Əziz Şuşa, Biz Qayıtmışıq!

Əziz Şuşa, Biz Qayıtmışıq!

 

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Şuşa Azərbaycanın incisidir.” - Bəli,  Azərbaycan xalqının tarixində xüsusi yeri olan, adı çəkiləndə hər birimizin qəlbində qürur və ehtiram hissi oyadan şəhərlər var. Şuşa da bu müqəddəs məkanlardan biridir. O, sadəcə Qarabağın gözəl guşəsi deyil, xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, mədəni irsini və azadlıq amalını özündə yaşadan əvəzsiz sərvətimizdir. Azərbaycanın musiqi və poeziya beşiyi, sənət və söz adamlarının yetişdiyi bu qədim şəhər əsrlər boyu milli ruhumuzun, kimliyimizin və qürurumuzun rəmzi olub. Şuşanın hər küçəsi, hər daşı, hər tarixi abidəsi xalqımızın keçmişindən xəbər verir, onun qoynunda yaşanan hər xatirə isə bizi köklərimizə, tariximizə və milli varlığımıza bağlayır.Şuşa təkcə gözəl təbiəti, füsunkar mənzərələri və zəngin tarixi ilə deyil, həm də yetişdirdiyi böyük şəxsiyyətlərlə Azərbaycan mədəniyyətinə misilsiz töhfələr verib. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, muğam və opera sənətimizin əvəzsiz siması Bülbülün, böyük şair və rəssamların, sənətkarların və ziyalıların vətənidir. Şuşanın hər qarışı Azərbaycan mədəniyyətinin canlı salnaməsidir. Əbəs yerə deyil ki, Şuşa əsrlər boyu xalqımızın qəlbində özünəməxsus yer tutmuş, onun azadlığına qovuşması arzusu nəsillərdən-nəsillərə ötürülən müqəddəs bir amala çevrilmişdir.

1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının tarixində ən ağır və ağrılı hadisələrdən biri oldu. Bu işğal nəticəsində şəhərin sakinləri doğma yurdlarından didərgin düşdü, tarixi-mədəni abidələrimiz dağıntılara və vandalizmə məruz qaldı, məscidlərimiz, muzeylərimiz, tarixi binalarımız zərər gördü. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın uzun illər işğal altında qalması xalqımızın mənəvi dünyasına vurulan ağır zərbə idi. Bütün çətinliklərə, uzun illərin ayrılığına və həsrətinə baxmayaraq, Azərbaycan xalqı Şuşaya olan sevgisini heç vaxt itirmədi. Bu sevgi zaman keçdikcə daha da möhkəmləndi, nəsillərin yaddaşında yaşadı və gələcək nəsillərə ötürüldü. Şuşanın bir gün yenidən azadlığına qovuşacağına, doğma sakinlərinin öz yurd-yuvalarına dönəcəyinə olan ümid xalqımızın qəlbində daim yaşadı. Doğma torpaqlarından ayrı düşmüş insanlar bir gün yenidən ata-baba ocaqlarına qayıdacaqları günü həsrətlə gözləyirdilər. Çünki Şuşa bizim üçün sadəcə bir şəhər, bir torpaq parçası deyildi; o, milli kimliyimizin, mənəvi bağlılığımızın, birliyimizin və heç zaman unudulmayan tarixi yaddaşımızın təcəssümü idi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın taleyində və Azərbaycanın çoxəsrlik tarixində mühüm dönüş nöqtəsinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, əzmkarlıq və peşəkarlıq sayəsində uzun illər işğal altında qalan torpaqlarımızın böyük bir hissəsi düşmən tapdağından azad edildi. Bu tarixi Zəfərin ən möhtəşəm səhifələrindən biri isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığına qovuşması idi. Şuşanın azad edilməsi təkcə hərbi uğur deyil, həm də xalqımızın illərlə qəlbində yaşatdığı həsrətin sona çatması, milli iradəmizin və tarixi ədalətin təntənəsi oldu. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı düşmən işğalından azad etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Şuşanın azad edilməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın mənəvi qələbəsinin də təntənəsi idi. Müzəffər Azərbaycan əsgərinin dağları, qayaları aşaraq, çətin relyef şəraitində göstərdiyi qəhrəmanlıq dünya hərb tarixində özünəməxsus yer tutdu. Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Uzun illər dağıntılara məruz qalmış tarixi binalar, mədəniyyət ocaqları, dini abidələr və digər tikililər yenidən bərpa edilir. Şəhərin tarixi simasının qorunması, memarlıq ənənələrinin yaşadılması və infrastrukturun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində Azərbaycanın böyük söz ustadı Molla Pənah Vaqifin xatirəsini yaşadan Vaqifin muzey-məqbərə kompleksi bərpa olunaraq yenidən xalqımızın istifadəsinə verilib.

Şuşanın mədəni həyatının bərpası da xüsusi diqqət mərkəzindədir. Ənənəvi olaraq keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, müxtəlif mədəni tədbirlər şəhərin əvvəlki şöhrətinin yenidən qaytarılmasına xidmət edir. Bu tədbirlər Şuşanın Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir. Xüsusilə gənc nəslin Şuşanın tarixi, işğal dövründə baş verən hadisələr və onun azadlığı uğrunda göstərilən qəhrəmanlıq nümunələri barədə məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Məktəblərdə keçirilən maarifləndirici tədbirlər, tarix dərsləri, vətənpərvərlik mövzusunda görüşlər və ekskursiyalar gənclərdə Vətənə bağlılıq hissinin güclənməsinə xidmət edir.

Çox xoşbəxtəm ki, bu ilin avqust ayında illərdir ürəyimizdə nisgilə, gözlərimizdə həsrətə çevrilmiş Qarabağı, onun tacı olan Şuşanı görmək mənə də qismət oldu. Bu torpaqlara ayaq basmaq, illərlə xəyallarımızı bəzəyən o müqəddəs yerlərdə olmaq insana sözlə ifadə edilməsi çətin olan duyğular yaşadır. Orada eyni anda həm qürurdan köksün qabarması, həm də illərin həsrətindən gözlərin dolması mümkündür. Hər daşında bir tarix, hər küçəsində bir xatirə, hər guşəsində bir xalqın nisgili və mübarizəsi yaşanan bu torpaqlarda insan keçmişi də düşünür, bu günü də daha dərindən duyur. Şuşanın küçələrində addımladıqca, onun əsrarəngiz gözəlliyini seyr etdikcə bir daha anlayırsan ki, bu torpaq bizim üçün sadəcə coğrafi məkan deyil, milli kimliyimizin, tariximizin, mənəvi dünyamızın ayrılmaz parçasıdır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Şuşa Azərbaycanın incisidir!” Bu incinin yenidən öz xalqına qovuşmasının şahidi olmaq, azad Şuşanın havasını udmaq, torpağına toxunmaq sözün əsl mənasında böyük xoşbəxtlikdir.

Bu gün qürurla “Əziz Şuşa, Biz Qayıtmışıq!” deyə bilməyimiz üçün canından keçən şəhidlərimizə, sağlamlığını Vətən yolunda fəda edən qazilərimizə ömür boyu minnətdar olacağıq. Onların qəhrəmanlığı sayəsində illərin həsrəti sona çatdı, qəlbimizdəki Qarabağ nisgili zəfər sevincinə çevrildi. Bu torpaqlarda dalğalanan üçrəngli bayrağımız hər birimizin qürur mənbəyi, şəhidlərimizin əziz xatirəsinə ən böyük ehtiramdır.

 

Həmidə Qoçəliyeva

YAP Naxçıvan şəhər təşkilatı “Atatürk 26” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

Naxçıvan şəhər Təhsil Şöbəsinin əməkdaşı, partiya fəalı