Azərbaycan radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin verməyəcək
27.11.2015 [10:03]
Nardaran kəndində sabitliyin pozulmasına yönəlik təxribatçı hərəkətlərə yol verənlər dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir
Sosial şəbəkələrdə dövlətə qarşı yönələn bu cür kriminal çağırışlar Nardarandakı ekstremistlərin iç üzünü ortaya qoyur
Din mənəvi dəyərlər və inanclar sistemi olsa da, müasir dövrdə ən çox spekulyasiyaya və manipulyasiyaya məruz qalan məfhum kimi çıxış etməkdədir. Bu spekulyasiyalar əsasən siyasi müstəvidə qeydə alınır, çünki fərqli siyasi qüvvələr bir çox hallarda dindən dağıdıcı maraqların təmin olunması üçün vasitə kimi istifadə edirlər. Xüsusilə də müəyyən dövlətlərin və kəşfiyyat orqanlarının dəstəyi ilə bəlli dini-ideoloji cərəyanların nümayəndələri fərqli ölkələrdə fəaliyyət göstərirlər. Əlbəttə ki, bu kontekstdə müəyyən təbliğat işləri aparılır, xüsusilə də sosiumun ən dinamik təbəqələri hədəf kütləsi kimi seçilirlər.
Dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir
Hazırkı dönəmdə bir sıra müsəlman ölkələrində cərəyan edən proseslər din və dini amil məsələsini xüsusilə aktuallaşdırıb. Müəyyən qərəzli dairələrin ssenariləri və planları əsasında müxtəlif dövlətlərə, cəmiyyətlərə qarşı neqativ imicin formalaşdırılmasına yönəlik hərəkətlər ayrıca vurğulanmalıdır. Şübhəsiz, bu kontekstdə ayrı-ayrı milli-etnik qrupları və məzhəbləri təxribata sövq etmək, mövcud hakimiyyətlərlə vətəndaşlar arasında qarşıdurma yaratmaq istinad olunan əsas üsullardır. Bununla yanaşı, muzdlu terrorçulardan - radikal-ekstremistlərdən həmin ölkələrin “narazı vətəndaşlar”ı adı ilə istifadə edilərək tamamilə xaos mühiti formalaşdırılır. Ən əsası isə, bu planlar əsasında sivil insanların qətli, ölkələrin xaosa və anarxiyaya sürüklənməsi ilə nəticələnməsi faktı növbəti dəfə sübuta yetirir ki, müəyyən mərkəzlər din amilindən özlərinin maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etməkdədirlər. Milli-etnik strukturların dağıdılması, milli, dini zəmində konfrantasiyaların yaradılması həmin dairələrin ambisioz iddialarına söykənən xaos fəlsəfəsinə xidmət edir. Buradan çıxış edərək, eyni zamanda, müxtəlif dövlətlərə yönəlmiş antitəbliğata xidmət edən imic formalaşdırmağa çalışılır. Müxtəlif vasitələrdən, həmçinin mediadan istifadə edilərək müəyyən ölkələrə qarşı “qara piar” kampaniyası aparılır. Bu zaman əsas götürülən məqam vətəndaşla hakimiyyət arasında ziddiyyət yaratmaq, o cümlədən narazı qruplar formalaşdırmaqdır.
Şübhəsiz, dinin siyasiləşdirilməsi, yaxud dindən siyasi vasitə kimi istifadə olunması kifayət qədər təhlükəli nəticələr vəd edir. Birincisi, dini təriqət və qruplaşmaların siyasi proseslərə qoşulması həm cəmiyyət daxilində, həm də bu zəmində xaotik proseslərin yaranmasını şərtləndirir. İkincisi, bu zaman milli maraqlar yox, dini-ideoloji cərəyanların tələbləri əsas götürülür.
Bu gün müsəlman Şərqində din pərdəsi arxasında cərəyan edən proseslər həmin coğrafiyada milli dövlətçiliyin sıradan çıxarılması, xaos platformasının formalaşdırılması kimi neqativ nəticələrlə xarakterizə olunmaqdadır. Həmin coğrafi məkanda beynəlxalq terror şəbəkəsinin elementləri olan radikal-ekstremist dəstələrin (“Cəbhət əl-Nüsra”, “Boko Haram”, “əl-Qaidə”, İŞİD, “Ləşkəri Taiba”, “Taliban” və digər bu kimi təşkilatlar) xidmətlərindən, ilk növbədə, milli dövlətlərin “anarxiya aparatı”na çevrilməsi məqsədilə istifadə edilir. Həmin dövlətlər öz müstəqillikləri və funksionallıqlarını itirməklə de-fakto xaotik proseslər “istehsal edirlər” və burada dini ayrı-seçkilik və separatizm, məzhəblərarası savaş kimi amillər ön plana çıxır.
Görünən odur ki, həmin strateji planlar digər coğrafi məkanlarda da bir sıra ölkələr üçün nəzərdə tutulub və bu, bəzi dövlətlərdə cəmiyyət daxilində rüşeym halındadır.
Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir
Sirr deyil ki, bu gün Azərbaycan dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında yer almaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir vətəndaşının dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa, eləcə də milli maraqlara zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər sırasında yer almaqdadır.
Ümumiyyətlə, Azərbaycanda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Konstitusiyanın VII maddəsinin I bəndində göstərilir ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Təsadüfi deyil ki, Azərbaycan hazırda beynəlxalq arenada həm dini azadlığın yüksək səviyyədə təmin edildiyi, həm də tolerant ölkə kimi tanınır.
Nardaran kəndində bir qrup ekstremistin asayişin pozulmasına yönəlik təxribatçı hərəkətləri nəyin göstəricisidir?
Təəssüflər olsun ki, bütün bu pozitiv məqamlara baxmayaraq, Azərbaycan radikal-ekstremist qüvvələrin diqqətindən kənarda deyil. Eyni zamanda, din amilindən siyasi-ideoloji vasitə kimi istifadə edən bir sıra ölkələrin də müəyyən maraq və müdaxilələri aydın sezilir. Məhz bu çərçivədə müəyyən hərəkətlənmələrə, qanunazidd və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə uyğun olmayan təxribatçı hərəkətlərə də rast gəlinir. Bu baxımdan əminliklə söyləmək olar ki, Nardaran kəndində sabitliyin pozulmasına yönəlik təxribatçı hərəkətlərə yol verənlər dindarlar deyil, dini-ekstremist qruplaşmaların Azərbaycandakı nümayəndələridir. Artıq xəbər verildiyi kimi, Nardaranda radikal ekstremistlər hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərib, polis əməkdaşlarını qətlə yetiriblər. Hadisə zamanı onların təşkilatlandığı və ciddi şəkildə silahlandığı öz təsdiqini tapıb. Onların arsenalında odlu silahlar, əl qumbaraları, çoxlu sayda “Molotov kokteyli” olub. Azərbaycan ictimaiyyətinin birmənalı mövqeyi budur ki, hüquq-mühafizə orqanları Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu qəddar canilərə və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görməli, ölkə vətəndaşlarını azğınlaşmış ekstremistlərin təhdidindən qorumaq üçün zəruri tədbirləri davam etdirməlidirlər.
Onları himayə edənlərin başlıca məqsədi, heç şübhəsiz, terror şəbəkəsinin Suriya ssenarisini Azərbaycanda həyata keçirməkdir. Əslində, Nardaran olayları dinin necə siyasi-ideoloji təsir vasitəsinə çevrildiyinə, din pərdəsi arxasında gedən proseslərin kimlər tərəfindən, necə idarə edildiyinə və digər məsələlərə dair bir sıra məqamları yenidən aktuallaşdırdı.
Nardaran hadisəsi din pərdəsi arxasında fəaliyyət göstərən radikal-ekstremistlərin əsl simasını nümayiş etdirdi
Əlbəttə, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri, bu kontekstdə radikal-ekstremist qüvvələrin xidmətlərindən yararlanmaq təcrübəsi indiki mərhələdə xüsusi aktuallıq kəsb edir. Buna bütün səmavi dinlərdə, demək olar ki, rast gəlinib və bu tendensiya hazırda müsəlman ölkələrində daha çox diqqət çəkir. Qeyd etdiyimiz kimi, Azərbaycanda da bu hərəkətlərə yol verənlər var və dövlət onlara qarşı prinsipial mübarizə aparır.
Bütövlükdə, Bakının Nardaran kəndində baş verən hadisə din pərdəsi arxasında fəaliyyət göstərən, əslində isə, xarici dairələrin göstərişləri ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa açıq nümayiş etdirdi. Xüsusi nüans budur ki, Tale Bağırzadə və onun ətrafında birləşmiş ekstremistlər xalqı itaətsizliyə çağırıb, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsilə hakimiyyət orqanlarını, vəzifəli şəxsləri hədələyib, onlara qarşı ölüm çağırışları edib və gec-tez öz niyyətlərini reallaşdıracaqlarını bildiriblər. Beləliklə, bu ekstremist dəstə Nardaran əhalisini qorxu içində saxlayıb, sadə insanları yoldan çıxarıb, onların mövqeyini bölüşməyən insanları məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Onların başlıca məqsədi, qeyd etdiyimiz kimi, bəzi Şərq ölkələrində baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirməkdir.
Əlbəttə, Azərbaycanda dini təhlükəsizlik təmin olunub və dövlət radikal-ekstremist qrupların xaos yaratmaq cəhdlərinə izin verməyəcək! Azərbaycan güclü dövlətdir və heç bir qüvvənin ölkədəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq. Buna cəhd edənlər isə layiqli cəzalarını alacaqlar.
Bütövlükdə, Azərbaycan öz inkişaf yolunda irəliləyir və ictimai maraqların, milli təhlükəsizliyin təmin olunması əsas məqsəd kimi müəyyənləşdirilmişdir. Bəzi radikal-ekstremist dairələrin bu cür neqativ cəhdləri heç bir nəticə verməyəcək. Həmçinin belə təxribatlar nə Azərbaycanın qüdrətinə, nə də ki ölkəmizdəki ictimai-siyasi sabitliyə təsir göstərə bilər.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

