Konstitusiyamız – müstəqil dövlətçiliyimizin və milli suverenliyimizin hüquqi dayağı

Konstitusiyamız – müstəqil dövlətçiliyimizin və milli suverenliyimizin hüquqi dayağı

 

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın müstəqil dövlət quruculuğu yolunda qazandığı nailiyyətləri, hüquqi dövlət və demokratik cəmiyyət formalaşdırmaq istiqamətində atdığı tarixi addımları özündə təcəssüm etdirir. Konstitusiya hər bir dövlətin siyasi, hüquqi və ictimai həyatının əsaslarını müəyyənləşdirən, dövlətlə vətəndaş arasında münasibətləri tənzimləyən ali hüquqi sənəd olmaqla yanaşı, milli suverenliyin, müstəqilliyin və dövlətçilik ənənələrinin möhkəm təminatıdır.

Azərbaycanın konstitusiya quruluşunun tarixi mürəkkəb və şərəfli mərhələlərdən keçib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə yeni bir səhifə açsa da, həmin dövrdə Konstitusiyanın qəbul edilməsi mümkün olmadı. Sovet hakimiyyəti illərində qəbul edilmiş konstitusiyalar isə Azərbaycanın müstəqil dövlət iradəsini tam ifadə edə bilmirdi. Yalnız dövlət müstəqilliyimizin bərpasından sonra milli maraqlara, demokratik prinsiplərə və ümumbəşəri hüquqi dəyərlərə əsaslanan yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bu mühüm tarixi missiyanın həyata keçirilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri oldu. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi. Beləliklə, müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu.

Konstitusiyanın qəbul edildiyi 12 Noyabr tarixi ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu ali sənəd insan hüquq və azadlıqlarının qorunmasını, hakimiyyət bölgüsü prinsipini, dövlət hakimiyyətinin təşkilini, qanunçuluğun və hüquq bərabərliyinin təmin edilməsini əsas prioritetlər kimi müəyyənləşdirir. Konstitusiyada təsbit olunmuş müddəalar Azərbaycanın demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi inkişafının başlıca istiqamətlərini müəyyən edir. Sonrakı illərdə həyata keçirilən konstitusiya islahatları isə ölkənin dəyişən ictimai-siyasi reallıqlarına uyğun olaraq hüquqi sistemin təkmilləşdirilməsinə xidmət edib.

Azərbaycanın hüquqi dövlət quruculuğunda mühüm institutlardan biri də Konstitusiya Məhkəməsidir. 1998-ci ildə fəaliyyətə başlayan bu ali konstitusiya ədalət mühakiməsi orqanı Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunvericilik və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasında mühüm rol oynayır. Konstitusiya Məhkəməsinin fəaliyyəti hüquqi sabitliyin qorunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, dövlət orqanlarının fəaliyyətində qanunçuluq prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan, Məhkəmə yalnız hüquqi nəzarət institutu deyil, həm də ölkədə konstitusion dəyərlərin və hüquqi mədəniyyətin inkişafına töhfə verən mühüm dövlət təsisatıdır.

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu baxımdan xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar həm Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünün, həm də dövlət suverenliyimizin bərpasının əhəmiyyətinin geniş şəkildə qeyd olunmasına xidmət edib. İl ərzində təşkil edilən silsilə tədbirlər, elmi-praktik konfranslar, maarifləndirici layihələr və ictimai müzakirələr Konstitusiyanın dövlət və cəmiyyət həyatındakı rolunun daha dərindən dərk edilməsinə mühüm töhfə verib.

2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyinin tam bərpa edilməsi Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu reallıqlar Konstitusiyanın əsasını təşkil edən müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin mahiyyətini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, regionda yeni siyasi reallıqlar yaratmış güclü dövlətdir.

Azərbaycan Respublikasının Konstitusiyası yalnız hüquqi normalar toplusu deyil, həm də xalqımızın müstəqillik iradəsinin, milli birliyinin və gələcəyə inamının ifadəsidir. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquq və vəzifələri dərindən mənimsəmək, qanunçuluq prinsipinə əməl etmək hər bir vətəndaşın məsuliyyətidir. Çünki güclü dövlətin təməlində möhkəm qanunlar, hüquqi düşüncə və dövlətçilik dəyərlərinə sadiq cəmiyyət dayanır.

12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqil dövlətçilik tarixinin qürurverici səhifələrindən biri kimi hər zaman böyük ehtiramla qeyd olunacaq. Konstitusiyamızın müəyyən etdiyi hüquqi prinsiplər əsasında inkişaf edən Azərbaycan dövlətinin qarşısında duran başlıca məqsəd müstəqilliyimizi daha da möhkəmləndirmək, suverenliyimizi qorumaq və gələcək nəsillərə qüdrətli, firavan dövlət miras qoymaqdır.

 

Mahir Qurbanov

YAP Kəngərli rayon təşkilatının fəalı