Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Çində “Yay Davos”u...

Çində “Yay Davos”u...

25.06.2026 [09:32]

Budəfəki toplantı “Miqyaslı İnnovasiya” mövzusuna həsr olunub

Çin Xalq Respublikasının Dalyan şəhərində Dünya İqtisadi Forumunun “Yeni liderlər” sammiti keçirilib. “Yay Davosu” adlandırılan iclasda 90-dan çox ölkədən 1700-ə yaxın nümayəndə, o cümlədən hökumət rəsmiləri, regional təşkilatların və qlobal şirkətlərin rəhbərləri, vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər. Tədbir “Miqyaslı İnnovasiya” mövzusuna həsr olunub. Qlobal toplantıda innovasiyanın texnoloji uçurumları necə aradan qaldıra biləcəyi, ticarət maneələrini necə aşacağı və real məhsuldarlığa necə çevrilə biləcəyinə dair müzakirələr aparılıb.

5 əsas hədəf...

Qeyd edək ki, illik görüş zamanı dərin mübadilələr müxtəlif ölkələrdən olan müəssisələrə Çin bazarındakı imkanlardan istifadə etməyə və Çinin nailiyyətlərinin qlobal səviyyədə yayılmasının təşviqinə kömək edir. “Yay Davosu”nun gündəliyi həm praktik, həm də gələcəyə yönəlmiş olmaqla 5 əsas mövzuya hədəflənib: ticarətin strukturunun dəyişməsi, Çinin növbəti fəsli, real iqtisadiyyatda texnologiya, gələcək nəsil üçün iş yerləri və rəqabət mənbəyi kimi enerji keçidi. Bu mövzular aydın məqsəd hissini qlobal perspektivlə birləşdirərək, bugünkü qlobal iqtisadi inkişafdakı ən aktual çətinliklərə və prioritetlərə birbaşa toxunur.

Vurğulandığı kimi, müzakirələr qlobal ticarətdəki dəyişikliklərin nəticələri, Çin iqtisadiyyatı üçün perspektivlər, süni intellektin və digər yeni texnologiyaların real sektorda tətbiqi, yeni nəsil iş yerlərinin yaradılması, enerji keçidi və milli iqtisadiyyatların rəqabət qabiliyyəti mövzularına yönəldilib. Proqramın konkret mövzularına qlobal təchizat zəncirlərinin gələcəyi, ABŞ-Çin münasibətləri, dəyişən qlobal nizamda ASEAN və APEC-in rolu və yüksək texnologiyalı sənaye sahələrinin inkişafı daxil olub.

“2026-cı il üçün ən yaxşı 10 inkişaf etməkdə olan texnologiya”

Forumun ilk diqqətəlayiq hadisələrindən biri Dünya İqtisadi Forumu tərəfindən elmi nəşriyyat olan “Frontiers” ilə birgə hazırlanmış “2026-cı il üçün ən yaxşı 10 inkişaf etməkdə olan texnologiya” adlı illik hesabatın dərc olunması oldu. Tədqiqat müəllifləri belə bir nəticəyə gəldilər ki, proqram təminatına əsaslanan süni intellektdə bir neçə illik sürətli inkişafdan sonra texnoloji dəyişikliyin diqqəti tədricən rəqəmsal sahədən müasir iqtisadiyyatın əsasını təşkil edən fiziki sistemlərə - enerji, tibb, qida istehsalı və yeni materiallara keçir. Ən perspektivli inkişafların siyahısına elektrik nəqliyyat vasitələrinin və binaların yalnız elektrik enerjisi istehlak etməməsinə, həm də onu şəbəkəyə qaytarmasına imkan verən “hər şeydən şəbəkəyə” texnologiyaları daxil idi.

Müzakirələrdə tibbi və biotexnoloji inkişaflar da diqqət mərkəzində yer alıb. Bunlara qida maddələri və dərmanlarının istehsalı üçün dəqiq fermentasiya texnologiyaları, fərdiləşdirilmiş mRNT xərçəng peyvəndləri və yeni dərmanların kəşf edilməsi üçün kvant modelləşdirməsindən istifadə daxildir.

Müəlliflər həmçinin süni intellekt sistemlərinin real dünya hadisələrinin inkişafını simulyasiya etməsinə və proqnozlaşdırmasına imkan verən sözdə “dünya modelləri” texnologiyalarını, eləcə də gələcək kvant kompüterlərindən məlumatları qorumaq üçün ən perspektivli metodlardan biri hesab edilən qəfəs əsaslı kriptoqrafiyanı önə sürüblər.

Qlobal qeyri-müəyyənlik fonunda görüş

Xarici mətbuat yazır ki, forum qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənlik fonunda keçirilib. Təşkilatçılar Yaxın Şərqdəki münaqişələrin enerji bazarlarına təsirini, qlobal ticarətin yavaşlamasını, artan inflyasiya risklərini və qlobal istehsal və təchizat zəncirlərinin davam edən yenidən qurulmasını qeyd ediblər. Xatırladaq ki, “Yay Davosu” 2007-ci ildən Çinin Dalyan və Tianjin şəhərləri arasında növbəli prinsiplə keçirilir. İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumundan fərqli olaraq Çində keçirilən görüşlər innovasiya, yeni texnologiyalar, sahibkarlıq və inkişaf etməkdə olan bazarların perspektivlərinə yönəlib.

Adına baxmayaraq, forum Dünya İqtisadi Forumunun əsas platformalarından biri hesab olunur və hər il böyük şirkətlərin rəhbərlərini, siyasətçiləri, iqtisadçıları, akademikləri və beynəlxalq təşkilatların nümayəndələrini cəlb edir. Bir çox iştirakçı üçün bu, Asiyada biznes əhval-ruhiyyəsinin vacib göstəricisi kimi xidmət edir və onlara Çinin inkişaf etməkdə olan qlobal iqtisadi sistemdəki rolunu qiymətləndirməyə imkan verir.

İnkişafın Çin prinsipi...

Beynəlxalq ekspertlər bildirirlər ki, forumda əsas diqqətçəkən məqam 15-ci Beşillik Planın başlaması ilə Çinin növbəti mərhələdə inkişaf trayektoriyası məsələsi idi. Zəif qlobal iqtisadi bərpa, geosiyasi gərginlik və ticarət zəncirlərinin restrukturizasiyası fonunda bu diqqət beynəlxalq ictimaiyyətin Çinin iqtisadi artım modelinin necə dəyişdiyinə olan davamlı marağını əks etdirir. Son iki onillikdə xarici dünya Çin iqtisadiyyatını əsasən onun artım tempi ilə qiymətləndirib. Buna əsas nümunə yeni enerji nəqliyyat vasitələri (NEV) sektorudur. Hazırda Çin dünyanın ən böyük elektrik nəqliyyat vasitələri istehsalçısı və istehlakçısına çevrilib. Yeni sənaye prinsipi özündə böyük bir daxili bazar tərəfindən sınaqdan keçirilmiş batareya istehsalından tutmuş, hazır nəqliyyat vasitələrinə, muxtar idarəetmə sistemlərinə və şarj infrastrukturuna qədər geniş ticarət zənciri formalaşdırıb. Çinin NEV sektorunun rəqabət qabiliyyəti təcrid olunmuş texnoloji irəliləyişlərlə deyil, texnologiyaların kütləvi tətbiqi yolu ilə xərclərin azaldılmasını təmin edən davamlı inkişaf və miqyas iqtisadiyyatı ilə müəyyən edilir.

Paralel olaraq süni intellekt sektoru da bu mənada diqqəti cəlb edir. Bu sektor fərqli bir mərhələdədir. Yeni enerji nəqliyyat vasitələri sektorundan fərqli olaraq, burada sürətli texnoloji irəliləyişlər üstünlük təşkil edir. Bu dəyişikliklər isə təkcə ayrı-ayrı sənaye sahələri səviyyəsində deyil, həm də məkan baxımından, şəhərlər və bölgələr səviyyəsində getdikcə daha aydın görünür. “Yay Davosu”na ev sahibliyi edən Dalyan buna bariz nümunədir. Bildirilir ki, Çinin şimal-şərqindəki ən böyük liman və sənaye mərkəzlərindən biri olan Dalyan həm neft-kimya, maşınqayırma və digər ənənəvi sənaye sahələrini, həm də rəqəmsal iqtisadiyyatı, yüksək texnologiyalı istehsalı və dəniz texnologiyalarını inkişaf etdirməklə yeni artım mənbələri yaratmağa çalışır. Əsas diqqət isə yeni texnologiyaların mövcud sənaye bazasına inteqrasiyasıdır. Vurğulanır ki, istər sənaye səviyyəsində, istərsə də şəhərsalma strategiyalarında innovasiyanın miqyaslandırılması xarici dünyaya yüksək dərəcədə açıqlıq olmadan mümkün deyil. Məhz buna görə də bu mövzu “Yay Davosu”nun gündəliyində mərkəzi yerlərdən birini tutub.

SADİQ

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30