Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Donald Tramp məmnun görünür

Donald Tramp məmnun görünür

04.07.2026 [09:32]

ABŞ Prezidenti hesab edir ki, Vaşinqton bütün məqsədlərinə çatıb

ABŞ-la İran arasında Anlaşma Memorandumu imzalandıqdan sonra danışıqlar prosesində durğunluq yaranıb. Lakin  “Əl Ərəbiyə” telekanalının mənbələrinin bildirdiyinə görə, Dohada ABŞ ilə İran arasında dolayı texniki danışıqlar davam edir. Qətər və Pakistan bu danışıqlarda vasitəçi qismində çıxış edir. İran nümayəndə heyəti Pakistan vasitəçilyi,  ABŞ nümayəndə heyəti isə Qətər vasitəçisi ilə danışıqlara başlayıb.

Dolayı danışıqlar nə vəd edir?

“Reuters” əvvəllər müzakirələrdən birbaşa xəbərdar olan mənbəyə istinadla ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin çərşənbə axşamı keçirilən texniki sessiyalar üçün zəmin yaratmaq məqsədilə Qətərin Baş naziri ilə görüşdüklərini, lakin danışıqlarda özlərinin iştirak etmədiklərini bildirib. Ayrıca olaraq, İranın yüksəkvəzifəli rəsmisi iyulin 1-də “Reuters”ə bildirib ki, Tehran və Vaşinqton arasında dolayı danışıqlar Dohada davam edir. O, müzakirələrin Tehranın vəsaitlərinin ayrılması və Hörmüz boğazı ilə bağlı olduğunu əlavə edib. “İran Qətər və Pakistan rəsmiləri ilə görüşlər keçirib və onlar, öz növbəsində, ABŞ tərəfi ilə görüşüblər. Dolayı danışıqlar çərşənbə günü davam edib və İranın dondurulmuş aktivləri, Hörmüz boğazı məsələlərinə diqqət yetirilib”, - deyə İran rəsmisi bildirib.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari də bəyan edib ki, Dohada ABŞ və İran nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən dolayı danışıqlarda müəyyən irəliləyiş əldə olunub. Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. O bildirib ki, tərəflər müzakirə olunan məsələlər üzrə müsbət irəliləyiş əldə ediblər. XİN-in sözçüsü qeyd edib ki, tərəflər danışıqların yaxın vaxtlarda davam etdirilməsi barədə razılığa gəliblər. Növbəti görüşün tarixi əlavə məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək.

Vaşinqton isə hesab edir ki, artıq həll olunmuş məsələlər qarşıdakı gündəliklə üst-üstə düşməməlidir. ABŞ və İranın İslamabad Anlaşma Memorandumunun həyata keçirilməsini irəli aparmaq üçün iyulun üçüncü həftəsində Dohada növbəti birbaşa danışıqlar raundunun keçirilməsi gözlənilir. Bu barədə Pakistan hökumətindəki mənbələr Anadolu agentliyinə bildiriblər. Mənbələr deyiblər ki, danışıqların Livan və Hörmüz boğazındakı dəyişən vəziyyətə yönəlməsi gözlənilir. Vasitəçilik prosesinə yaxın mənbənin sözlərinə göə, Pakistan və Qətər vasitəçiləri bütün gözlənilən məsələləri həll etmək üçün birbaşa danışıqları bərpa etmək məqsədilə hər iki tərəflə daim əlaqə saxlayırlar. O əlavə edib ki, Vaşinqton danışıqlara hazırdır, Tehran da müsbət cavab verib.

Seyid Əli Xameneinin dəfn mərasimindən sonra...

Mənbə bildirib ki, İran Seyid Əli Xameneinin dəfn mərasimindən sonra danışıqları bərpa etmək barədə işarə edib. Pakistan Xarici İşlər Nazirliyi də  verdiyi açıqlamada bəyan edib ki, tərəflər növbəti görüşün Xameneinin dəfn mərasimindən sonra ən qısa zamanda təyin olunması, qarşıdakı dövrdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Prezident Donald Tramp isə hazırkı vəziyyətdən məmnun görünür. O, CNBC telekanalına müsahibəsində bildirib ki, ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatıb. Trampın sözlərinə görə, İran danışıqlar zamanı Amerikaya lazım olan hər şeyə razılıq verib. Ağ Ev rəhbəri İrana qarşı illərlə hərbi kampaniya aparmaq istəyinin olmadığını əlavə edib: “Biz 19 ildir Vyetnamda, təxminən 10 ildir Əfqanıstandayıq. Koreyada əbədi müharibə apardıq. Birinci və İkinci Dünya müharibələrindən ümumiyyətlə bəhs etmək istəmirəm. Biz bu müharibələrin hər birində uzun illər yer aldıq. Mən cəmi dörd aydır buradayam. Bəs mən nəyə nail oldum? Mən onları hərbi cəhətdən məğlub etdim”.

Onun fikrincə, bu, təkcə İranla müharibə deyil, həm də İranın nüvə silahından imtinasıdır: “Onların nüvə silahına sahib olmasına icazə vermək olmaz”. Tramp ABŞ-ın Hörmüz boğazına qarşı blokadasının heç bir halda pozulmadığını əlavə edib. Onun sözlərinə görə, blokada zamanı bir gəmi belə, İrana keçməyib.

Tehran: Hörmüz boğazı İranın nəzarətindədir

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi isə bəyan edib ki, Hörmüz boğazı ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) aid deyil və İranın nəzarətindədir. “Bəhreyn Müdafiə Qüvvələri Fars körfəzi üçün hüquqi nizam və təhlükəsizlik yarada bilməz”, - deyə o bildirib və əlavə edib ki, regionun təhlükəsizliyi müdaxilənin başa çatması, ABŞ ordusunun regiondan çıxarılması, ölkələrin suverenliyinə hörmət və yeni geosiyasi reallıqların qəbul edilməsi ilə təmin edilir. Onun sözlərinə görə, Amerikanın hərbi çətiri altında regionda sabitlik yarana bilməz. K.Qəribabadi bununla CENTCOM-un Bəhreyndə keçirilən görüşün yekunlarına dair bəyanatına cavab verib.

Xatırladaq ki, CENTCOM iyulun 1-də Bəhreynin ev sahibliyi etdiyi regional təhlükəsizlik dialoquna rəhbərlik edib. “CENTCOM komandanı Bred Kuper, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Birləşmiş Ərəb Əmirlikləri və Yəməndən olan yüksəkrütbəli hərbi rəsmilər mövcud regional təhlükəsizlik mühiti, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər”, - CENTCOM-un bəyanatında bildirilib. Qeyd olunub ki, Hörmüz boğazı vasitəsilə ticarətin sərbəst axınına sadiqlik vurğulanıb: “Biz regional tərəfdaşlarımızla çiyin-çiyinə dayanmağa davam edirik. ABŞ və regional tərəfdaşları Yaxın Şərqdə dünyanın ən qabaqcıl raketdən müdafiə çətirini idarə edirlər. Yanvar ayında CENTCOM və region ölkələri məlumatların, təhdid xəbərdarlıqlarının paylaşılması, həmçinin gözlənilməz hallara reaksiya verilməsi məqsədilə yeni Yaxın Şərq Hava Hücumundan Müdafiə koordinasiya bölməsini yaradıb. Bu təhlükəsizlik dialoqu Suriya və Livandan olan hərbçilərin ilk dəfə olaraq ABŞ-ın rəhbərlik etdiyi regional müdafiə konfransında iştirak etməsi ilə əlamətdar olub”.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31