Qubadlı Şəhəri Günü zəfərdən Böyük Qayıdışa uzanan qürur yolumuzdur

 

        Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində 44 günlük Vətən müharibəsi milli qürurun, sarsılmaz iradənin və ədalətin bərpa olunduğu şanlı Zəfər salnaməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilən əlamətdar günlər sırasında 25 Oktyabr – Qubadlı Şəhəri Günü xüsusi mühüm strateji və mənəvi əhəmiyyət kəsb edir.

         2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin düşmən tapdağından azad olunması Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtələrindən birinə çevrilmişdir. Mürəkkəb coğrafi relyefə və təbii maneələrə malik Qubadlı rayonu istiqamətində aparılan əməliyyatlar yüksək peşəkarlıq, fədakarlıq və dəqiq hərbi taktika tələb edirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti düşmənin bir neçə xəttdən ibarət müdafiə istehkamlarını yararaq, qısa müddət ərzində şəhəri və ətraf kəndləri azad etmiş, cənub cəbhəsində ordumuzun mövqelərini daha da möhkəmləndirmişdir. Qubadlı döyüşləri Azərbaycan əsgərinin sarsılmaz əzm və vətənpərvərlik ruhunun bariz təzahürü kimi hərb tariximizə həkk olunmuşdur.

         Zəfərdən dərhal sonra dövlət tərəfindən həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində Qubadlı rayonunda da genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Şəhərin təsdiq olunmuş Baş Planına əsasən, müasir memarlıq üslubu ilə milli mənəvi ruhu özündə birgə təcəssüm etdirən yaşayış kompleksləri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri inşa olunur. Eyni zamanda, regionun digər bölgələrlə nəqliyyat əlaqəsini təmin edən magistral yolların, körpü və tunellərin tikintisi, eləcə də "yaşıl enerji" konsepsiyasına uyğun elektrik və su təchizatı infrastrukturu sürətlə qurulur.

      25 Oktyabr – Qubadlı Şəhəri Günü yalnız hərbi Zəfərin qeyd olunması deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli həmrəyliyin və dirçəlişin təntənəsidir. Şəhidlərimizin qanı və qazilərimizin rəşadəti hesabına azad edilən Qubadlı bu gün sürətlə yenidən qurularaq öz doğma sakinlərinə qucaq açmağa hazırlaşır. Dövlətimizin qətiyyətli siyasəti sayəsində Qubadlı şəhəri bölgənin ən müasir, abad və təhlükəsiz yaşayış məskənlərindən birinə çevrilməkdədir.

Yusif Abbasov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı