Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlin ən yaxşıları, eldə ən çox sevilənləri

İlin ən yaxşıları, eldə ən çox sevilənləri

04.02.2026 [08:30]

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınmış məşqçilərin, mütəxəssis və idman ictimaiyyətinin rəyini nəzərə almaqla 2025-ci ilin yekunlarını müzakirə etmiş, ən yaxşıları müəyyən edərək qalibləri mükafatlandırmışdır. Nəticələr mətbuatda geniş işıqlandırılmışdır.

Səhər-səhər iş başında qəzetlərin yeni nömrələrini nəzərdən keçirərkən ağlıma gələn ilk fikir - bəlkə Elvin də bu dəstəyə düşübdür-deyə vaxt itirmədən nazirliyin məlumatını izləyəsi oldum. “İlin ən yaxşıları” nominasiyasında qruplaşdırılmış məlumatın son hissəsində rastlaşdığım informasiya qəlbimi sevinc hissi ilə doldurdu, məni qeyri-adi bir aləmə apardı. “Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançıları bölümündə gənc boksinq Elvin Məmmədovun da adı var idi. Sevincimin həddi-hüdudu yox idi, xəyalım göylərdə pərvaz edirdi. Yan-yörəmə baxıb bu xoş xəbərdən söz açmağa, Elvini təqdim etməyə fürsət axtarası oldum...

Bəs Elvin Məmmədov kimdir? Təqdim edilən siyahıda bəlkə də ən gənc idmançı, lakin “böyüklər” səviyyəsində parlaq yol keçən, sayılıb-seçilən titullara sahib çıxan oğlanlardan biri, bəlkə də birincisidir. Bu mənada onun namizədliyinin “ən yaxşılar” siyahısına daxil edilməsi təsadüfi deyil, qanunidir, düzgündür, həm də yerinədüşəndir və müəllif kimi biz də arada qohumluq əlaqələrimiz olsa da, onun yüksək keyfiyyətlərini, şəriksiz uğurlarını idman ictimaiyyətinə çatdırmağımızda heç bir hüquqi, mənəvi qüsura yol vermirik. Keçək əsl mətləbə.

Elvin Məmmədov 12 avqust 2006-cı ildə Bakıda doğulub. 2012-ci ildə, 6 yaşında Yasamal rayonundakı 13 saylı məktəbə daxil olub, 2022-ci ildə təhsilini başa vurmuşdur. Hazırda Azərbaycan İdman Akademiyasının 3-cü kurs tələbəsidir. Əsas məşğuliyyəti dərslərə davam etmək və məşqlərə hər gün çıxmaqdır. Boş vaxtlarında istirahət edir, bədii kitabları mütaliə edir, biliyini artırır.

20 yaşın “astanasında” Elvin Elşənoğlu bir sıra gözəgələn uğurlar qazanmışdır. O, ikiqat Dünya çempionudur, ikiqat Avropa çempionatında qızıl medalın sahibidir. Elvin çoxsaylı Dünya çempionu, polkovnik-leytenant Eduard Məmmədovun rəhbərliyi altında yarışlara hazırlaşır, onun tapşırıq və tövsiyələrini qüsursuz yerinə yetirir. O, məşqçisinin sevimli yetirməsi kimi hörmət qazanmışdır.

Gənc kikboksçunun bu uğurlu titulları üç ay, ya bir illik fəaliyyətinin nəticəsi deyil. Buna çatanadək Elvin məşqlərinə böyük vaxt sərf etmiş, nə qədər vuruşmuş, nə qədər həyəcanlı anlar keçirmişdir! Nəticə ili-ildən yaxşılaşmış, titullu adlara yol açmışdır.

Elvin Məmmədov on ildən artıqdır ki, sevdiyi “idman yolunun” yolçusudur. Kiçik yaşlarında respublika birinciliyi uğrunda keçirilən yarışlarda 5 dəfə Azərbaycan çempionu adını almış, gələcəyin perspektivli, ümidverici atleti olacağına təminat yaratmışdır. Onun sonrakı uğurlarının mərhələlərini qısa və yığcam şəkildə azarkeşlərinə bəyan edirik:

İlk beynəlxalq rinqdə Elvin 2019-cu ildə, Macarıstanda keçirilən yeniyetmələr arası Dünya kuboku yarışlarda qatılmış və nəticədə bürünc medala layiq sürülmüşdür. Məşqçisi onu tərifləmiş, bunun yüksək göstərici olduğunu demiş, yetirməsini onu daha böyük qətiyyətlə işə girişməyə ruhlandırmışdır.

Yeniyetmə və gənclərarası Avropa çempionatı 2021-ci ildə Monteneqroda keçirildi və Elvin bu növdə uğurlarını bir qədər də artırıb gümüş medal qazandı.

2022-ci ilin oktyabrında İtaliyada keçirilən yeniyetmə və gənclərarası Dünya çempionatının iştrakçısı Elvin Elşənoğlu Dünya çempionu adı qazanır. Bu görüşdən cəmi bir ay sonra noyabr ayında Türkiyədə keçirilən qarşılaşmada isə Elvin böyüklərarası nominasiyada qalib tanınır, Avropa çempionu olur, 16 yaşlı igid atlet Azərbaycanda böyüklərarası şərəfli Avropa çempionu adına layiq görülür.

Portuqaliyada 2023-cü ildə keçirilən böyüklərarası Dünya çempionatı yarışlarında qalib gələn 17 yaşlı Elvin bu sınaqdan da layiqincə çıxır, ikinci dəfə Dünya çempionu olur.

2024-cü ildə Yunanıstanda keçirilən böyüklərarası Avropa çempionatında Elvin yenidən Avropa çempionu şərəfli adını qazanır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə 2025-ci ildə keçirilən Dünya çempionatı yarışları gənc atletin həyatında bir sıra əlamətləri ilə yadda qalan olmuş, çox böyük xatirələr doğurmuşdur. Elvin bu yarışlara 57 kiloqram çəkidə çıxır, bütün rəqiblər üzərində qələbə çalır və ikinci dəfə Dünya çempionu şərəfli adını alır.

Müsahibim bu görüşün mərhələlərini xüsusi maraqla danışdı: - Dayı, - dedi, - beynəlxalq yarışlara qatıldığım altı il ərzində rastlaşmadığım bu mənzərə qeyri-adi hal kimi yaddaqalan oldu. İlk görüşümə Qırğızıstan atleti ilə çıxdım. Onu elə də böyük zəhmətə qatlaşmadan məğlub etdim, ikinci atlet İsrail nümayəndəsi idi. Ona da qalib gəldim. Üçüncü rəqibim Serbiya nümayəndəsi idi. Hakim bizi rinqə dəvət edəndə mən dərhal yerimi tutdum, amma nədənsə serbiyalı meydana çıxmadı. Bu, rəqibin yarışdan imtina etmək işarəsi idi. Belə halda referi rinqin ortasında mənim əlimdən tutdu, rəqibin gəlmədiyini görüb mənim əlimi yuxarı qaldırdı, qələbəni mənə verdiyini bildirdi. Sən demə, serbiyalı mənim İsrail nümayəndəsinə necə qalib gədiyimi görüb, ehtiyatlanmış və meydanda ağır məğlubiyyət görəcəyini hiss edib, vuruşmadan qələbənin mənə verilməsinə razılığını bildirmişdi.

Finalda mən Qazaxıstan nümayəndəsi ilə görüşdüm. Hərçənd o, yüksək titullu, tanınmış atlet idi, 57 kq çəkidə dünya çempionu reytinq cədvəlində birinci olmuş, çempionatın qızıl medalını qazanmışdı. Ancaq rinqdə ilk anlardan gözüm rəqibi “yedi”, qələbəyə inamım artdı. Bu görüşdən mən qalib çıxdım, Dünya çempionu oldum. Bu, mənim böyüklər arasında dünya birinciliyində ikinci dəfə fəxri adı qoruyub saxlamağımın təsdiqi idi.

Müsahibim əlavə edib dedi ki, dayı, Əbu Dabi dünyanın ən gözəl, ən cazibədar şəhərlərindəndir. Onun əzəmətini təsvir etməyə söz tapa bilmirəm. İdmanla məşğul olduğum on ildən artıq müddət ərzində bir çox ölkə paytaxtları ilə tanışam, amma Əbu Dabi kimi füsunkarını görməmişəm.

- Elvin, əziz bala, dayı, baba kimi soruşuram: De görüm, referi görüşü yekunlaşdırıb səni qalib tanıyanda hansı hissləri keçirirsən?

- Keçirdiyim iftixar hissinin hər anını dilə gətirməyə, dayı, çətinləşirəm. Ancaq bilirəm ki, rinqə ayaq basan gənclərin hər biri döyüşü qələbə ilə başa vurmağa can atır. Son dörd ildə həmişə qalib gəlmişəm. Məğlubiyyətim olmayıb. İlk sevinci referi qələbəni təmin etdiyimi bildirib əlimi göyə qaldırmağa başlayanda duyub sevinirəm. Bu anda ilk minnətdarlıq sözünü qəlbimdə məşqçimə, məni məsul görüşlərə hazırlayan Eduard müəllimə yönəldirəm. Sonra Azərbaycanın üçrəngli bayrağını başımın üstünə qaldırıb rinq boyu dövrə vurur, qələbəmi nümayiş etdirirəm. Təsəvvür edin, bayraq başımın üstündə dövrə vururam, neçə minlik zal məni alqışlayır. Mənim şənimə əl çalır, xoş anlar yaşadırlar. Mən bu hissləri təkcə özümə deyil, əslimə-nəslimə, valideynlərimə, təmsil olunduğum ölkəmə - Azərbaycanımıza aid edirəm. Gələcəkdə daha möhtəşəm qələbələr qazanacağıma bir növ təminat verirəm.

Sonra. Mənim hələlik kiçik idman karyeramı yüksək qiymətləndirən Respublika Gənclər və İdman Nazirliyinə, məni tanıyanlara, adımı “İlin ən yaxşı idmançıları” nominasiyasına salanların hər birinə minnətdarlığımı bildirirəm. Bu seçim mənə -”Möhkəm dur, Elvin”,- deyən çağırış, tapşırıq, əmrdir. Mənsə idmanımızın ayıq-sayıq əsgəriyəm. Tapşırığa isə əməl etmək borcumdur! Qətiyyətim, fikrim də belədir. Bunu mən öz iradəm, düşüncəmlə təsdiq edirəm, altından da imzamı qoyub deyirəm:

Dərin hörmətlə: Məmmədov Elvin Elşən oğlu, kikboks üzrə ikiqat Dünya, ikiqat Avropa çempionu, “İlin (2025) Ən yaxşı idmançıları”ndan biri.

Əsgər Əsgərov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Yanvar 2026-cı il.

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28