Yeni Azərbaycan Partiyası – dövlətçilik tariximizin şanlı səhifəsi

Yeni Azərbaycan Partiyası – dövlətçilik tariximizin şanlı səhifəsi

 

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini yenicə bərpa etmiş bir dövlət kimi olduqca ağır və mürəkkəb sınaqlarla üz-üzə qalmışdı. Ölkədə hökm sürən siyasi hərc-mərclik, hakimiyyət böhranı, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı, idarəetmədəki ciddi nöqsanlar və vətəndaş müharibəsi təhlükəsi dövlət müstəqilliyimizi ciddi risk altına qoymuşdu. Belə bir şəraitdə xalq Azərbaycanın gələcəyini düşünən, ölkəni böhrandan çıxarmağa qadir olan güclü siyasi liderə ehtiyac duyurdu. Məhz xalqın tələbi, ziyalıların təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək istəyi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Azərbaycanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirak etdiyi təsis konfransında partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Bu hadisə müasir Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.

Yeni Azərbaycan Partiyasının yaranması Ulu Öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, müdrikliyinin və dövlətçilik düşüncəsinin parlaq təzahürü idi. Ümummilli Lider qısa müddətdə partiyanı cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevirdi, onun ideoloji əsaslarını və təşkilati strukturunu formalaşdırdı. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, ictimai-siyasi sabitliyi təmin etdi, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində tarixi addımlar atdı. Yeni Azərbaycan Partiyası da xalqın etimadını doğruldaraq hakim partiyaya çevrildi və ölkənin inkişafında mühüm siyasi dayaqlardan biri oldu. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini yaratdı.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dövlət başçısının rəhbərliyi altında partiyanın təşkilati strukturu daha da təkmilləşdirildi, sıraları genişləndi, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi diqqət yetirildi. YAP müasir dövrün çağırışlarına uyğun yenilənərək ölkənin siyasi həyatında aparıcı mövqeyini daha da möhkəmləndirdi. Azərbaycanın iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi, güclü dövlət və güclü ordu quruculuğu, eləcə də tarixi Zəfərimizin əldə olunması ölkəmizin inkişaf yolunun mühüm nəticələridir. Bu gün Yeni Azərbaycan Partiyası üzvlərinin sayı və ictimai-siyasi nüfuzu ilə Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Bu reallıq partiyanın ötən müddətdə keçdiyi inkişaf yolunun, xalqın ona göstərdiyi etimadın və həyata keçirilən ardıcıl siyasi kursun göstəricisidir.

2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı isə partiyanın tarixində xüsusi əhəmiyyət daşıyan hadisə oldu. Qurultayın ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması idi. Prezident İlham Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”. Dövlət başçısı partiyanın müxalifət təşkilatı kimi yarandığını, lakin artıq 30 ildən çoxdur ki, hakimiyyətdə olduğunu və Azərbaycanın son illərdə keçdiyi uğurlu, şərəfli yolda partiya fəallarının böyük töhfəsinin olduğunu xüsusi qeyd etdi. Prezidentin qurultaydakı fikirləri YAP-ın tarixi missiyasının və siyasi məsuliyyətinin bir daha ifadəsi oldu. Dövlət başçısı həmçinin 2020-ci il Vətən müharibəsində qazanılan Zəfərin və 2023-cü il sentyabrın 20-də suverenliyimizin tam bərpasının Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğuladı.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan yeni hədəflərə doğru inamla irəliləyir. Partiyanın əsas gücü dövlətçilik maraqlarına xidmət etməsində, milli birliyin qorunmasında, cəmiyyətlə daim təmasda olmasında və Azərbaycanın davamlı inkişafına töhfə verməsindədir. 21 Noyabr tarixi yalnız bir siyasi təşkilatın təsis edildiyi gün deyil, həm də xalqın öz gələcəyinə inamını, milli həmrəyliyini və güclü dövlət qurmaq iradəsini nümayiş etdirən əlamətdar tarixdir. Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik şərəfli yol Ulu Öndər Heydər Əliyevin siyasi irsinin yaşadılmasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu irsin müasir dövrün reallıqlarına uyğun davam etdirilməsinin parlaq nümunəsidir.

 

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı