Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ-dan Ukraynaya yeni il “sürprizi”: Santa əliboş gəlir

ABŞ-dan Ukraynaya yeni il “sürprizi”: Santa əliboş gəlir

08.12.2023 [11:20]

Bir neçə gün öncə Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanq ABŞ Konqresini kəskin tənqid edib. Xanım Yanq deyib: “İlin sonuna qədər ABŞ administrasiyasının Ukraynaya yardım üçün ayırdığı maliyyə vəsaiti tükənəcək. Bu səbəbdən konqres yeni yardım ayırmağa tələsməlidir. Bizim vaxtımız və pulumuz artıq tükənir. Qanunvericilərin qərarsızlığı ona gətirib çıxaracaq ki, ABŞ hakimiyyətinin Ukraynaya ayırdığı maliyyə vəsaiti ilin sonuna kimi xərclənib qurtaracaq. Konqres əlavə maliyyə  ayırma layihəsi üzərində sürətlə işləməlidir”.

Xəbər verdiyimiz kimi, ABŞ Konqresində müzakirəyə çıxarılan və hələlik təsdiqi yubanan Ukraynaya yardım barədə qanun layihəsi demokratlarla respublikaçılar arasında fikir ayrılığına səbəb olub.

Əslində reallıq necədir? Doğrudanmı Bayden administrasiyası Konqres qarşısında aciz duruma düşüb? Yoxsa bütün bu qalmaqallar ABŞ-ın bitib-tükənməyən siyasi oyunlarından sadəcə bir səhnədir?

Ağ Ev Kiyevi nələrə məcbur edir?

ABŞ-ın Ukraynaya yardım məsələsini uzatması Qərbin siyasi platformalarında olduğu kimi Rusiya mediasında da diskussiya mövzusuna çevrilib. Rusiyanın bir sıra tanınmış siyasətçiləri Birləşmiş Ştatların hər zaman olduğu kimi bu məsələdə də rəqibini yanıltmaq üçün taktiki geriləmələr etdiyi, bir sözlə, hamını aldatmaq niyyətində olduğu düşüncəsindədirlər. Politoloq Boris Mejuyevin fikrincə, demokratlar Rusiyanı təxribata çəkmək məqsədilə hiyləgər oyuna başlayıblar: “Bir neçə gün öncə Senatda ABŞ-ın sərhəd təhlükəsizliyinin maliyyələşdirilməsinə dair tərəflərarası danışıqlar uğursuzluqla nəticələndi. Bu o deməkdir ki, Ukraynaya yardımla bağlı səsvermə də qeyri-müəyyən müddətə yubadılır. Bütün bunlar guya Kiyevi Moskva ilə danışıqlara məcbur etmək niyyəti ilə Ukrayna hakimiyyətinə təzyiq göstərməyə çalışan demokratların hiyləgər siyasi oyunundan başqa bir şey deyil”.

ABŞ mətbuatı isə yazır ki, hökumətin dövlət sərhədinin qorunmasına dair qanun layihəsinin, habelə prezident Co Baydenin Ukrayna, İsrail və Tayvan üçün nəzərdə tutulan əlavə maliyyə vəsaitinin təsdiqlənməsi ilə bağlı demokratlarla respublikaçıları ortaq məxrəcə gətirmə cəhdləri artıq uğursuzluğa düçar olub. 

Həqiqətən, respublikaçılar güzəştə getmək niyyətində olmadıqlarını bəyan ediblər. Respublikaçı konqresmenlər Baydenin müdafiə xərcləri və xarici yardım tələbini “adekvat immiqrasiya dəyişiklikləri olmadan” bloklamaqla hədələyirlər. Adının çəkilməsini istəməyən Konqres nümayəndəsinin sözlərinə görə, demokratlar sözügedən məsələdə respublikaçıların yersiz inadkarlıq göstərdiklərini və ya hansısa səbəbdən öz sözlərini geri götürə bilmədiklərini düşünürlər. Bir müddət öncə isə bildirilmişdi ki, ABŞ Konqresi Co Baydenin Ukrayna və İsrailə yardım paketi sorğusuna dekabrın 11-dən gec olmayaraq səs verməlidir. Lakin indi vəziyyət dəyişib. Gözlənilən səsvermə qeyri-müəyyən müddətə təxirə salına bilər.

Konqresin “yardım şousu”

Analitiklərin fikrincə, indiki vəziyyətdə Rusiya üçün ən ideal mövqe  baş verənlərə emosiyasız, soyuqqanlı yanaşma ola bilər. Siyasi təhlilçi Boris Mejuyevin fikrincə, Ukraynaya istənilən məbləğdə əlavə vəsaitin ayrılması ABŞ üçün heç də problemli məsələ deyil. Birləşmiş Ştatların hansısa maliyyə çətinliyinin olmasından söhbət gedə bilməz: “Deməliyəm ki, Kiyevə əlavə yardımların ayrılması amerikalıları heç də xərcə-borca salmır. Onların Konqresdə göstərdikləri şouya baxmayaraq, biz bu hərəkətlərin təxribat olduğunu aydın şəkildə görürük. Demokratların özləri qəsdən elə vəziyyət yaradırlar ki, respublikaçılara “ifratçı” damğasını rahatca yapışdıra bilsinlər və özlərinin törətdikləri bütün qeyri-adekvat əməlləri respublikaçıların boynuna qoysunlar”.

Hazırkı vəziyyətdə bu fikirlər həqiqətə yaxın görünür. Rusiyalı ekspertlərin də səsləndirdiyi kimi, ABŞ-ın “əlavə yardım verməmək” oyunu ilə Rusiyanı şirnikləndirməyi planlaşdırdığı da mümkündür. Məsələnin diqqəti cəlb edən digər tərəfi isə ondan ibarətdir ki, demokratlar respublikaçıların Rusiyaya loyal münasibətini yeri gəldi-gəlmədi qabartmaqla ,əslində, onları Rusiyaya sırımaq niyyətində ola bilərlər. Yəni, bu halda Konqresin hər iki partiyadan olan üzvləri arasında ortaq məxrəcə gəlinməməsi, mübahisələrin, söz savaşlarının, ABŞ siyasətinin “Ukraynaya kömək edək, yoxsa etməyək” mülahizəsiylə guya iki cəbhəyə bölünməsinin öncədən razılaşdırılmış ssenari olduğu da istisna deyil. Ümumiyyətlə, son vaxtlar ABŞ-ın ictimai sferasında “Ukraynaya yardımı davam etdirməli, yoxsa dayandırmalı” məzmunlu sosial sorğular, müxtəlif televiziya verilişləri, diskussiyalar dəbə minib. Bütün bunların Ağ Evin sifarişi olmadığına kim əmin ola bilər ki?

“Dovşana qaç, tazıya tut” siyasəti 

Bəzi qərbli ekspertlərə görə, özünü sülhsevər kimi sırıyan ABŞ-ın son hərəkətləri guya Ukraynanı Rusiya ilə danışıqlar masasına oturtmağa məcbur etmək məqsədi güdür. Lakin bu plan bütövlükdə Ukraynanı danışıqlara cəlb etməklə yekunlaşmır. Çünki qarşı tərəfin - Rusiyanın danışıqlar masası arxasında əyləşmək niyyətinin olub-olmaması da dəqiq məlum deyil.

Bu arada iki ölkənin silahlı qüvvələri arasında döyüşlər dayanmır. Vaşinqton isə Ukrayna ordusunu müdafiə taktikasına keçməli olduğuna inandırmaqla məşğuldur.

Rusiyalı analitiklər bildirirlər ki, Ukraynanın Qərb tərəfindən ciddi-cəhdlə nümayiş etdirilən “zəifliyi” və ya “müqavimətinin qırılması” kimi feyk məlumatlar Rusiya üçün növbəti tələ də ola bilər.

İstənilən strateji fəaliyyətin ikili məqsədi olur. Moskvada düşünürlər ki, Qərb bir tərəfdən Ukraynanı danışıqlara  məcbur etmək istəyir, digər tərəfdən isə Rusiya ordusunu növbəti hücuma təhrik etməyə çalışır. Ola bilsin, öncədən düşünülmüş bu plan nəticəsində respublikaçı konqresmenlər, nəhayət, Kiyevə əlavə yardım paketinin göndərilməsinə “həri” deməyə məcbur olacaqlar.

Rusiya ilə Ukrayna savaşır, ABŞ qalib gəlir

“Qərbin əsas məqsədi dəyişməz olaraq qalır - münaqişənin qaynar mərhələsini mümkün qədər uzatmaq. Təsadüfi deyil ki, Kiyev indi ayaq üstə qalmaq üçün Qərbdən mümkün qədər çox silah almağa məcburdur. Avropa isə heç vaxt Ukrayna silahlı qüvvələrini sursatdan tamamilə məhrum etməyə razı olmayacaq, ukraynalılar hələ uzun müddət onlardan silah almağa davam edəcəklər. Amma ATACMS raketlərinə, “F-16” qırıcı təyyarələrinə və digər bahalı hərbi sursatlara gəlincə, onların təchizatı şifahi, ritorik söhbətlərdən o yana keçmir. Görünür, Qərb Ukrayna-Rusiya münaqişəsinin uzanmasında maraqlıdır”, - deyən siyasi ekspert Mejuyev Qərbin Ukraynaya silah tədarükü barədə fikirlərini belə şərh edib. Ekspert bir qədər də irəli gedərək əlavə edib ki, Qərbin Kiyevə dəstəyinin azaldılmasını ABŞ-ın Ukrayna müharibəsindəki əsas məqsədlərinə artıq çatdığı ilə də izah etmək olar: “Birləşmiş Ştatlar Rusiyanı Aİ-nin qaz bazarından sıxışdırıb çıxara bildi, NATO-nu öz ətrafına topladı və bu alyansı daha da genişləndirdi”.

Bu arada Rusiya mediası Avropadakı anti-Rusiya ittifaqının durmadan zəiflədiyi barədə materiallara da geniş yer verməkdədir. Hollandiyanın parlament seçkilərində sağçıların qələbə qazanması, görünür, şimal qonşumuzu xüsusilə ruhlandırıb.

Bayden növbəti dəfə namizəd olarsa...

Ümumən Rusiyanın ictimai-siyasi seqmentində təxminən belə bir fikir yayğındır ki, avropalılar tezliklə Ukrayna müharibəsindən yorulacaq və Kiyevə dəstəkdən imtina edəcəklər. Eyni zamanda, Ukraynanın hətta simvolik məğlubiyyəti belə (məsələn, Xerson vilayətinin Rusiyanın nəzarətinə keçməsi) ABŞ-ın Demokratlar Partiyasına çox böyük zərbə olardı.

Buraya 2022-ci ilin martında Ukraynanı ölümcül müharibəyə sürükləməklə yanaşı, Bayden ailəsinin maliyyə qalmaqallarını da əlavə etmək olar. Bütün bu sadalananlara görə, Rusiya siyasi dairələrində hesab edirlər ki, ABŞ-da demokratların vəziyyəti dalana dirənib.

Bildiyimiz kimi, il artıq başa çatmaq üzrədir. Qarşıdan gələn yeni ilin dünyamız üçün necə olacağı həm də ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən asılı olacaq. Bir çoxlarına görə, əgər Bayden yenə də prezidentliyə namizəd olacaqsa, demokratların bəri başdan məğlubiyyət partisinə tədarük görmələri çox məntiqli olardı.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30