Hər xalqın tarixində elə şanlı səhifələr var ki, onlar illər, əsrlər keçdikcə daha da ucalır, xalqın milli kimliyinin, qürurunun ayrılmaz hissəsinə çevrilir. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü məhz belə əbədi və müqəddəs bir zirvədir. Otuz illik həsrətə, haqsızlığa və yurd nisgilinə son qoyan, adımızı tarixə qızıl hərflərlə yazan bu şanlı Zəfər sadəcə hərbi qələbə deyil, həm də xalqımızın əyilməz ruhunun, dövlətimizin qüdrətinin və Ali Baş Komandanın ətrafında sıx birləşən milli iradənin təntənəsidir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Həmin o illər ərzində dövlətimizin mütləq prioriteti məhz bu müqəddəs amala xidmət edirdi. Ölkə başçısının 2003-cü ildən etibarən həyata keçirdiyi uzaqgörən siyasət, iqtisadi müstəqilliyimizin təmin olunması, güclü ordunun qurulması və ölkəmizin qlobal mövqeyinin möhkəmləndirilməsi yekunda həlledici addımın atılması üçün əsas zəmin yaratdı.
Prezidentin də vurğuladığı kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Məhz bu məqsədyönlü siyasət nəticəsində yaradılan güclü Silahlı Qüvvələr 44 günlük Vətən müharibəsində tarix yazdı. Hər gün irəliyə gedən, bir an belə dayanmayan Azərbaycan Ordusu xalqımızın illərdir həsrətini çəkdiyi qələbəni qanla, canla əldə etdi.
Bu zəfər yolunda xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylik xüsusi qeyd olunmalıdır. Həlledici məqamda siyasi baxışından,əqidəsindən asılı olmayaraq hər kəs üçün yalnız bir ali dəyər mövcud idi – o da Vətən idi. Bütün daxili fərqliliklər bir kənara qoyuldu, çünki söz torpağa,Vətənin taleyinə gələndə hər bir azərbaycanlı dövlətin yanında tək yumruq kimi dayandı. Dövlət başçısının haqlı olaraq qeyd etdiyi kimi: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rol artır.”
44 günlük zəfər yürüşündən sonra tariximizə yazılan növbəti şanlı səhifə isə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı oldu. Cəmi bir gündən az davam edən bu əməliyyat nəticəsində separatçılığın kökü tamamilə kəsildi, ölkəmizin suverenliyi bütün sərhədlərimiz boyunca bərpa olundu.
Bu gün işğaldan azad edilmiş doğma torpaqlarımızda tamam başqa bir dövr – möhtəşəm quruculuq və Böyük Qayıdış salnaməsi yaşanır. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Azərbaycanın quruculuq missiyası başlanıb və bu torpaqlara əsl həyat qayıdır. Zəfər Yolları çəkilir, müasir şəhərlər, kəndlər salınır, Qarabağda "DOST" və "ASAN xidmət" mərkəzləri vətəndaşların xidmətinə verilir.
Zəfər Günü münasibətilə elan edilən amnistiya aktları ilə bərabər, dövlətimizin həyata keçirdiyi sosial siyasətin mərkəzində şəhid ailələri və qazilərimiz dayanır. Cənab Prezidentin VIII Qurultayda bəyan etdiyi kimi: “ Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik.” Bu ali prinsipi rəhbər tutan dövlətimiz hər zaman qəhrəmanlarımızın övladlarını, ailələrini və qazilərimizi dövlət qayğısı ilə əhatə edir.
Biz sülh istəyirik, lakin bu sülh ədalətli olmalıdır. Azərbaycan öz gücünü, haqlı mövqeyini bütün dünyaya sübut edib. Bu gün qürurla deyə bilərik ki, Zəfər Günü xalqımızın əbədi iftixar mənbəyidir. Prezident İlham Əliyevin dediyi kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.” Yaşasın Müzəffər Ali Baş Komandan, yaşasın şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri