Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Türkiyə sülh, Qərb isə müharibə istəyir

Türkiyə sülh, Qərb isə müharibə istəyir

17.04.2024 [10:42]

Rusiya-Ukrayna müharibəsinə son qoyulacaqmı?

Rusiya-Ukrayna müharibəsi iki ildən artıqdır davam edir. 2022-ci il fevralın 24-də başlayan müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər Rusiya tərəfinin döyüşlərdə, ümumilikdə, 450 mindən çox hərbçisinin həlak olduğu barədə məlumatlar yayılıb.

Ankaradan tərəflərə yeni təklif

Ötən ilin yazında əks-hücuma keçən Ukrayna ordusu cəbhədə müəyyən dönüş yarada bilmişdi. Bunun nəticəsində bir sıra ərazilər azad edilib. Xarkov vilayətinin böyük hissəsi, Luqansk, Donetsk vilayətlərində də bəzi yaşayış məntəqələri azad olunub. Ukrayna ordusu daha çox ölkənin cənubunda uğurlu hərbi əməliyyatlar keçirib, Xerson şəhəri azad olunub. Lakin Qərbin hərbi yardımları azaltması və rusların cəbhədə güclü müdafiə sistemi qurması  Kiyevin əks-hücum gözləntilərini doğrultmadı. Ukrayna ordusu qarşıya qoyulan hədəflərə nail olmadı, yalnız kiçik bir ərazini azad edə bildi. Son zamanlar isə Rusiya ordusunun üstünlüyü artıb. Son zamanlar rus qoşunları Ukraynanın bir sıra ərazilərini ələ keçirib. Qeyd edək ki, Rusiya Ukraynanın dörd regionunu referendumla özünə birləşdirdiyini elan edib. Hazırda Rusiya Krım, Xerson, Zaporojye, Luqansk və Donetski öz ərazisi hesab edir.

Belə bir şəraitdə Türkiyə müharibəyə son qoymaq üçün sülh təşəbbüslərini davam etdirir. KİV-lərin məlumatına görə, Ankara Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin mayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. Bu layihənin əsasında mövcud cəbhə xətti boyu müharibənin dondurulması, Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Ukraynanın Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər dayanır. Məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putin plana etiraz bildirməyib. Ukrayna isə bunu konfliktin dondurulması və Moskva üçün sərfəli variant hesab edərək, məqbul saymayıb. Bütün hallarda, Türkiyə bu qanlı müharibəyə son qoymaq üçün optimal variant təklif edib.

Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin dayandırılması, o cümlədən taxıl böhranının həlli yönündə Türkiyənin göstərdiyi səylər bütün dünyada yüksək dəyərləndirilir. Həqiqətən də, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması, eləcə də müharibənin yaratdığı humanitar problemlərin qarşısının alınması üçün böyük fəallıq göstərir. Türkiyənin bu yöndə təşəbbüsləri müharibə aparan ölkələr tərəfindən də təqdir olunur. Rəsmi Ankara bölgədə sabitliyin təmin olunması üçün müntəzəm olaraq həm  Kreml, həm də  Kiyevlə təmasdadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  hər iki ölkənin lideri ilə danışıqlar aparır. Türkiyə böyük dövlətdir və bölgədə baş verən proseslərə təsir imkanları var. Son illər Türkiyə regional güc kimi özünü təsdiq edib. Yaxın Şərq böhranı ilə bağlı rəsmi Ankaranın oynadığı rol beynəlxalq birliyə çox yaxşı məlumdur. Hazırda isə Rusiya-Ukrayna müharibəsinin  bitməsi üçün Türkiyənin böyük fəallığı göz önündədir. Türkiyə müharibədən əziyyət çəkən insanlara humanitar yardım göstərir, eləcə də onun vasitəçiliyi ilə münaqişə zonalarında dinc əhali üçün humanitar dəhlizlər açılıb. Xatırladaq ki, 2022-ci ildə Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşü keçirilmişdi. Eyni zamanda, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüş sülh prosesinə müsbət təkan vermişdi. Rusiyanın Kiyev və Çerniqovda hərbi əməliyyatlarını əhəmiyyətli dərəcədə azaltmaq qərarı həqiqətən də mühüm addım idi və bu, İstanbul görüşünün nəticəsində baş verdi. Eləcə də Türkiyənin təşəbbüsü ilə 2022-ci  il iyulun 13-də İstanbulda Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndələrindən ibarət dördtərəfli görüş keçirilmişdi. Bu görüşün nəticəsi olaraq iyulun 22-də həmin məkanda taxıl ixracına dair saziş imzalandı. Sazişə uyğun olaraq, İstanbulda Rusiya və Ukrayna, BMT və  Türkiyə nümayəndələrindən ibarət Birgə Koordinasiya Mərkəzi yaradılmışdı. “Taxıl və ərzaq mallarının Ukrayna limanlarından təhlükəsiz daşınması təşəbbüsü” razılaşmasına əsasən, müxtəlif ölkələrə onmilyonlarla ton Ukrayna taxılı daşındı. Saziş Türkiyənin fəal diplomatiyası nəticəsində bir neçə dəfə uzadıldı. Lakin Qərb dövlətlərinin öz vədlərini yerinə yetirməməsi  səbəbindən Rusiya ötən ilin iyulundan sonra taxıl sazişinin uzadılmasından imtina etdi.

Avropa Komissiyası ABŞ Konqresinə niyə müraciət edib?

Türkiyənin təşəbbüslərinə müharibənin tərəfi olan hər iki ölkə etimad göstərir. Nəzərə alaq ki, ABŞ və Avropa İttifaqı ölkələri, eləcə də Böyük Britaniya Ukraynaya fəal dəstək verir. Bu da Rusiya tərəfindən qəbulolunmaz hesab edilir. Rusiyanı dəstəkləyən ölkələr isə Ukrayna tərəfindən qəbul olunmur. Amma qardaş Türkiyə iki ölkə arasında müharibənin bitməsi üçün heç bir maraq güdmədən, səmimi olaraq çalışır. Bu proseslərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti də xüsusi vurğulanmalıdır. Məhz bu səbəblərə görə, Ərdoğanın Nobel mükafatına layiq görülməsi təklif olunmuşdu. Çünki Rəcəb Tayyib Ərdoğan Türkiyənin lideri olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır. Hazırda da rəsmi Ankara müharibənin tamamilə dayandırılması üçün sülh təşəbbüslərini davam etdirir.

Türkiyədən fərqli olaraq, Qərb ölkələri münaqişənin davam etməsində maraqlı görünür. ABŞ və Avropa İttifaqı öz maraqları naminə Ukraynanı qurban verir və müharibənin mümkün qədər uzanmasına çalışır. Sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, reallıqda Qərbin Kiyevə hərbi dəstəyi xeyli azalıb. Bu səbəbdən də, hazırda Ukrayna döyüş bölgəsində ciddi çətinliklərlə üz-üzə qalıb, silah-sursata ehtiyac artıb.  Məlumdur ki, ABŞ Konqresində fikir ayrılıqları səbəbindən Ukraynaya hərbi yardım əvvəlki effektivliyində deyil.  Eləcə də Avropa İttifaqı ölkələri arasında Kiyevə hərbi yardımla bağlı fərqli yanaşmalar var. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir. Kiyevin narazılığı fonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ Konqresini Ukraynaya yardım paketini, nəhayət ki, təqdim etməyə çağırıb. Ursula fon der Lyayen ABŞ Konqresinin Ukraynaya hərbi yardımları bir müddətdir yubatdığını xatırladıb: “Ukrayna dünyanın bütün azad ölkələrinin dəstəyinə layiqdir. Mən indi ABŞ Nümayəndələr Palatasına birmənalı olaraq çağırış edirəm ki, Ukraynaya yardım paketini qəbul etsinlər”. Xatırladaq ki, ABŞ-ın Ukraynaya yardımlarını maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunsa da, fikir ayrılıqları səbəbindən yekun qərar qəbul olunmayıb. Görünən odur ki, Türkiyənin sülh təşəbbüsləri fonunda Qərb bu müharibənin davam etməsində maraqlıdır.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 221 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30