan bu sancaq Azərbaycanın ərazi bütövlüyünün, əbədi və sarsılmaz suverenliyinin canlı təcəssümüdür.

Dövlət başçısı İlham Əliyevin dərin mənalı fikirləri bu gün hər bir soydaşımızın qəlbində böyük qürurla əks-səda verir: “Bu gün Azərbaycan bayrağı ucalardan ucalarda dalğalanır. Bu bayraq müstəqil, güclü və qalib Azərbaycanın rəmzidir.”

9 Noyabr – Dövlət Bayrağı Günü respublikamızın hər bir guşəsində böyük təntənə və yüksək dövləti ehtiramla qeyd edilir. Hər il bu əlamətdar tarix vətənpərvərlik ruhunda təşkil olunan tədbirlər, rəsmi mərasimlər, gənclərin kütləvi iştirak etdiyi yürüş və aksiyalarla yadda qalır. Bu möhtəşəm mənzərə Azərbaycan gəncliyinin dövlət rəmzlərinə olan sonsuz sədaqətinin, ana torpağa bağlılığının və milli ideologiyamıza inamının bariz sübutudur. Bu bayram, eynı zamanda, Azərbaycanın sürətli yüksəlişinin, yenilməz gücünün və sarsılmaz iradəsinin təcəssümüdür. Çünki mənşəyini tarixdən alan və bugün ucalarda dalğalanan üçrəngli bayrağımız azadlığımız uğrunda canını fəda etmiş müqəddəs şəhidlərimizin və Vətən yolunda döyüşən igidlərimizin ruhuna dərin ehtiramın rəmzidir.

 

Rahim Muradov

 

YAP Naftalan şəhər təşkilatının əməkdaşı