Milli həmrəylik, bərabər cəmiyyət: DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn məsələlər müzakirə olunub

Oktyabrın 27-də “Cavadxan 13” ünvanı üzrə (DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi) ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn mühüm məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

 

Müşavirədə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf  və Yaradıcılıq Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Elnarə Ənsari, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnfrastruktur Mərkəzinin direktor müavini, “Sahib Zeynalov 44” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Anar Quliyev, YAP Nəsimi rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.

 

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqinin konseptual əhəmiyyətini, bu tarixi çıxışda ölkəmizin növbəti illərdəki inkişaf trayektoriyasının müəyyən edildiyini diqqətə çatdırıblar.

 

Bildirilib ki, Azərbaycan dövlətinin strateji xəttinin mərkəzində vətəndaş rifahının yüksəldilməsi və sosial ədalət prinsiplərinin təmin olunması dayanır. Xüsusilə həssas əhali qruplarından olan şəxslərin cəmiyyətin fəal üzvlərinə çevrilməsi, onların sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyət standartlarının davamlı olaraq yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.

 

Müşavirədə Yeni Azərbaycan Partiyasının 30 ildən artıq dövrdə ölkənin siyasi mənzərəsində tutduğu aparıcı mövqeyə nəzər salınıb. Qeyd olunub ki, YAP ictimai-siyasi sabitliyin və hərtərəfli tərəqqinin təminatçısı kimi müxtəlif nəsil və təbəqələrdən olan yüz minlərlə vətəndaşı ümummilli məramlar ətrafında birləşdirir.

 

Vurğulanıb ki, Mərkəzdə fəaliyyətə cəlb olunan şəxslər partiya ideologiyasına sadiq qalaraq suveren və azad Azərbaycanın parlaq gələcəyi, dövlətçiliyimizin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Onlar vətənpərvərlik ruhunun gücləndirilməsi, milli - mənəvi dəyərlərin qorunması, mədəni irsimizin təbliği prosesinə töhfə verirlər. Müasir tariximizin qürurverici dövrlərinə şahidlik edən partiya üzvləri ideoloji təhlükəsizliyin təmin olunması, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq missiyasında fəal mövqe nümayiş etdirirlər.

 

                Müşavirənin sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqində irəli sürülən strateji hədəflərin reallaşdırılmasında hər bir vətəndaşın fəal olması və sosial məsuliyyətin vacibliyi qeyd edilib. Həmin tapşırıqların dərindən təhlil edilərək, sistemli əməli tədbirlər müstəvisinə keçirilməsində ərazi partiya təşkilatlarının əhəmiyyətli rolu və onların fəaliyyətlərinin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.