Müasir dünyada qloballaşmanın sürətlə vüsət aldığı, fərqli mədəniyyətlərin, baxışların və həyat tərzlərinin bir-birinə qarışdığı bir dövrdə milli köklərə, dəyərlərə və adət-ənənələrə sədaqət göstərmək hər bir müstəqil dövlət üçün strateji əhəmiyyət kəsb edən əsas amillərdən biridir. Azərbaycan bu müstəvidə nadir və nümunəvi bir inkişaf yolu keçərək həm öz milli-mənəvi dəyərlərini göz bəbəyi kimi qorumuş, həm də onları çağdaş dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirmişdir. Dövlət başçısı Prezident İlham Əliyevin ifadə etdiyi kimi, biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu fikir müasir Azərbaycan dövlətçiliyinin, cəmiyyətin sosial-mədəni inkişafının və xarici siyasətinin ana xəttini təşkil edir.
Azərbaycan xalqı əsrlər boyu öz zəngin tarixi-mədəni irsini, ana dilini, adət-ənənələrini və ailə təsisatına əsaslanan dəyərlərini ən mürəkkəb tarixi sınaqlardan belə şərəflə çıxararaq qoruyub saxlamışdır. Ölkəmizdə müxtəlif xalqların, etnik qrupların və konfessiyaların nümayəndələrinin dinc, mehriban və birgə yaşaması sadəcə hüquqi norma və ya dövlət siyasəti deyil, xalqımızın minilliklərdən gələn təbii həyat tərzidir. Tolerantlıq və multikulturalizm prinsipləri üzərində bərqərar olan bu unikal həyat tərzi son illərdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində daha da möhkəmlənmişdir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və "Bakı Prosesi" kimi qlobal təşəbbüslər Azərbaycanın bu unikal yaşayış modelini dünya miqyasında təbliğ edən və fərqli mədəniyyətləri bir araya gətirən mühüm platformalara çevrilmişdir.
Milli həyat tərzimizin və ənənələrimizin güclənməsinin ən parlaq təzahürü işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində özünü büruzə verir. Otuz ilə yaxın işğal altında qalan, mədəni irsi, tarixi abidələri və ziyarətgahları vandalizmə uğrayan Qarabağ və Şərqi Zəngəzur bu gün öz tarixi simasına və milli ruhuna qaytarılır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, eləcə də digər azad olunmuş rayonlarımızda məscidlərin, muzeylərin, tarixi binaların orijinal görkəminə uyğun bərpası, "Xarıbülbül" Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin və digər mədəniyyət tədbirlərinin yenidən keçirilməsi milli ruha və ənənələrə verilən böyük dəyərin bariz göstəricisidir. Bu dirçəliş prosesi xalqımızın öz tarixi köklərinə nə qədər bağlı olduğunu və bu bağların zaman keçdikcə daha da möhkəmləndiyini bütöv dünyaya sübut edir.
Ənənələrinə və milli kimliyinə sədaqət Azərbaycanın beynəlxalq aləmdə də etibarlı, hörmətli və söz sahibi olan bir tərəfdaş kimi tanınmasını təmin etmişdir. Müasirləşməni milli dəyərlərin itirilməsi kimi deyil, onların zənginləşməsi və qlobal arenada təşviqi kimi qəbul edən ölkəmiz qlobal enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, yaşıl iqtisadiyyata keçid və iqlim dəyişikliyi ilə mübarizədə ön sıralarda yer alır. Azərbaycan göstərdi ki, öz milli köklərinə, ənənələrinə və həyat tərzinə söykənərək də qlobal miqyasda böyük uğurlara imza atmaq, modern və inkişaf etmiş dövlət qurmaq mümkündür.
Öz ənənələrini qoruyub saxlayan və onları dövrün tələblərinə uyğun olaraq gücləndirən Azərbaycan bu gün gələcəyə inamla addımlayır. Milli kimlik, cəmiyyətdəki sarsılmaz həmrəylik, güclü dövlətçilik təfəkkürü və tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar ölkəmizin gələcək uğurlarının və beynəlxalq nüfuzunun ən möhkəm zəmanətidir.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı