Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Zelenskinin Vaşinqton səfəri vəziyyəti dəyişəcəkmi?

Zelenskinin Vaşinqton səfəri vəziyyəti dəyişəcəkmi?

14.12.2023 [11:27]

Nardar BAYRAMLI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə dekabrın 12-də Vaşinqtonda səfərdə olub. Səfər zamanı liderlər arasında Vaşinqtonun Kiyevə dəstəyi müzakirə olunub. Onlar, həmçinin müdafiə sahəsində əməkdaşlıq barədə danışıblar. Zelenski və Bayden gələn il üçün müdafiə sahəsində əməkdaşlıq səyləri, o cümlədən silah və hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə birgə layihələri də müzakirə ediblər.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri V.Zelenskinin ABŞ-a üçüncü səfəridir. O, sonuncu dəfə sentyabrda Ağ Evdə olub. Budəfəki səfər zamanı Zelenski ABŞ prezidenti ilə yanaşı, Senat və Nümayəndələr Palatasında da görüşlər keçirib.

C. Bayden həmkarı ilə görüşən zaman Ukrayna üçün 200 milyon dollarlıq yeni yardım paketi açıqlayıb. Paketə raket sistemləri, hava hücumundan müdafiə sistemləri, artilleriya üçün 105 və 155 mm çaplı döyüş sursatları, atıcı silahlar və sair daxildir. Amerika prezidentinin sözlərinə görə, ABŞ Konqresi Kiyevi dəstəkləmək üçün əlavə maliyyə ayrılması barədə razılığa gəlməlidir.

Zelenski ABŞ-da Konqresin maneəsi ilə üzləşən 61.4 milyard dollarlıq yardım planı üçün danışıqlar aparıb. Ukrayna lideri Nümayəndələr Palatasında təmsil olunan hər iki partiyanın lideri ilə görüşüb və onları hərbi yardımı təsdiq etməyə inandırmağa çalışıb. Yeri gəlmişkən, Ukrayna Prezidenti Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşü zamanı Kiyevə uzun mənzilli ATACMS taktiki raketlərinin tədarükü məsələsini qaldırıb. Noyabr ayında bir qrup respublikaçı deputat Kiyevin Krımdakı hədəfləri vura bilməsi üçün Ukraynaya uzun atəş məsafəsinə malik ATACMS raketlərinin tədarük olunmasını tələb etmişdi. Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusuna qarşı 165 kilometr uçuş məsafəsinə malik və kaset başlığı ilə təchiz edilən ATACMS raketlərindən istifadə edir. Maksimum 300 kilometrədək hədəfləri vura bilən yer-yer tipli ATACMS (Army Tactical Missile System) taktiki ballistik raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.

Lakin respublikaçılar Ukraynaya yardım ayrılmasına fərqli yanaşır. Nümayəndələr Palatasının spikeri Mayk Conson Zelenski ilə görüşdən sonra deyib ki, Bayden administrasiyasın? vəsait heç bir nəzarət olmadan, qalib gəlmək üçün aydın strategiya olmadan milyardlarla əlavə maliyyə istəyir. Onun sözlərinə görə, respublikaçılar Meksika ilə sərhəddə təhlükəsizliyin artırılmasını, “Ukraynanın qələbəsi üçün aydın strategiya” və Kiyevə silah tədarükünə nəzarət tələb edirlər. Conson Meksika ilə sərhəddə təhlükəsizlik tədbirlərinin olmaması səbəbindən narkotik və insan alveri ilə bağlı cinayətlərin sayının artmasına görə ABŞ prezidenti Co Baydenin siyasətini tənqid edib.

Ağ Evdə Zelenski ilə görüşən Bayden özünün və amerikalıların Ukraynadan uzaqlaşmayacağını bildirib. O xəbərdarlıq edib ki, Ukraynaya əlavə hərbi yardım göstərməsələr, Rusiyaya “Milad hədiyyəsi” verəcəklər. Bayden mətbuat konfransı zamanı Zelenskiyə Ukraynanın müstəqil dövlət kimi mövcudluğunun uğur əlaməti olduğunu deyib: “Sizin bu gün - təxminən iki ildən sonra burada olmanız və Ukraynanın güclü və azad qalması artıq böyük qələbədir”. ABŞ lideri deyib ki, Ukraynanın NATO-ya qəbulu məsələsinə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra baxılacaq: “NATO, şübhəsiz ki, Ukraynanın gələcəyində olacaq”. O, həmçinin əlavə edib ki, əvvəlcə Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təşkilatın bütün üzv ölkələri tərəfindən təsdiqlənməlidir. Bundan başqa, Kiyev müəyyən şərtləri yerinə yetirməlidir. Ağ Ev sahibinin fikrincə, bu məsələlərin həlli yalnız zaman məsələsidir. Eyni zamanda, Bayden dəqiqləşdirib ki, hazırda NATO Ukraynaya kömək etməyə və onun münaqişədə qalib gəlməsinə əmin olmağa diqqət etməlidir.

Zelenski isə Vaşinqtonda siyasi liderlərlə danışıqları zamanı “çox şeylər” eşitdiyini və Bayden administrasiyasına və qanunvericilərə verdiyi dəstəyə görə minnətdar olduğunu bildirib və əlavə edib ki, ABŞ-ın Rusiyaya qarşı müdafiəni maliyyələşdirməyə davam edib-etməyəcəyini zaman göstərəcək. “Siqnallar var idi. Onlar daha çox müsbət idi. Amma biz bilirik ki, sözlər var və konkret nəticələr var. Biz böyük nəticəyə ümid edəcəyik”, -deyə  Zelenski qeyd edib.

Qeyd edək ki, Konqres 2022-ci ilin fevralında Ukrayna üçün 110 milyard dollardan çox vəsaiti təsdiqləyib, lakin yanvar ayında Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti ələ keçirdikdən sonra yeni vəsait ayrılmayıb.

Yeri gəlmişkən, Zelenskinin səfərindən bir neçə gün öncə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller bildirmişdi ki, Ukraynanın maliyyələşdirilməsinə ayrılan pullar demək olar ki, “tükənib”. Vaşinqton əvvəllər təsdiq edilmiş vəsaitlərin 97 faizdən çoxunu artıq xərcləyib. Onun sözlərinə görə, Konqres prezident Co Baydenin tələb etdiyi 106 milyard dollarlıq əlavə milli təhlükəsizlik maliyyəsi paketini “mümkün qədər tez” razılaşdırmalıdır. Ağ Evin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan isə xəbərdarlıq edib ki, maliyyə vəsaitinin gecikməsi ABŞ-ı Kiyevə silah tədarükünü dayandırmağa məcbur edəcək.

ABŞ Ukraynanın maliyyələşdirilməsi ilə bağlı razılığa gəlməyə çalışır və məsələnin Miladdan əvvəl, dekabrın 25-nə qədər həll olunacağına ümidlər var idi. Ancaq indi heç kim buna əmin deyil və buna görə də qərarın gecikməsi riski yaranıb. Zelenskinin ABŞ-a səfərinin vəziyyəti dəyişib-dəyişməyəcəyini isə zaman göstərəcək.

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30