Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Müstəqil Ermənistan yaranacaqmı?

Müstəqil Ermənistan yaranacaqmı?

08.05.2026 [09:30]

İrəvan ya yenidən “forpost” olmağı seçəcək, ya da...

Azərbaycanın 2020-ci ildən sonra yaratdığı yeni geosiyasi reallıq Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını tamamilə dəyişib. Uzun illər münaqişə, işğal və qarşıdurma mühitində yaşayan region artıq əməkdaşlıq, kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya imkanları ilə üz-üzədir. Rəsmi Bakı regionda davamlı sabitlik və əməkdaşlıq modelinin formalaşdırılmasını prioritet kimi müəyyənləşdirib. Azərbaycanın təşəbbüsü ilə bölgədə yeni iqtisadi və nəqliyyat layihələrinin perspektivi yaranıb.

Bu, illərlə regional layihələrdən kənarda qalan, təcavüzkar siyasəti səbəbindən özünü regionun əsas kommunikasiya və əməkdaşlıq platformalarından təcrid edən Ermənistan üçün də yeni imkan pəncərəsi açıb. İrəvan siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, həm iqtisadi inkişafını sürətləndirə, həm də uzun illər davam edən asılılıq sindromundan xilas ola bilər. Bu, Ermənistan üçün tarixi fürsətdir. Çünki sovet dövründən sonra bu ölkə heç vaxt real müstəqil siyasət yürütmək imkanına malik olmayıb. Bakının təklif etdiyi sülh gündəliyi Ermənistanın regional əməkdaşlığa qoşulması, nəqliyyat-kommunikasiya layihələrində iştirak etməsi və iqtisadi blokadadan çıxması üçün real şans yaradır. İrəvan ilk dəfə olaraq xarici güclərin diktəsi olmadan öz milli maraqlarına uyğun strateji seçim etmək imkanı əldə edib. Lakin müşahidə olunan proseslər göstərir ki, Ermənistan hakimiyyəti bu tarixi fürsəti düzgün qiymətləndirməkdə çətinlik çəkir.

Ad dəyişir, status dəyişmir...

Hazırda Ermənistanın daxilində və ətrafında baş verən proseslər onu yenidən böyük güclərin geosiyasi qarşıdurma meydanına çevirir. Ukrayna nümunəsində olduğu kimi, Qərblə Rusiya arasında dərinləşən rəqabət Ermənistan üzərindən də aparılır. Bu isə regionda sülh və sabitlik perspektivlərinə ciddi təhlükə yaradır. Əgər İrəvan yenidən xarici güclərin təsiri altında qərar verməyə davam etsə, onda Azərbaycanın təqdim etdiyi inkişaf və əməkdaşlıq imkanlarını itirməklə yanaşı, ölkə daxilində yeni siyasi və təhlükəsizlik böhranları ilə də üzləşə bilər.

Bakının İrəvan üçün müəyyənləşdirdiyi perspektiv kifayət qədər aydın və konkret xarakter daşıyır. Azərbaycan Ermənistana qarşı revanş və ya təcrid siyasəti deyil, əməkdaşlıq və inteqrasiya modeli təklif edir. Əslində, bu model Ermənistanın son onilliklər ərzində itirdiyi ən mühüm dəyəri - müstəqil dövlət olmaq imkanını geri qaytara bilər. Çünki Ermənistan tarix boyu böyük güclərin təsiri altında yaşayıb - uzun illər Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas forpostu kimi çıxış edib. Onun təhlükəsizlik sistemi, iqtisadi infrastrukturu və siyasi qərarlarının mühüm hissəsi Moskvanın nəzarəti altında olub. Ermənistan hakimiyyətləri isə bu asılılığı “təhlükəsizlik zəmanəti” kimi təqdim etməyə çalışıblar. Lakin nəticədə ölkə həm iqtisadi inkişaf baxımından, həm də regionun əsas layihələrindən kənarda qalıb.

İndi isə fərqli mənzərə formalaşır. Rusiya ilə münasibətlərdə yaranan gərginlik fonunda Ermənistan Qərbə yaxınlaşmağa çalışır. Xüsusilə Fransa Ermənistan üçün yeni siyasi himayədar rolunda çıxış edir. Amma burada da ana tezis dəyişmir: Ermənistan yenə də hansısa böyük gücün geosiyasi alətinə çevrilir. Sadəcə əvvəlki forpostun adı Rusiya idisə, indi bu rolu Qərb və Fransa oynamağa çalışır.

Yeganə yol sülh yoludur...

Bu gün Ermənistanın qarşısında duran əsas vəzifə yeni geosiyasi oyunların iştirakçısına çevrilmək deyil, regionda davamlı sülhün təmin olunmasına çalışmaq olmalıdır. Cənubi Qafqaz artıq qarşıdurmalar məkanı deyil - region ölkələrinin inkişafı yalnız sabitlik və əməkdaşlıq şəraitində mümkündür. Azərbaycan da məhz buna çağırır və sülh sazişinin imzalanmasını prioritet hesab edir.

Lakin Ermənistan daxilində və xaricində bəzi dairələr hələ də revanşist ritorikanı gündəmdə saxlamağa çalışırlar. İstər Rusiyadan, istərsə də Qərbdən səslənən bəyanatların mahiyyətində sülh prosesinə zidd mesajlar yer alır. Fransa prezidenti Emmanuel Makronun İrəvan səfəri zamanı alt qatında məhz “forposta çevrilmək” tezisi yatan fikirlər səsləndirməsi, ardından bu ölkənin xarici işlər nazirinin qeyri-hüquqi fikirləri deyilənləri təsdiqləyir.  Bu yanaşmalar isə ilk növbədə Ermənistanın öz maraqlarına zərbə vurur. Çünki ölkənin yenidən qarşıdurma meydanına çevrilməsi onun iqtisadi və siyasi gələcəyini risk altına salır. Ermənistan anlamalıdır ki, Fransa və bəzi Qərb dairələrinin verdiyi dəstək geosiyasi maraqlardan irəli gəlir - onların əsas məqsədi Ermənistanın təhlükəsizliyini təmin etmək və ya regionda dayanıqlı sülh yaratmaq deyil. Əsas hədəf Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək və bölgədə yeni təsir imkanları əldə etməkdir. Ermənistan isə bu geosiyasi rəqabətdə sadəcə vasitəyə çevrilir.

Əks halda... “Real Ermənistan” reallaşmayacaq

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan özü etiraf etmişdi ki, sülh ölkəsini “real Ermənistan” anlayışına yaxınlaşdıracaq. Bu fikir əslində mühüm siyasi etiraf idi. Çünki Paşinyan dolayısı ilə qəbul edirdi ki, illərlə davam edən işğal siyasəti və xarici güclərə bağlılıq Ermənistanın dövlət kimi normal inkişafına mane olub. “Real Ermənistan” anlayışı isə məhz müstəqil, təhlükəsiz və qonşuları ilə normal münasibətlər quran dövlət modelini nəzərdə tuturdu.

Hazırkı proseslər isə göstərir ki, Ermənistan bu konsepsiyadan uzaqlaşmağa başlayıb. Xarici güclərin regionda artan fəallığı İrəvanı yenidən köhnə siyasətə sürükləyir. Ölkə bir daha hansısa geosiyasi blokun forpostuna çevrilmək riski ilə üz-üzədir. Bu isə Ermənistanın özünün elan etdiyi uzunmüddətli maraqları ilə ziddiyyət təşkil edir.

Əslində, Ermənistanın qarşısında seçim kifayət qədər sadədir. Ya region dövlətləri ilə əməkdaşlıq edib iqtisadi inkişaf yolunu seçməli, ya da yenidən böyük güclərin rəqabət alətinə çevrilərək qeyri-müəyyən gələcəklə üzləşməlidir. Təəssüf ki, son dövrlərdə verilən siyasi mesajlar ikinci variantın daha çox önə çıxdığını göstərir.

Ermənistan üçün tarixi nümunə...

Tarix göstərir ki, böyük güclərin qarşıdurma məkanına çevrilən dövlətlər ən ağır nəticələrlə üzləşirlər. Ukrayna nümunəsi bunun ən açıq göstəricilərindən biridir. Ermənistan da oxşar səhvləri təkrarlasa, regionda yeni gərginlik dalğasının mərkəzinə çevrilə bilər. Halbuki sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional layihələrə qoşulmaq Ermənistan üçün həm təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından daha rasional seçim olardı.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 86 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31