Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

 

 

1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu və bu qərar ölkəmizin taleyində dönüş nöqtəsi oldu. O ağır və keşməkeşli dövrdə Azərbaycanı düşdüyü böhrandan çıxarmaq üçün milli məsuliyyət hissi ilə hərəkət edən ziyalıların təşəbbüsü Ulu Öndər Heydər Əliyevin liderliyi ilə böyük siyasi hərəkatın başlanğıcını qoydu.

“91-lər”in Ulu Öndərə müraciəti təkcə bir qrup ziyalının yox, bütün xalqın səsini ifadə edirdi. Məhz bu qətiyyətli addım nəticəsində dağıdıcı proseslərin qarşısı alındı və Azərbaycanın müstəqil dövlət kimi yaşaması üçün yeni siyasi mərhələ açıldı. Ulu Öndər Heydər Əliyevin həmin müraciətə verdiyi müdrik cavab YAP-ın yaradılmasının obyektiv zərurət olduğunu təsdiqlədi, ölkənin gələcək inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirdi.

21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında partiyanın Proqramı, Nizamnaməsi qəbul edildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bununla da dövlətçilik ideyalarını özündə birləşdirən, Azərbaycan xalqını ümummilli məqsədlər ətrafında birləşdirən siyasi güc formalaşdı. YAP qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildi və Ulu Öndərin rəhbərliyi ilə “dünənin, bu günün və sabahın partiyası” kimi mövqeyini möhkəmləndirdi.

Ötən illər ərzində YAP siyasi sabitliyin, inkişafın, dövlətçilik ənənələrinin və milli həmrəyliyin təminatçısı kimi tarixə mühüm səhifələr yazdı. Demokratik siyasi mədəniyyətin inkişafında, siyasi dialoqun güclənməsində və yeni siyasi konfiqurasiyanın formalaşmasında partiyanın rolu danılmazdır.

Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi xəttinin uğurlu davamçısı kimi fəaliyyətini yeni reallıqlar fonunda daha da təkmilləşdirir. 2021-ci ildə keçirilmiş VII qurultay partiyanın inkişafında mühüm mərhələ oldu, yeni Nizamnamə, yeni idarəetmə strukturu və strateji hədəflər təsdiqləndi. Hörmətli Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsi isə həm yüksək siyasi etimadın, həm də Azərbaycan qadınının cəmiyyətdəki rolunun dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.

YAP-ın qəbul etdiyi yeni Proqram müasir çağırışlara adekvat olaraq hazırlanan konseptual sənəddir. Burada siyasi dəyərlər, partiyadaxili münasibətlər, strateji hədəflər Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat, inklüziv cəmiyyət, milli maraqların müdafiəsi və işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi prioritetlər xüsusi yer alır.

Ölkəmizdə keçirilmiş seçkilərin nəticələri də xalqımızın Yeni Azərbaycan Partiyasına yüksək etimadını aydın şəkildə göstərir. 2024-cü il prezident seçkilərində, eləcə də parlament və bələdiyyə seçkilərində YAP-ın əldə etdiyi qələbələr xalqın gələcəyə inamının, dövlətçilik ideyalarına sədaqətinin təsdiqidir.

Bugünkü inkişafımız, əldə etdiyimiz nailiyyətlər, beynəlxalq arenadakı möhkəm mövqeyimiz və Qarabağın dirçəlişi Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi kursun nə qədər düşünülmüş və milli maraqlara söykənən bir yol olduğunu bir daha sübut edir.

Bu gün də milli dəyərlərin qorunması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu siyasi xəttin davam etdirilməsində Yeni Azərbaycan Partiyasının da xüsusi rolu vardır. Ulu Öndərin rəhbərliyi ilə yaradılmış partiya bu gün də öz fəaliyyətini dövlətçilik, milli maraqlar və ictimai inkişaf prinsipləri əsasında davam etdirir. Partiyanın əsas məqsədlərindən biri ölkədə siyasi sabitliyin, milli həmrəyliyin və cəmiyyətin inkişafının dəstəklənməsidir. Hər bir partiya üzvü bu prinsipləri öz gündəlik fəaliyyətində rəhbər tutmalı, dövlətə və xalqa xidmət etməyi əsas vəzifə hesab etməlidir. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Ulu Öndərin siyasi irsini dərindən öyrənmək və onun müəyyən etdiyi dövlətçilik prinsiplərini gələcək nəsillərə çatdırmaqdır. Bu, yalnız sözlə deyil, görülən işlərlə, məsuliyyətli fəaliyyətlə və Vətənə bağlılıqla özünü göstərməlidir. Hər bir vətəndaş ölkənin inkişafına öz əməyini və töhfəsini verməlidir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur. Bu xətt müstəqilliyimizin qorunması, güclü dövlət quruculuğu, milli birlik və davamlı inkişaf kimi prinsiplərə əsaslanır. Zaman dəyişsə də, dövlətimizin qarşısında duran vəzifələr yenilənsə də, bu prinsiplərin əhəmiyyəti öz aktuallığını saxlayır. Ulu Öndər Heydər Əliyevin siyasi irsi xalqımızın tarixində yaşayır. Onun dövlətçilik ideyaları, gördüyü işlər və müəyyən etdiyi inkişaf istiqamətləri bu gün də öyrənilir və gələcək nəsillər üçün mühüm təcrübə olaraq qalır. Əsas məqsəd müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dövlətimizin gücünü qorumaq və gələcək nəsillərə daha firavan ölkə ötürməkdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər Heydər Əliyev siyasi irsinin müasir Azərbaycanın inkişaf strategiyasında tutduğu mövqeyi aydın şəkildə ifadə edir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik prinsipləri bu gün də ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına istiqamət verir. Əsas siyasi xəttin dəyişməz qalması isə Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, yeni dövrün çağırışlarına uyğun inkişaf etməsinə imkan yaradır. Bu gün əldə olunan nailiyyətlər və qarşıya qoyulan strateji hədəflər göstərir ki, möhkəm dövlətçilik ənənələrinə söykənən siyasi varislik ölkəmizin gələcək uğurlarının mühüm təminatlarından biridir.

 

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədri