2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın yeni reallıqlar fonunda qarşısında dayanan vəzifələrin müəyyənləşdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda çıxışı keçdiyi şərəfli yolu, ölkəmizin əldə etdiyi tarixi nailiyyətləri və yeni mərhələdə qarşıda duran məqsədləri əhatə edən mühüm siyasi proqram xarakteri daşıyır. İlk dəfədir ki, YAP qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilir. Bu faktın özü ölkəmizin keçdiyi yolun miqyasını göstərməklə yanaşı, partiyanın siyasi fəaliyyətinin əsasları və qarşıdakı dövrün mahiyyətini ifadə edir.
Prezident İlham Əliyev öz nitqində bu gün qazanılan şanlı qələbələrin köklərinə nəzər salaraq ölkəni fəlakətə sürükləyənlərlə, onu xilas edənlər arasındakı tarixi təzadı tam çılpaqlığı ilə ortaya qoydu. 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən dırnaqarası liderlərin qorxaqlığı və fərariliyi utancverici bir xronologiya kimi xatırlandı. Müharibə şəraitində olan ölkəni başlı-başına buraxıb Bakıdan qaçan rəhbərlər xalqı humanitar və iqtisadi fəlakətin ağuşuna atmışdı. 1000 faizdən çox inflyasiya, boş xəzinə, işıq və qaz qıtlığı, vətəndaş müharibəsi və 1 milyon qaçqın-köçkün ordusunun mövcudluğu ilə səciyyələnən belə bir iflic vəziyyətində 1992-ci ilin noyabrında Naxçıvanda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən cəsarətli insanların yaratdığı Yeni Azərbaycan Partiyası əsl ictimai sifarişə və nicat yoluna çevrildi.
Azərbaycanın xarici siyasətində də yeni mərhələnin mühüm xüsusiyyətləri görünür. Ölkəmiz müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini inkişaf etdirir, eyni zamanda heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilmədən müstəqil siyasət yürüdür. Azərbaycan üçün əsas meyar hansısa qütbə yaxınlıq deyil, milli maraqların qorunmasıdır. Məhz bu yanaşma ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan verir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması da bu siyasətin nəticəsidir. Ölkəmizin müxtəlif beynəlxalq təşəbbüslərdə fəal iştirakı, ayrı-ayrı dövlətlər arasında dialoq üçün platforma yaratması və müxtəlif siyasi mövqeləri təmsil edən tərəflərlə eyni vaxtda əməkdaşlıq etməsi Azərbaycanın diplomatik imkanlarının genişləndiyini göstərir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni səviyyəyə yüksəlməsi, İslam dünyasında fəallığının artması, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi bu çoxşaxəli siyasətin ayrı-ayrı istiqamətləridir.
Enerji siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayır. Dünyada enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşdığı bir vaxtda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi əhəmiyyətini artırır. Neft və qazla yanaşı, elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracı ölkəmizin iqtisadi və geosiyasi imkanlarını genişləndirir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi indiki şəraitdə Azərbaycanın bu sahədəki potensialı onun beynəlxalq çəkisini də artırır.
Nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də Azərbaycanın qarşıdakı illərdə artan rolunun əsas istiqamətlərindən biri olacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı ölkəmizin əlverişli coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirir. Tranzit yüklərinin həcminin artırılması yalnız əlavə gəlir və yeni iş yerləri demək deyil. Bu, eyni zamanda Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində mövqeyinin daha da möhkəmlənməsi deməkdir.
Bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran ən böyük quruculuq layihələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Böyük Qayıdış artıq genişmiqyaslı şəkildə həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıtması Zəfərin ən mühüm humanitar nəticələrindəndir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın yalnız dağıdılmış əraziləri bərpa etməsi deyil, həm də həmin bölgələr üçün yeni inkişaf modeli formalaşdırması baxımından əhəmiyyətlidir. Burada müasir şəhərlər və kəndlər salınır, iqtisadi imkanlar yaradılır, sosial infrastruktur qurulur. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı illərdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağının bildirilməsi də dövlət siyasətində sosial məsələlərin xüsusi yer tutduğunu göstərir. Güclü dövlətin əsas göstəricilərindən biri onun əldə etdiyi iqtisadi nəticələri vətəndaşın gündəlik həyatında hiss olunan dəyişikliklərə çevirə bilməsidir.
Müstəqil siyasətin arxasında dayanan ən böyük sütun iqtisadi müstəqillikdir. Prezident ölkənin maliyyə gücünü heyrətamiz rəqəmlərlə ifadə etdi. Son iki ildə Bakıda keçirilən, öz idarəçiliyində 30 trilyon dollardan çox vəsait olan qlobal fondların rəhbərlərinin iştirak etdiyi Beynəlxalq İnvestisiya Forumlarında 20 milyard dollardan çox investisiya kontraktları imzalanıb.Digər tərəfdən, Azərbaycan xarici borcunu ümumi daxili məhsulun (ÜDM) cəmi 5,6 faizinə qədər endirib. Bu, inkişaf etmiş ölkələrdə 100-120 faiz təşkil etdiyi halda, Azərbaycanda dünya üzrə ən aşağı göstəricilərdən biridir. “Biz istəsək 24 saat ərzində borcumuzu sıfırlaya bilərik”, – deyən Prezident İlham Əliyev gələcək nəsillərə borc yükü saxlanılmayacağını vurğuladı. Eyni zamanda, nəhəng ordu quruculuğı və Qarabağın bərpası xərclərinə rəğmən ölkənin valyuta ehtiyatları 90 milyard dollara çatıb ki, bu da xarici borcumuzdan təxminən 20 dəfə çoxdur.
Beləliklə, VIII Qurultay Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Artıq Azərbaycanın qarşısında duran əsas məsələ torpaqların azad edilməsi deyil. Bu mərhələ başa çatıb. İndi əsas məqsəd Zəfəri qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının başlıca siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız keçmişə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Azərbaycanın Zəfərlə başa vurduğu uzun və mürəkkəb mərhələdən sonra qarşısında daha böyük inkişaf imkanları açılıb. Bu imkanlardan səmərəli istifadə etmək, əldə edilmiş tarixi nəticələri dönməz və davamlı uğurlara çevirmək qarşıdakı dövrün əsas siyasi vəzifəsidir. Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır və bu səhifənin əsas məzmununu güclü dövlət, dayanıqlı sülh, iqtisadi inkişaf, milli həmrəylik və daha böyük beynəlxalq nüfuz təşkil edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri