Konstitusiya – hüquqlarımızın, azadlıqlarımızın və milli birliyimizin təminatı

Konstitusiya – hüquqlarımızın, azadlıqlarımızın və milli birliyimizin təminatı

 

Hər bir müstəqil dövlətin möhkəm təməli onun Konstitusiyası, hüquqi sistemi və xalqın dövlətçiliyə olan inamıdır. Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini, milli dövlətçilik ənənələrini və demokratik cəmiyyət qurmaq əzmini özündə əks etdirən fundamental sənəddir. 12 Noyabr – Konstitusiya Günü bu baxımdan yalnız tarixi hadisənin ildönümü deyil, həm də hüquqi dövlət quruculuğuna, milli birliyə və vətəndaş məsuliyyətinə ehtiramın ifadəsidir.

1995-ci il noyabrın 12-də keçirilən referendumla qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasına möhkəm zəmin yaratdı. Konstitusiyanın qəbul edilməsi ilə Azərbaycan dövlətçiliyinin hüquqi əsasları yeni mərhələyə qədəm qoydu, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təsbit edildi.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində qanunun aliliyi, siyasi sabitlik, vətəndaş həmrəyliyi və milli maraqların qorunması xüsusi yer tuturdu. O, yaxşı anlayırdı ki, müstəqilliyin qorunması yalnız siyasi iradə ilə deyil, həm də möhkəm hüquqi institutların yaradılması ilə mümkündür. Məhz bu uzaqgörən yanaşma nəticəsində Konstitusiya ölkəmizdə hüquqi münasibətlərin tənzimlənməsinin, dövlət idarəçiliyinin və cəmiyyətin demokratik inkişafının əsas sənədinə çevrildi.

Azərbaycan Konstitusiyasında insan və vətəndaş hüquqlarına geniş yer ayrılması dövlətimizin əsas prioritetlərindən birini aydın şəkildə nümayiş etdirir. Hər bir insanın qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, təhsil almaq, əmək və sosial təminat hüquqları hüquqi dövlətin mühüm göstəriciləridir. Bu hüquqların qorunması ilə yanaşı, hər bir vətəndaşın üzərinə qanunlara hörmət etmək, cəmiyyət qarşısında məsuliyyət daşımaq və dövlət maraqlarına sədaqətlə xidmət etmək vəzifəsi də düşür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hüquqi və demokratik inkişafının davamlılığını təmin edir. Ölkəmizdə aparılan institusional islahatlar, sosial-iqtisadi layihələr, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlər dövlətin Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə xidmət edir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə milli dövlətçilik tariximizin ən möhtəşəm nailiyyətlərindən biridir.

Bu gün Konstitusiyanın əhəmiyyəti daha geniş məna kəsb edir. Çünki dövlət suverenliyinin tam bərpası ölkəmizin bütün ərazilərində vahid hüquqi məkanın təmin olunması üçün tarixi imkan yaratmışdır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı müstəqil dövlətimizin gücünü və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir.

Konstitusiya Günü hər birimizi hüquqlarımızı daha dərindən dərk etməyə, qanunlara hörmətlə yanaşmağa və dövlətimizin inkişafına töhfə verməyə çağırır. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də hüquqi əsaslarının möhkəmliyi, vətəndaşlarının birliyi və qanunun aliliyinə sadiqliyi ilə seçilir.

Bu gün biz Konstitusiyamıza ehtiram göstərməklə həm də ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərə və Azərbaycanın müstəqil gələcəyinə sədaqətimizi ifadə edirik. Konstitusiyamız milli birliyimizin, hüquqlarımızın və suveren dövlətçiliyimizin etibarlı təminatıdır.

 

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini