12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm yer tutan əlamətdar gündür. Bu tarix müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşmasını, demokratik dövlət quruculuğu yolunda atılan tarixi addımı və xalqımızın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisəni təcəssüm etdirir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna əhəmiyyətə malik olmuşdur.
Konstitusiyanın hazırlanması və qəbul edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu prosesinin ən mühüm mərhələlərindən biri idi. Ulu Öndər müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən mürəkkəb siyasi və iqtisadi vəziyyətə baxmayaraq, hüquqi dövlətin əsaslarının yaradılmasını prioritet vəzifə kimi müəyyənləşdirmişdi. Onun müdrik siyasəti nəticəsində hazırlanmış Əsas Qanun xalqımızın tarixi dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və ümumbəşəri hüquq prinsiplərini özündə birləşdirdi.
Konstitusiya Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının hüquqi bazasını müəyyən etdi. İnsan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunması, hakimiyyət bölgüsü prinsipinin müəyyənləşdirilməsi, qanunun aliliyinin təmin edilməsi dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı oldu. Əsas Qanun hər bir vətəndaşın hüquqlarının qorunmasına, cəmiyyətdə bərabərliyin və ədalətin təmin edilməsinə, dövlətlə vətəndaş arasında münasibətlərin hüquqi əsaslarla tənzimlənməsinə xidmət edir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin ardıcıl şəkildə inkişaf etdirildiyini nümayiş etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artırmış, iqtisadi və siyasi gücünü möhkəmləndirmiş, müasir inkişaf modelini formalaşdırmışdır.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizin yeni mərhələsini yaratdı. Bu tarixi reallıqlar Konstitusiyanın ölkənin bütün ərazisində aliliyinin təmin olunmasının əhəmiyyətini daha da artırdı. Müstəqil Azərbaycanın suveren hüquqlarının bütün ölkə ərazisində bərqərar olması dövlət quruculuğunun qarşısında yeni imkanlar və vəzifələr açdı.
Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli birliyimizin, dövlət müstəqilliyimizin və gələcəyə inamımızın ifadəsidir. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara əməl etmək, hüquq və vəzifələrimizi dərk etmək hər bir vətəndaşın məsuliyyətidir. Hüquqi dövlətin gücü yalnız qanunların mövcudluğu ilə deyil, həm də onların gündəlik həyatda tətbiqi və cəmiyyət tərəfindən qəbul olunması ilə ölçülür.
12 Noyabr – Konstitusiya Günü bizə bir daha xatırladır ki, güclü dövlətin təməlində möhkəm hüquqi sistem, milli həmrəylik və vətəndaş məsuliyyəti dayanır. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyaları əsasında formalaşan bu hüquqi təməl Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlar şəraitində daha da möhkəmlənir. Konstitusiyamız müstəqilliyimizin, suverenliyimizin və davamlı inkişafımızın etibarlı təminatıdır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri