Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistanın növbəti təxribatına “Qətiyyətli cavab”

Ermənistanın növbəti təxribatına “Qətiyyətli cavab”

14.09.2022 [10:15]

Sərhəddə nə baş verib?

N.BAYRAMLI

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Müdafiə Nazirliyi bəyanat verdi

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Bütün bu faktlar bir daha ona dəlalət edirdi ki, Ermənistan genişmiqyaslı hərbi təxribata hazırlaşır. “Bir daha bəyan edirik ki, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,-deyə Müdafiə Nazirliyi bildirib.

Müdafiə Nazirliyində brifinq

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları ilə əlaqədar sentyabrın 13-də Müdafiə Nazirliyində brifinq keçirilib. Brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov media nümayəndələrinə vəziyyət barədə məlumat verib. A.Eyvazov bildirib ki, Ermənistan bu kimi əməlləri ilə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür: “Ermənistan kütləvi informasiya vasitələrində və sosial media seqmentində Azərbaycanın Ermənistanın ərazisinə müdaxilə etməsi barədə yayılan xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil. Regionda təcavüzkar və işğalçı dövlət Ermənistan Respublikasıdır. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ iqtisadi zonasında mövcudluğu hələ də davam edir. Azərbaycan Ordusu Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks tədbirlər həyata keçirir və atəş nöqtələri neytrallaşdırılır”.

Dövlət Sərhəd Xidmətinin məlumatında da bildirilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə yanaşı dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib. DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər. “Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib”, - məlumatda qeyd edilib.

Erməni saytlarının məlumatını Ermənistanın Səhiyyə Nazirliyi təkzib etdi

Erməni KİV-ləri tərəfindən mülki əhalinin zərər görməsi və təcili tibbi yardım maşınının guya Azərbaycan ordusu tərəfindən atəşə tutulması xəbərini Ermənistanın Səhiyyə Nazirliyi də təkzib edib. Nazirliyin məlumatında bildirilib ki, hərbi toqquşma nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və təcili tibbi yardım maşınları zərər görməyib.

Müdafiə Nazirliyindən  KİV və sosial şəbəkə istifadəçilərinə müraciət

Müdafiə Nazirliyi yaranmış vəziyyətlə  KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir: “Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın! Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcək”.

Azərbaycan XİN: Ermənistan sülh prosesində maraqlı olmadığını nümayiş etdirir

Azərbaycanın Xarici İşlər Nazirliyi də  Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki,  Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi. “Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb.

Paşinyan yenə də dünya liderlərinə yalvardı

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ənənəsinə sadiq qalaraq bir sıra ölkələrin rəhbərlərinə və nümayəndələrinə zəng edib. Belə ki, o, ilk olaraq Rusiya Prezidenti Vladimir Putinə, Fransa Prezidenti Emanuel Makrona, İran Prezidenti İbrahim Rəisiyə ABŞ dövlət katibi Entoni Blinkenə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə zəng edərək telefonla danışıb. Paşinyan həm də “dəstək” üçün KTMT-ya müraciət edib. Ermənistanın müdafiə və xarici işlər nazirləri də rusiyalı həmkarları ilə telefon söhbəti ediblər. Erməni tərəfi telefon danışıqlarında real vəziyyəti təhrif edərək yaranmış vəziyyətə görə Azərbaycanı günahlandırmağa çalışıb. 

Ceyhun Bayramov Karen Donfridlə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Karen Donfrid isə  bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Türkiyə hər zaman Azərbaycanın yanındadır

Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də telefon danışığı olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb. “Hər zaman dediyimiz kimi, can Azərbaycanın yanındayıq və bir daha deyirik, “Can Azərbaycan heç zaman tək deyil”, -deyə baş verənlərə münasibət bildirərkən M.Çavuşoğlu söyləyib.

Sentyabrın 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında da telefon danışığı olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Ermənistan tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib. H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi qeyd edib.

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yayıb. Ombudsman beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırıb.

Rusiya problemləri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırıb

Rusiyanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq “Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar son dərəcə narahat olduğunu” bildirib. Bəyanatda deyilir: “Tərəfləri vəziyyəti daha da kəskinləşdirməkdən çəkinməyə, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına müvafiq olaraq atəşkəs rejiminə dönmədən riayət etməyə çağırırıq”. Bəyanatda vurğulanır ki, Rusiya XİN Bakı və Yerevan ilə sıx əlaqə saxlayır. Rusiyanın xarici siyasət idarəsi münaqişə tərəflərini “mübahisəli problemləri yalnız siyasi-diplomatik yolla, sərhəd məsələlərinə aid hissədə isə, Rusiyanın məşvərətçi kimi köməyi ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində” həll etməyə çağırır.

Beynəlxalq təşkilatlar da erməni təxribatına münasibət bildirib

Ermənistanın hərbi təxribatı nəticəsində yaranmış gərginliyə müxtəlif beynəlxalq təşkilatlardan da reaksiyalar verilib. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İttifaqının digər rəsmi şəxsləri Cozep Borrel və Tovio Klaar, eləcə də NATO-nun, ATƏT-in, Avropa Şurasının nümayəndələri yaranmış gərginlikdən narahat olduqlarını, bütün problemin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Paylaş:
Baxılıb: 286 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31