YAP Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

YAP Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid anaları, qazilər və partiya veteranları iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə geniş nitq ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev ilk olaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik, milli qürur və dövlətçilik iradəsini təcəssüm etdirən möhtəşəm bir hadisə olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbçilərimizin şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edilib. Emil Tağıyev torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin qəlbimizdə daim yaşayacağını bildirərək, övladlarını Vətən sevgisi və dövlətə sədaqət ruhunda böyüdən anaların hər zaman ən yüksək ehtirama layiq olduqlarını xüsusi qeyd edib.

Çıxışının davamında partiyanın fəaliyyətinə toxunan rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizin ictimai-siyasi həyatında və inkişafında oynadığı mühüm roldan, eləcə də VIII Qurultaydan irəli gələn vəzifələrdən ətraflı bəhs edib. Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən YAP bu gün Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmaqla yanaşı, dünyanın aparıcı siyasi təşkilatları ilə də sıx əməkdaşlıq edir. Emil Tağıyev ölkəmizdə əldə olunan iqtisadi inkişafın, sosial rifahın yüksəldilməsinin, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işlərinin dövlətimizin qüdrətini nümayiş etdirdiyini, Qurultayın isə suverenliyimizin tam bərpa olunduğu tarixi dövrə təsadüf etməsi ilə xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən partiya veteranı Nazim Ağayev, şəhid anası Bibixanım Mirzəməmmədova, Vətən müharibəsi  qazisi Sənan Əhmədov, partiya veteranları Aydın Əskərbəyli, həmçinin Sürəyya Əmirova və Məhərrəm Abbasov Yeni Azərbaycan Partiyasının fəaliyyətindən, keçdiyi şərəfli tarixi yoldan danışıblar. Çıxışçılar göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, partiyanın sədri, Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin rəsmi hissəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş, YAP Xaçmaz rayon təşkilatının ilk sədri olmuş 80 yaşlı yubilyar Nadirşah Süleymanov fəxri fərman və hədiyyə ilə təltif olunub, həmçinin YAP sıralarına yeni qəbul edilən üzvlərə partiya vəsiqələri təqdim edilib.

Mərasim instrumental ansamblın ifasında təqdim olunan rəngarəng konsert proqramı ilə başa çatıb.