Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qalmışdır.Həmin dövrdə ölkəmiz mürəkkəb ictimai-siyasi proseslər, dərin böhran, hakimiyyətsizlik və ciddi təhlükələrlə üz-üzə idi.Dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin olunması və xalqın gələcəyə inamının bərpası ən vacib məsələlərdən idi.Belə bir şəraitdə xalqın tələbi və ziyalıların təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurətdən irəli gəlirdi.Yeni Azərbaycan Partiyasının yaranması yalnız yeni siyasi təşkilatın formalaşması deyil, eyni zamanda, milli həmrəyliyin, güclü dövlətçilik ideyasının və müstəqil Azərbaycanın gələcəyinə inamın ifadəsi idi.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizi parçalanma və süqut təhlükəsindən xilas etdi, ölkədə sabitliyin bərqərar olunmasına, iqtisadi inkişafın əsaslarının yaradılmasına və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına nail oldu. Məhz həmin dövrdə müəyyənləşdirilən dövlətçilik strategiyası müasir Azərbaycanın inkişaf modelinin əsasını təşkil etdi.Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultayında səsləndirdiyi fikirlər Ulu Öndərin siyasi irsinin mahiyyətini və davamlılığını bir daha aydın şəkildə ortaya qoydu.Dövlət başçısı çıxışında vurğuladı ki, illər keçdikcə taktiki, hətta strateji məqsədlər müəyyən dərəcədə dəyişə bilər, lakin dövlət siyasətinin ana xətti dəyişməz qalır.Bu ana xətt müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi prinsiplərinə əsaslanır.Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın inkişaf strategiyasının ideoloji və siyasi əsaslarını ifadə edir. Burada əsas məsələ yalnız əldə edilmiş nailiyyətlərin qorunması deyil, həm də dəyişən beynəlxalq şəraitdə milli maraqların etibarlı şəkildə müdafiə olunması, dövlətin gücünün və imkanlarının daha da artırılmasıdır.Bu baxımdan Heydər Əliyev siyasi kursunun davam etdirilməsi keçmişə bağlılıq deyil, müasir dövrün çağırışlarına uyğun olaraq gələcəyin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilməsi Azərbaycanın qazandığı tarixi uğurlarda mühüm rol oynayıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər, 2023-cü ildə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik strategiyasının ən mühüm nəticələrindəndir. Bu nailiyyətlər Azərbaycanın siyasi iradəsinin, güclü iqtisadiyyatının, qüdrətli ordusunun və xalq-iqtidar birliyinin real təzahürüdür.
Müasir dövrdə YAP-ın qarşısında duran əsas vəzifələrdən biri Ulu Öndərin ideyalarını yeni nəslə çatdırmaq, dövlət siyasətinin mahiyyətini izah etmək və ölkənin inkişafına ictimai dəstəyi daha da gücləndirməkdir.Bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik tarixi yol Azərbaycanın müstəqillik tarixinin mühüm bir hissəsini təşkil edir.Partiyanın yaranmasından ötən müddət ərzində ölkəmiz ağır sınaqlardan keçərək güclü, müstəqil və beynəlxalq nüfuza malik dövlətə çevrilib.