Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının Yuxarı-Axtaçı kənd ərazi partiya təşkilatında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn prioritet məsələlərin və nəzərdə tutulmuş təşkilati vəzifələrin icrasına həsr olunmuş tədbir təşkil edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
İclasda çıxış edən YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə dövlət başçısının VIII Qurultaydakı konseptual nitqinin partiya quruculuğu, ideoloji işin təşkili və dövlətçilik maraqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır. Natiq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərdən sonrakı dövrdə hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətli vəzifələri xüsusi qeyd etmişdir.
Yuxarı-Axtaçı kənd ərazi partiya təşkilatının sədri Cəmil Məmmədov məruzəsində Qurultay qərarlarının və dövlət başçısının tapşırıqlarının yerlərdə effektiv icrasını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermiş, təşkilat üzvlərinin fəaliyyətinin daha da gücləndiriləcəyini vurğulamışdır.
Daha sonra çıxış edən partiya fəalları Gülnar Cəfərova və Nəsibə Məmmədova Yeni Azərbaycan Partiyasının ölkəmizin sosial-siyasi inkişafındakı aparıcı mövqeyinə toxunaraq, Ümummilli Lider Heydər Əliyevin irsinə sadiqliklərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursu bundan sonra da fəal şəkildə müdafiə edəcəklərini bəyan etmişlər.