8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi

8 Noyabr – Zəfər Günü: Qürurumuz, fəxrimiz və tariximizin şanlı səhifəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin günlər yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın qürurunu, iradəsini, birliyini və yenilməz ruhunu özündə yaşadır. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar günlərdən biridir. Bu gün xalqımızın yaddaşına qəhrəmanlıq, vətənpərvərlik və tarixi ədalətin təntənəsi kimi əbədi həkk olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. 44 gün davam edən bu müharibə xalqımızın Vətən sevgisini, ordumuzun gücünü, əsgər və zabitlərimizin fədakarlığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfərə imza atdı.

Bu Zəfərin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın azadlığı xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının qüruru, milli ruhu və tarixi yaddaşı yenidən öz zirvəsinə yüksəldi.

Zəfər Gününü bizə yaşadanların ən böyük qəhrəmanları isə Vətən uğrunda canından keçən şəhidlərimizdir. Onların qanı ilə yazılan bu şanlı tarix heç zaman unudulmayacaq. Yaralı qazilərimizin fədakarlığı, igid əsgərlərimizin döyüş əzmi və ailələrin səbr və dözümü bu qələbənin ayrılmaz hissəsidir. Hər bir şəhidin adı xalqımızın qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq.

8 Noyabr yalnız hərbi qələbənin qeyd olunduğu gün deyil. Bu tarix həm də milli birliyimizin, həmrəyliyimizin və dövlətimizin qüdrətinin təcəssümüdür. Müharibə dövründə bütün Azərbaycan xalqı bir amal ətrafında birləşdi: Vətənimizin ərazi bütövlüyünün bərpası. Ön cəbhədə döyüşən əsgərlə arxa cəbhədə ona mənəvi dəstək olan hər bir vətəndaş bu Zəfərin bir parçasına çevrildi.

Bu gün azad Qarabağda həyata keçirilən quruculuq və bərpa işləri Zəfərimizin davamıdır. Yenidən qurulan şəhərlər, kəndlər, yollar, məktəblər və digər infrastruktur obyektləri doğma torpaqlarımızda həyatın yenidən canlanmasının göstəricisidir. Böyük Qayıdış prosesi ilə öz yurdlarına dönən insanların sevincində 8 Noyabrın mənası bir daha aydın görünür.

Zəfər Gününün ən mühüm mesajlarından biri də budur: Vətən sevgisi sözlə deyil, əməl və fədakarlıqla sübut olunur. Bu müqəddəs tarixi yaşatmaq, şəhidlərimizin əziz xatirəsini uca tutmaq, qazilərimizə ehtiram göstərmək və ölkəmizin inkişafına töhfə vermək hər birimizin mənəvi borcudur.

8 Noyabr – Zəfər Günü xalqımızın qürur salnaməsi, milli iradəmizin təntənəsi və gələcək nəsillərə miras qoyduğumuz şərəfli tarixdir.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Şəhidlərimizin ruhu şad, qazilərimizin canı sağ olsun! Zəfərimiz əbədi, Azərbaycanımız daim var olsun!

Yaşasın müstəqil Azərbaycan! Qarabağ Azərbaycandır!

 

 

Sənəm Musayeva – Azərbaycan Respublikasının

Elm və Təhsil Nazirliyinin

Maliyyə şöbəsinin şöbəsinin maliyyə sektorunun böyük məsləhətçisi,

YAP Nərimanov rayon Təşkilatının fəal üzvü