Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Finlandiya NATO-da...

Finlandiya NATO-da...

06.04.2023 [10:42]

İsveç isə hələ də gözləyir

Ankara irəli sürdüyü tələblərdə qətidir: terrorçuları təslim etməyənə qədər...

Finlandiyanın XİN rəhbəri Pekka Haavisto ölkəsinin NATO-ya daxil olması ilə bağlı sənədi imzalayıb. Beləliklə, Finlandiya rəsmi şəkildə

NATO-ya üzv olub. Finlandiya Prezidenti Sauli Niinistö tvitterdə bildirib ki, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. “Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən etməyə davam edəcək”, - deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, Finlandiyanın alyansa qoşulması ölkə tarixində hərbi birləşmələrə qoşulmama dövrünü başa vurub. Bununla belə, S.Niinistö vurğulayıb ki, İsveç olmadan ölkənin bloka üzvlüyü tam deyil.

İsveç əməl etmədi...

Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət etmişdi, lakin Türkiyə onlardan PKK-nı terrorçu elan etmələrini və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunanların ekstradisiyasını tələb edərək giriş prosesini əngəlləmişdi. Ötən ilin iyunun 28-d NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli Memorandum imzalanmışdı. Rəsmi Ankara iki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına daxil olması üçün irəli sürdüyü tələblərin yerinə yetirilməsinə nail olmuşdu - imzalanan Memaranduma əsasən rəsmi Ankaranın tələblərinə qarşı Skandinaviya ölkələri PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyinə razılaşmışdı. Bununla yanaşı, müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qoyulmaması, əməkdaşlığın artırılması, terrorla mübarizə və müdafiə sənayesi üzrə İsveç və Finlandiyanın milli qanunvericiliyinə və təcrübələrinə düzəlişlər etmək öhdəliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində kəşfiyyat məlumatlarının mübadiləsi üzrə strukturlaşdırılmış əməkdaşlıq mexanizminin yaradılması və terrorçu cinayətkarların ekstradisiyasına dair konkret addımların atılması və ikitərəfli müqavilə tənzimləmələrinin aparılması ilə bağlı razılaşma sənəddə öz əksini tapmışdı. İsveç və Finlandiya PKK, onun qolları və cəbhə təşkilatlarının pul toplama və işə götürmə fəaliyyətlərinin qadağan edilməsi, onların araşdırılması, Türkiyəyə qarşı terror təbliğatının qarşısının alınması, hər iki ölkənin Aİ təhlükəsizlik mexanizmlərində, o cümlədən PESKO (Aİ Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Prosesi) ən geniş iştirakının dəstəklənməsi ilə bağlı da öhdəlik götürmüşdü.

Amma ötən müddət ərzində İsveç bu öhdəlikləri yerinə yetirmədi. Türkiyənin rəsmi Stokholmdan tələb etdiyi terrorçuların təslim edilməməsi isə İsveçin NATO yolunu bağladı. Bu ilin martın 31-də isə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib. Deputatların səsverməsinə çıxarılan təklif qəbul olunub.  Bununla da Finlandiyanın NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb. Vurğulayaq ki, Finlandiya Türkiyədən əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı. Türkiyənin də razılığı ilə onun üzvlük prosesi tamamlandı.

Stoltenberq İsveçə də ümid edir

İsveç məsələsi isə hələ də açıq qalır. Türkiyənin Finlandiyaya “yaşıl işıq” yandırmasını yüksək dəyərləndirən NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın alyansa daxil olmaq ərizəsini təsdiqləyən Türkiyə parlamentinin qərarını alqışladığını bildirib. Bu barədə o, tvitter hesabında yazıb. “Mən Finlandiyanın üzvlük sazişini ratifikasiya etdiyi üçün Türkiyə parlamentini alqışlayıram. Bu, bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək”, - deyə o əlavə edib.

Bununla belə, Yens Stoltenberq alyansın Vilnüsdə iyul ayında keçiriləcək sammitinə qədər İsveçin də hərbi bloka qoşulmasını istəyir. Yens Stoltenberq bu barədə “Politico” nəşrinə müsahibəsində deyib. “Məqsədim əvvəlki kimi Türkiyədə seçkilərdən sonra, lakin Vilnüsdəki sammitədək İsveçin üzvlüyünü ratifikasiya etməkdir”, - deyə o bildirib.

Baş katib Türkiyədəki seçkilərin, İsveçdə Quranın yandırılması fonunda münasibətlərin gərginləşməsinin alyansın taleyinə necə təsir edəcəyinə toxunmayıb. O, həmçinin vurğulayıb ki, Finlandiya və İsveçin üzvlüyündən sonra Avropa İttifaqı əhalisinin 96 faizi NATO ölkələrində yaşayacaq.

İsveç tələbləri yerinə yetirməsə...

Rəsmi Ankaranın mövqeyi isə dəyişməzdir. Hazırda İsveçin NATO-ya daxil olması barədə protokolu alyansın 30 ölkəsindən yalnız Türkiyə ratifikasiya etməyib. Ankara bunun müqabilində Stokholmdan Türkiyəyə qarşı terror fəaliyyətində təqsirləndirilən şəxslərin, həmçinin 2016-cı ildə hərbi çevriliş cəhdində iştirak edən şəxslərin ekstradisiyasını tələb edir. Rəsmi Ankaranın fikrincə, İsveç Şimali Atlantika Alyansına üzvlük üçün Türkiyə ilə imzaladığı memorandum çərçivəsində inandırıcı addım atmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, İsveç tələblərimizi yerinə yetirməsə, NATO-ya üzvlüyünü ratifikasiya etməyəcəyik. O bildirib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.

ABŞ-ın “Politico” nəşri də Türkiyə-NATO əlaqələri barədə diqqətçəkən təhlil dərc edib. İsveçin NATO-ya üzv olmasının qarşısında Türkiyənin durduğunu yazan “Politico” alyansın Türkiyəyə, belə desək, məcbur olduğunu vurğulayıb. ABŞ nəşri Türkiyənin hərbi gücünə diqqət çəkib: “Anlaşmazlıqlara baxmayaraq, Ankara və Qərb qarşılıqlı maraq doğuran bir “evliliyə” bağlıdır”.

Təhlildə qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ittifaqın ikinci ən güclü ordusudur, bu qüvvələr alyansın missiya və əməliyyatlarına fəal şəkildə töhfə verir.

Türkiyənin geosiyasi mövqeyini vurğulayan qəzet qeyd edib ki, Qara dənizə kimlərin keçəcəyinə Türkiyə nəzarət edir: “Türkiyənin Rusiya ilə əlaqələri, hətta onu Ukrayna ilə sülh danışıqlarında faydalı həmsöhbətə çevirə bilər”.

“NATO-nun Türkiyəyə ehtiyacı var” deyən “Politico” alyansın Ankaranı öz tərəfində saxlamaq üçün “güzəştlərə getməyə və fikir ayrılıqlarını azaltmağa” hazır olduğunu yazıb.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 585 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30