Bakı Forumu Azərbaycanın daha bir beynəlxalq nüfuz göstəricisidir

Azərbaycanın beynəlxalq nüfuzu yalnız iqtisadi imkanları və coğrafi mövqeyi ilə deyil, həm də müstəqil siyasəti, təşəbbüskarlığı və müxtəlif tərəflər arasında əməkdaşlığa şərait yaratmaq bacarığı ilə müəyyən olunur. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin son illərdə qazandığı mövqenin əsaslarını aydın şəkildə ortaya qoyur. Dünyanın 100-dən artıq ölkəsindən nümayəndələrin iştirak etdiyi, 2000-dən çox şəxsin qeydiyyatdan keçdiyi tədbir Azərbaycanın qlobal məsələlərin müzakirəsi üçün etibarlı platforma yaratmaq imkanlarını nümayiş etdirir.

        Bununla belə, forumun əhəmiyyəti yalnız iştirakçıların sayı ilə ölçülmür. Əsas məsələ müxtəlif siyasi, dini və mədəni baxışları təmsil edən insanları ortaq problemlərin müzakirəsi ətrafında birləşdirmək, fikir mübadiləsi üçün açıq mühit yaratmaqdır. Azərbaycan bu istiqamətdə ardıcıl siyasət yürüdərək dialoqu beynəlxalq münasibətlərin mühüm vasitələrindən birinə çevirməyə çalışır. Prezidentin çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə dair səsləndirilən faktlar da bu siyasətin nəticələrini göstərir. Çin və ABŞ ilə strateji tərəfdaşlıq sənədlərinin imzalanması, Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr inkişaf etdirdiyini təsdiqləyir. Belə yanaşma ölkəmizin xarici siyasətində seçim imkanlarını genişləndirir, beynəlxalq əməkdaşlıq üçün yeni istiqamətlər açır. Müstəqil qərarların qəbul edilməsi və milli maraqların ardıcıl müdafiəsi Azərbaycanın tərəfdaşlar qarşısında etibarlı mövqeyini möhkəmləndirən amillərdir.

        Ölkəmizin artan beynəlxalq rolunun mühüm göstəricilərindən biri də müxtəlif regional və qlobal platformalarda iştirakının genişlənməsidir. Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin daha iki il uzadılması, Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması ölkəmizin coğrafi sərhədlərindən kənara çıxan əməkdaşlıq potensialının qəbul edildiyini göstərir. Bu faktlar Azərbaycanın yalnız öz regionunda deyil, daha geniş coğrafiyada əlaqələndirici tərəf kimi çıxış etmək imkanlarını ön plana çəkir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etmək, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin sammitini Bakıda keçirmək ölkəmizə göstərilən etimadın mühüm təzahürüdür. Müxtəlif siyasi və mədəni məkanları təmsil edən bu platformaların Azərbaycanda bir araya gəlməsi ölkənin beynəlxalq dialoq üçün yaratdığı imkanların miqyasını nümayiş etdirir. Bu mövqenin formalaşmasında iqtisadi inkişaf və nəqliyyat əlaqələri də mühüm rol oynayır. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi qlobal bazarlarda əhəmiyyətli yer tutur, müasir infrastruktur layihələri vasitəsilə regionlararası bağlantıların genişlənməsinə töhfə verir. Nəqliyyat və logistika marşrutlarının inkişafı ölkəmizin Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmlənməsindəki rolunu artırır.

        Beynəlxalq nüfuzun davamlı olması üçün əldə edilmiş mövqeni qorumaqla yanaşı, yeni çağırışlara uyğunlaşmaq da vacibdir. Prezidentin çıxışında Azərbaycanın sabitliyə, əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan siyasəti ilə yanaşı, dəyişkən beynəlxalq şəraitdə potensial risklərə qarşı diqqətli olmağın zəruriliyi də vurğulanıb. Bu yanaşma dövlətçilik maraqlarının qorunması ilə beynəlxalq əməkdaşlığın inkişafının paralel aparılmasının əhəmiyyətini göstərir. Bakı Forumunun əsas ideyası olan mədəniyyətlərarası dialoq da Azərbaycanın bu siyasətində xüsusi yer tutur. Çünki müxtəlif dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsi cəmiyyətlər arasında anlaşma və hörmətin inkişafı ilə daha dayanıqlı xarakter alır. Azərbaycanın beynəlxalq təşəbbüsləri göstərir ki, ölkənin nüfuzu yalnız əldə olunan nəticələrlə deyil, həm də qlobal məsələlərin həllinə verdiyi töhfə ilə ölçülür. Müxtəlif platformalara ev sahibliyi etmək, tərəfdaşlıq əlaqələrini genişləndirmək və fikir ayrılıqlarının dialoq yolu ilə müzakirəsinə şərait yaratmaq ölkəmizin beynəlxalq məsuliyyətini də artırır. Bu baxımdan, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın öz təcrübəsini bölüşməsi ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edən mühüm hadisədir.

 

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri.