“Zəfər, Bayraq və dövlətçilik” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının “S.Vurğun” ərazi partiya təşkilatında Zəfər günü, Dövlət Bayrağı Günü və Konstitusiya günü ilə əlaqədar “Zəfər, Bayraq və dövlətçilik” adlı tədbir keçirilib.
Tədbirdən əvvəl iştirakçılar İmişli şəhər Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra İmişli şəhər N.Şirinov adına 5 nömrəli məktəb-liseydə davam edən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Milli Məclisin deputatı Səyyad Aran, İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev, məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Ramil Möhbalıyev, eləcə də məktəbin müəllim kollektivi iştirak edib.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, sarsılmaz iradəsinin və dövlətçilik əzminin parlaq təntənəsidir. Üçrəngli Dövlət Bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması təkcə hərbi qələbənin deyil, həm də xalqımızın tarixi ədalətə, milli qürura və əbədi dövlətçilik ideallarına bağlılığının təcəssümüdür. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi mərhələyə yüksəldiyini vurğulayıb.
Milli Məclisin deputatı Səyyad Aran çıxışında qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, regionda yeni geosiyasi reallıqlar yaratmış güclü dövlət kimi inkişaf edir. O, Zəfər tarixinin gələcək nəsillərə düzgün çatdırılmasının, milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin və vətənpərvərlik ruhunun gənc nəslə aşılanmasının vacibliyini diqqətə çatdırıb.
İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev çıxışında Zəfər tariximizin təhsil mühitində təbliğinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, gənc nəslin vətənə bağlı, milli dəyərlərinə sadiq və dövlətçilik ənənələrinə hörmət ruhunda yetişdirilməsi hər bir təhsil müəssisəsinin mühüm vəzifələrindəndir.
Digər çıxış edənlər Zəfər tariximizin gənc nəslin milli kimliyinin formalaşmasında mühüm rol oynadığını bildiriblər. Onlar qeyd edib ki, Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq, xalqımızın həmrəylik və birlik nümunəsi şagirdlər üçün əsl vətənpərvərlik dərsidir. Şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli həyat yolunun gənc nəslə aşılanması hər bir müəllimin mənəvi borcudur.