ZƏFƏRƏ APARAN YOL: MİLLİ İRADƏ, BİRLİK VƏ QƏTİYYƏTİN TƏNTƏNƏSİ

ZƏFƏRƏ APARAN YOL: MİLLİ İRADƏ, BİRLİK VƏ QƏTİYYƏTİN TƏNTƏNƏSİ

 

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız hərbi qələbənin deyil, milli iradənin, sarsılmaz birliyin və dövlətçilik qətiyyətinin təntənəsi kimi əbədi yaşayacaq. Bu möhtəşəm Zəfər onilliklər ərzində xalqımızın qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun gerçəkləşməsi, Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının başlanğıcı oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, prinsipial mövqeyi və qətiyyətli rəhbərliyi Zəfərə aparan yolun əsas istiqamətlərini müəyyənləşdirdi. Dövlət başçısı hələ işğal dövründə Azərbaycanın heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağını, tarixi ədalətin bərpa olunacağını bildirirdi. 2003-cü ildən etibarən həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və güclü ordunun formalaşdırılmasına xidmət edirdi.

Prezident İlham Əliyevin ən mühüm strateji vəzifələrindən biri müasir, döyüş qabiliyyətli Azərbaycan Ordusunun yaradılması idi. Güclü iqtisadiyyat, müstəqil xarici siyasət, beynəlxalq münasibətlər sistemində artan nüfuz və hərbi potensial bir-birini tamamlayaraq Azərbaycanın tarixi Qələbəsinə möhkəm zəmin yaratdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın bütün gücünü, iradəsini və həmrəyliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hər gün irəliyə gedərək işğal altında olan torpaqlarımızı azad etdi. Dövlət, xalq və ordu bir yumruq kimi birləşdi. Bu birlik qarşıya qoyulan məqsədə çatmağın ən böyük təminatına çevrildi.

Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığı, xalqımızın sarsılmaz mənəvi dəstəyi dünya miqyasında böyük əks-səda doğurdu. 8 Noyabrda Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən, tariximizə qızıl hərflərlə yazılan hadisə oldu. Azərbaycan xalqı əsrlər boyu fəxr edəcəyi Zəfərə qovuşdu.

Bu Qələbə həm də milli birliyin nə qədər böyük gücə malik olduğunu sübut etdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, milli birlik daimi olmalıdır. Çünki dövlətin qüdrəti yalnız iqtisadi və hərbi göstəricilərlə deyil, xalqın öz dövlətinə inamı, Vətənə bağlılığı və ümummilli maraqlar ətrafında birləşmək bacarığı ilə də ölçülür.

44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı üçün Vətən anlayışı hər şeydən ucadır. Müxalif siyasi mövqelərdən asılı olmayaraq, torpaq, dövlətçilik və milli maraqlar naminə birləşmək xalqımızın gücünü daha da artırdı. Bu həmrəylik Zəfərin mənəvi dayaqlarından birinə çevrildi.

Bu gün 8 Noyabr – Zəfər Günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və məsuliyyət günüdür. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində əldə olunub.

Zəfərimiz əbədidir, çünki o, milli yaddaşımıza, dövlətçilik tariximizə və gələcək nəsillərin qürur mənbəyinə çevrilib. Bu gün ən böyük vəzifəmiz həmin birliyi qorumaq, güclü Azərbaycanı daha da inkişaf etdirmək və tarixi Qələbəmizin məsuliyyətini gələcək nəsillərə layiqincə ötürməkdir.

Zəfər Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

 

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov