Bakıxanov qəsəbəsi, “Yavər Əliyev küçəsi 4” (SOCAR-ın Geofizika və Geologiya İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib. Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov çıxışında bildirib ki, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Vurğulanıb ki, partiya yarandığı gündən Azərbaycanın dövlətçilik maraqlarının müdafiəsinə, milli birliyin möhkəmləndirilməsinə və ölkənin tərəqqisinə xidmət edən təşəbbüslərin həyata keçirilməsinə öz töhfəsini verir.
Sonda qurultayın strateji hədəflərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. İştirakçılar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində vahid mövqenin, məsuliyyətli yanaşmanın və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.