ÖMRÜN KAMİLLİK ZİRVƏSİNDƏ
17.04.2026 [09:14]
Filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan dilçilik elminə beynəlxalq miqyasda böyük nüfuz qazandıran, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən Cəfər Cəfərovun 95 illik yubileyi qeyd olunur. C.Cəfərov “Nitq hissələrində keçid prosesləri” (1983), “Müasir Azərbaycan ədəbi dilində inkarlığın ifadə vasitələri” (2000)”, “Nitq hissələrində keçid prosesləri və konversiya” (2009), “Müasir Azərbaycan dili” monoqrafiyalarının və “Müasir Azərbaycan dilinin morfologiyası”, “Linqivistik təhlil nümunələri” kimi bir sıra dərsliklərin müəllifidir. Bu əsərlərdə Azərbaycan dilçiliyində ən aktual məsələlər, mürəkkəb və mübahisəli problemlər, anlayışlar sisteminin kateqorial əlamətlərinin elmi əsasları müəyyənləşdirilmişdir. Onun əsərlərində müasir Azərbaycan ədəbi dilində leksikologiya, semasiologiya, morfologiya, derivatologiya və başqa sahələrlə bağlı nəzəri fikirləri elmi əhəmiyyəti ilə seçilir.
Cəfər Cəfərov 1931-ci ildə Ermənistan SSR-in Əştərək rayonunun Hamamlı kəndində anadan olmuşdur. İrəvanın şimal-qərbindən 40 km məsafədə yerləşən Hamamlı balaca bir kənd olsa da, ziyalıları ilə tanınırdı.
Professor Cəfər Cəfərovun elmi fəaliyyətinin əsas istiqamətlərindən birini morfologiyanın aktual məsələlərinin tədqiqi təşkil edir. Dilçilikdə qrammatik kateqoriya kimi Müasir Azərbaycan ədəbi dilində inkarlıq və onun ifadə vasitələri C.Cəfərov tərəfindən sistemli şəkildə tədqiq edilmişdir. Bu tədqiqatda inkarlıq anlayışı, onun xüsusiyyətləri və məntiqi inkarlıq ilə qrammatik inkarlıq kateqoriyasının əlamətləri müəyyənləşdirilir. İnkarlıq anlayışının təfəkkürə, dilə, məntiqə və qrammatikaya aid olan münasibətlərindən bəhs edilir. 1965-ci ildə nami-zədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1969-cu ildə isə APİ-də Azərbaycan dilçiliyi kafedrasının dosent vəzifəsinə seçilmişdir.
1973-cü ilin sentyabrında doktorluq dissertasiyasını tamamlamaq üçün 2 illik doktoranturaya göndərilmiş, 1976-cı ildə doktoranturanı tamamlayaraq yenidən müəllimlik etmişdir.
C.Cəfərov 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək filo-logiya elmləri doktoru alimlik dərəcəsini almış və 1993-cü ildə Müasir Azərbaycan dili kafedrasına professor vəzifəsinə seçilmişdir. Professor C.Cəfərovun elmi əsərlərində Azərbaycan dilçiliyində morfologiyanın bir sıra mühüm problemləri öz həllini tapmışdır. Xüsusilə, Azərbaycan dilinin morfologiyasında mühüm elmi əhəmiyyətə malik olan aktual məsələlərdən biri olan nitq hissələri, onlar arasında qarşılıqlı qanunauyğunluqlar linqvistik aspektdə ilk dəfə professor Cəfər Cəfərovun tədqiqatlarında araşdırılmışdır. Nitq hissələri ilə bağlı faktların dərindən təhlil edilməsi, onların məntiqi cəhətdən ümumiləşdirilməsi dilçilikdə yeni elmi konsepsiyanın formalaşmasına səbəb olmuşdur. Feilin məna növlərinin lüğətdə verilməsi, inkarlığın ifadə vasitələri, tərkibində say olan mürəkkəb söz və birləşmələr, nitq hissələri və onların spesifik xüsusiyyətləri anlayışları və onunla bağlı mübahisəli problemlər həll olunmuşdur. Bununla yanaşı, qrammatika və qrammatik quruluş, analitik və sintaktik yolla yaranan sözlər, sözün qrammatik formalarının yaranması, qrammatik mənaların ifadə formaları, nitq hissələrinin təsnifi prinsipləri, sözdüzəldici və forma düzəldici şəkilçilərin təsnifində linqvistik meyarlar ilk dəfə alimin tədqiqatlarında müəyyənləşdirilmişdir.
Nitq hissələrində keçid prosesi və konversiya yeni metodoloji prinsip əsasında C.Cəfərovun yaradıcılığında araşdırılmış və Azərbaycan dilçiliyində bu sahə ilə bağlı elmi konsepsiyanın yaradılması alimin adı ilə bağlıdır. Onun doktorluq dissertasiyasında eləcə də nitq hissələrində keçid prosesi və konversiya adlı fundamental monoqrafiyasında mühüm nəzəri məsələlər öz həllini tapmışdır. Azərbaycan dilində nitq hissələrində keçid prosesləri və dilin daxili inkişaf qanununa uyğun olaraq baş verən proseslər, leksik, morfoloji, sintaktik və semantik sistemlər arasındakı əlaqə, onların bir-birinə qarşılıqlı təsiri, o cümlədən də diaxronik və sinxronik inkişaf xüsusiyyətləri zəngin dil faktları ilə təhlil edilmişdir.
Cəfər müəllim böyük həyat yolu keçmiş, elmdə yüksək nailiyyətlərə nail olmuşdur. Əştərək rayonunun Hamamlı kəndi, onun təbiəti, bu qədim oğuz yurdu olan kənddən əsrlərdən-əsrlərə yadigar qalan qədim mədəniyyət abidələri, adət-ənənələr Cəfər müəllimin yaddaşında dərin kök salmışdır. O, illərlə yaddaşında saxladığı, qürur duyduğu, fəxr etdiyi el-obasını əbədiləşdirmək, tarixin yaddaşına yazmaq məqsədilə bu yerlərin onomastik vahidləri haqqında “Qərbi Azərbaycanın Əştərək rayonunun bəzi onomastik vahidlərinin tarixi-linqvistik təhlili”, “Hamamlı kəndi ilə bağlı etnonim və şəxs adları”, “Hamamlı şivəsinə aid lüğət” “Hamamlı şi-vəsinin leksikası” adlı əsərlərini yazaraq Əştərək rayonu və Hamamlı kəndinin adlarını təhlil etmiş, onları əbədiləşdirmişdir. O, 1971-ci ildə yazdığı “Hamamlı kənd şivəsinin leksikasına dair” əsərində İrəvandan 40 km şimali-qərbdə yerləşən doğma kəndinin və onun əhatəsində olan Cadqıran, Qaracörən, Qarabulaq, Kirəşdi, Saçlı, Sərinsəvəng, İlançalan və s. kimi yüzlərlə kəndin türk mənşəli olması və onların əksəriyyətinin adlarının 1971-ci ilə kimi dəyişdirildiyi barədə ürək yanğısı ilə yazır. Bu da Cəfər müəllimin əsl vətəndaşlıq mövqeyidir.
C.Cəfərov Müasir Azərbaycan dili fənninin müxtəlif şöbələrinə - leksikologiya və morfologiyaya aid bir sıra əsərlərin müəllifidir. C.Cəfərovun dialektologiya, həmçinin onomastika, nitq mədəniyyətinə aid də bir sıra fundamental əsərləri çap edilmişdir. Onun “Substantivləşmə yolu ilə ono-mastik vahidlərin əmələ gəlməsi” (1987), “Substantivləşmə yolu ilə terminoloji vahidlərin əmələ gəlməsi” (1988), “Dilimizdə inkar vasitələrdən istifadə məsələsinə dair” (1986) və s. əsərləri nəşr edilmişdir. Alim dilçiliyin bir sıra sahələrinə aid xeyli sayda öz dəyəri ilə seçilən əsərlərin müəllifidir. C.Cəfərov Azərbaycanın dilçilik elminin müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, pedaqoji fəaliyyəti ilə yanaşı ana dilimizin çox mühüm elmi problemlərini tədqiq etmişdir. Zəngin və əhatəli yaradıcılıq erudisiyası ilə fərqlənən C.Cəfərov filologiyamızın müxtəlif nəzəri məsələlərini araşdırmışdır. Bununla yanaşı peşəkar pedaqoq kimi fəaliyyət göstərdiyi dövrlərdə gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rolu olmuşdur. Onun elmi-pedaqoji fəaliyyəti əslində son dərəcə orijinal bir şəxsiyyətin insani xarakterinin güclü bir komponenti, müəyyən dərəcədə onun təmiz mənəvi dünyasının işıqlı təzahürüdür. İstedadlı bir alim kimi öz məntiqi mühakimələri ilə auditoriyanı ələ ala bilən professional pedaqoq, çoxsaylı və nəzəri problemlərlə zəngin və əhatəli elmi yaradıcılığı, canlı elmi mülahizələri alim, müəllim şəxsiyyətinin təzahürüdür. Alim, ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətində bir sıra dərsliklərin müəllifi kimi müasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Ömrünün 72 ilini Azərbaycan təhsilinə, Azərbaycan dilçiliyinə, ana dilimizin inkişafına həsr etmiş görkəmli alim elmi yaradıcılıqla yanaşı, uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Cəfər Cəfərov dilçilik üzrə təşkil olunmuş müxtəlif konfrans və seminarlarda dəfələrlə iştirak edərək maraqlı məruzələrlə çıxış etmişdir. Onun pedaqoji kadrların, dilçilik elmi üzrə mütəxəssislərin yetişdirilməsində əməyini xüsusi qeyd etmək lazımdır. Professor C.Cəfərov BDU-nun nəzdində filologiya və jurnalistika elmləri doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Dissertasiya Şurasının üzvü, onlarla elmlər namizədinin elmi rəhbəri olmuşdur.
Müəllimlik, bilik və bacarığını gənc nəslə mənimsətmək onun əqidəsinin əsasını təşkil edirdi. Elmin inkişafında və pedaqoji fəaliyyətində göstərdiyi xidmətlərə görə 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və 2012-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Professor Cəfər Cəfərovun dərin elmi təfəkkürü, pedaqoji ustalığı, yüksək insani keyfiyyətləri və keçirdiyi mənalı ömür yolu onu Azərbaycanın dilçi korifeyləri səviyyəsinə yüksəltmişdir. Filologiyamızın inkişafında mühüm xidmətləri olan fədakar elm xadimi, Prezident təqaüdçüsü, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Cəfər Cəfərovu 95 illik yubileyi münasibəti ilə təbrik edir və böyük uğurlar arzu edirik.
Sayalı SADIQOVA,
Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Terminologiya Komissiyasının sədr
müavini, filologiya elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

