Hər bir xalqın hərb və zəfər tarixində elə məqamlar olur ki, onlar yalnız hərbi taktika kimi deyil, insan ruhunun, fədakarlığın və sarsılmaz iradənin ən uca təcəssümü kimi yaddaşlara həkk olunur. Azərbaycanın 44 günlük Vətən müharibəsinin zirvəsi, qələbəmizin tacı və tariximizin ən parlaq səhifəsi şübhəsiz ki, Şuşa əməliyyatıdır. Qarabağın döyünən ürəyi, mədəniyyətimizin beşik qalası olan Şuşanın azad edilməsi otuz illik həsrətə son qoyan Böyük Zəfərin əsas rəmzinə çevrildi. Şuşa sadəcə strateji bir yüksəklik və ya coğrafi məkan deyil — o, təbii istehkam, sıldırım qayalarla əhatələnmiş keçilməz bir qala idi. Düşmən illər boyu bu şəhəri alınmaz hesab edir, buradakı hərbi mövqelərinə güvənirdi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları hərb elminin bütün stereotiplərini alt-üst etdi.
Ağır hərbi texnikanın keçməsi imkansız olan keçilməz meşələri, dərin dərələri və sıldırım qayaları piyada qət edən qəhrəman əsgər və zabitlərimiz Şuşaya yaxınlaşdı. Yüngül silahlar, bıçaqlar və sarsılmaz vətən sevgisi ilə silahlanmış döyüşçülərimiz sıldırımları dırmaşaraq düşmənlə əlbəyaxa döyüşə girdilər. Bu, dünya hərb tarixində analoqu az bulunan, yalnız yüksək mənəvi ruha və peşəkarlığa söykənən bir dastan idi.
2020-ci il noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza ünvanladığı məruzə ölkə tarixinin ən təsirli və qürurverici anlarından biri kimi yadda qaldı. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!" kəlamları hər bir azərbaycanlının qəlbini qürurla doldurdu, küçələrə axışan milyonlarla insan göz yaşları içində bu tarixi günü bayram etdi.
Şuşanın azad olunması düşmənin hərbi-siyasi müqavimətini tamamilə qırdı və işğalçı tərəfi təslim olmağa məcbur etdi. Bu zəfər təkcə bir şəhərin azadlığı deyil, milli mənliyin, tapdanmış ədalətin və tarixi həqiqətin bərpası idi.
Cənab Prezidentimiz İlham Əliyev demişdir: "Şuşanın azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cesarətini, qəhrəmanlığını göstərdi."
Bu gün Şuşa azad və mağrurdur. Azad edildiyi ilk gündən etibarən şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələr, məscidlər, muzeylər bərpa olunur, Cıdır düzündə yenidən "Xarıbülbül" musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilir.
Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət paytaxtı kimi yenidən parlayır. Qəhrəmanlarımızın qanı və canı bahasına azad edilən bu müqəddəs şəhərdə dalğalanan üçrəngli bayrağımız əbədi olaraq kükrəyəcək və gələcək nəsillərə Azərbaycan xalqının əyilməz iradəsini xatırladacaq.
Həbibə Vəliyeva
YAP Culfa rayon təşkilatının fəalı