Tarixin Yazıldığı 44 Gün: Hər Gün İrəliləyən Müzəffər Ordu

Tarixin Yazıldığı 44 Gün: Hər Gün İrəliləyən Müzəffər Ordu

 

Müasir dünya hərb tarixində analoqu olmayan, həm hərbi taktika, həm də mənəvi qətiyyət baxımından əsl qəhrəmanlıq dastanı kimi yazılan 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının otuz illik həsrətinə son qoyan və tarixi ədaləti bərpa edən möhtəşəm bir qələbədir. Bu qələbənin arxasında dayanan ən əsas və qürurverici reallıqlardan biri məhz Müzəffər Ali Baş Komandanın elan etdiyi o dərin mənalı həqiqətdir: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Hərb tarixində bir gün də olsun geri çəkilmədən, fasiləsiz olaraq hər gün yeni yaşayış məntəqələrini, strateji yüksəklikləri və qalibiyyət nöqtələrini düşməndən təmizləyən rəşadətli Azərbaycan Ordusu özünün misilsiz gücünü, sarsılmaz iradəsini və peşəkarlığını bütün dünyaya birmənalı şəkildə nümayiş etdirdi.

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına və hücumuna cavab olaraq başlanan əks-hücum əməliyyatı ilk saatlardan etibarən Azərbaycan əsgərinin və xalqının yumruq kimi birləşdiyini ortaya qoydu. Otuz il ərzində düşmənin qarşısıalınmaz hesab etdiyi, milyardlarla dollar dəyərində mürəkkəb mühəndis-istehkam qurğularından, dərin sığınacaqlardan və keçilməz "Ohanyan xətti"ndən ibarət müdafiə zolaqları ordumuzun güclü və dəqiq zərbələri qarşısında cəmi bir neçə saata darmadağın edildi. Müharibənin ilk günlərindən etibarən cəbhənin şimal, cənub və şərq istiqamətlərində əks-hücuma keçən igid oğullarımız bir an belə dayanmadan, gecəni gündüzə qataraq sıldırım qayaları aşdı, çətin relyefli dərələri keçdi və düşmənin müdafiə xətlərini yarıb keçərək onları panikaya saldı. Hər səhər xalqa verilən qələbə müjdələri, azad olunan kəndlərin, qəsəbələrin və strateji yüksəkliklərin siyahısı cəmiyyətdəki inamı dəfələrlə artırır, hər bir vətəndaşın ürəyində qələbə sevincini möhkəmləndirirdi.

Bu 44 günlük fasiləsiz irəliləyişin və zəfər yürüşünün təməlində dövlət başçısının uzaqgörən hərbi-siyasi strategiyası, ordumuzun müasir texnologiyalarla, xüsusilə də dünyanın hərb elmini heyran qoyan yüksək dəqiqlikli PUA-larla təchiz olunması və xüsusi təyinatlılarımızın misilsiz fədakarlığı dayanır. Cəbrayılın əlçatmaz yüksəklikləri, Füzulinin möhkəmləndirilmiş postları, Zəngilanın, Qubadlının və Xocavəndin kəndləri, eləcə də strateji əhəmiyyətli Suqovuşan və Hadrut qəsəbəsi bir-birinin ardınca azad olundu. Düşmən ordusu nə qədər canlı qüvvə, ehtiyat qüvvələr və ağır texnika cəlb etsə də, Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmədi. Hər gün qazanılan uğur, cəbhədə atılan hər irəli addım Ermənistan ordusunun onurğa sütununu qırdı və ölkə rəhbərliyini çıxılmaz, məğlubiyyət dolu bir duruma saldı.

Bu fasiləsiz və şanlı yürüşün zirvə nöqtəsi, şübhəsiz ki, sıldırım qayalar üzərində ucalan, alınmaz qala sayılan Azərbaycan mədəniyyətinin tacı — Şuşanın azad edilməsi oldu. Xüsusi təyinatlılarımız yüngül silahlarla, əlbəyaxa döyüşlərdə, keçilməz meşə yolları və sıldırımlarla Şuşaya dırmaşaraq şəhəri düşməndən təmizlədilər ki, bu əməliyyat artıq dünya hərb dərsliklərinə qızıl hərflərlə yazılmışdır. Şuşanın alınması ilə düşmənin müqavimət onurğası tamamilə qırıldı və Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 44 gün boyunca hər gün irəliyə gedən Azərbaycan Ordusu bu tarixi zəfərlə təkcə torpaqlarımızı deyil, həm də xalqımızın tapdanmış milli qürurunu, əyilməz ruhunu özünə qaytardı və regionda əbədi sülhün və tərəqqinin təməlini qoydu.

 

Günel İsmayılzadə

YAP Odubad rayon təşkilatının fəalı