Üçrəngli bayrağımız: dünəndən bu günə, bu gündən əbədiyyətə

Üçrəngli bayrağımız: dünəndən bu günə, bu gündən əbədiyyətə

“Bayraq” sözünün özündə bir xalqın tarixi, dövlətçilik ənənələri, azadlıq arzusu, milli kimliyi və Vətən sevgisi yaşayır. Azərbaycan xalqı üçün üçrəngli bayraq isə bütün bu dəyərlərin vahid rəmzidir. Göy, qırmızı və yaşıl rənglərin üzərində qərar tutan aypara və səkkizguşəli ulduz Azərbaycanın müstəqilliyini, milli-mənəvi dəyərlərini və dövlətçilik ideallarını özündə əks etdirir. Hər il 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli dövlətçilik tarixində üçrəngli bayrağın yerini və əhəmiyyətini bir daha xatırlamaq, bu müqəddəs rəmzə olan ehtiramımızı ifadə etmək baxımından böyük önəm daşıyır.

Azərbaycanın üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu hadisə Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, xalqımızın milli istiqlal ideyasının dövlət rəmzində təcəssümünü ifadə edirdi.  Üçrəngli bayrağın rəngləri böyük məna daşıyırdı. Göy rəng türkçülüyü, qırmızı rəng müasirlik və tərəqqi ideyalarını, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edirdi. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduz da milli-mənəvi dünyagörüşümüzün mühüm simvollarındandır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsi müasir Azərbaycan Respublikasında davam etdirildi. Bu gün üçrəngli bayraq Azərbaycan Respublikasının əsas dövlət rəmzlərindən biridir. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyini və müstəqilliyini təcəssüm etdirir. Bayraq dövlət qurumlarının binalarında, diplomatik nümayəndəliklərdə, hərbi hissələrdə, beynəlxalq tədbirlərdə və müxtəlif rəsmi mərasimlərdə dalğalanaraq Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya nümayiş etdirir.

Bayraq yalnız parça üzərindəki rənglərdən və simvollardan ibarət deyil. O, xalqın milli kimliyinin görünən ifadəsidir. Azərbaycan bayrağına baxarkən tariximizi, milli mübarizəmizi, müstəqillik uğrunda aparılan mübarizəni və dövlətçilik ənənələrimizi görürük. Bu bayraq Azərbaycan xalqının birlik və həmrəylik rəmzidir. Üçrəngli bayraq həm də Vətən anlayışının simvoludur. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən əsas mənəvi dəyərlərdən biri məhz Azərbaycan bayrağıdır.

2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Azərbaycanın üçrəngli bayrağı illər sonra Qarabağın şəhər və kəndlərində yenidən ucaldıldı. Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanması xalqımız üçün misilsiz qürur mənbəyinə çevrildi. Bu bayraq həmin torpaqların Azərbaycan olduğunu, milli iradənin və tarixi ədalətin qalib gəldiyini bütün dünyaya nümayiş etdirən ən böyük rəmzlərdən biridir. Şuşanın azadlığından sonra şəhərin üzərində dalğalanan üçrəngli bayraq Zəfərin simvoluna çevrildi. Bu mənzərə illərlə torpaq həsrəti ilə yaşayan milyonlarla insan üçün unudulmaz qürur anı oldu.

Bu gün Azərbaycan bayrağı yalnız ölkə ərazisində deyil, dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə də dalğalanır. İdmançılarımızın qələbələrində, diplomatik uğurlarımızda, beynəlxalq tədbirlərdə və milli bayramlarda üçrəngli bayrağımız Azərbaycanın adını və şərəfini təmsil edir. Azərbaycanın artan beynəlxalq nüfuzu üçrəngli bayrağımızın da dünyada daha geniş tanınmasına imkan yaradır. Bayrağımızın hər dalğalanışı xalqımıza yeni qürur yaşadır. Çünki bayraq dalğalanırsa, deməli, dövlət var.

Hər bir azərbaycanlı üçün üçrəngli bayraq müqəddəsdir. O, bizim keçmişimizdən gələn, bu günümüzü ifadə edən və gələcəyimizə yol göstərən milli rəmzimizdir. 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə üçrəngli bayrağımız qarşısında bir daha ehtiramla baş əyir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edirik. Qoy onun üç rəngi Azərbaycanın müstəqilliyini, milli birliyini və əbədi dövlətçiliyini daim dünyaya nümayiş etdirsin!

 

Araz Xudadanov

 YAP Sabunçu rayon təşkilatının sədri