Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Növbəti hədəf - KUBA...

Növbəti hədəf - KUBA...

17.04.2026 [09:58]

Pentaqon əməliyyat planı hazırlayır

Prezident Trampın hakimiyyətə gəlişinin ardından qlobal dünyada baş verən proseslər maraqla izlənir. Cəmisi 1 il ərzində təxminən 10-a yaxın münaqişənin dayandırılması və ya sülhün əldə olunması istiqamətində addımlar, Venesuelada hərbi əməliyyatın keçirilməsi nəticəsində prezident Maduronun saxlanılması, Yaxın Şərqdə İranla yeni bir müharibənin başlanılması yeni niazamda mühüm dəyişikliklər sayılır. Atılan addımlar isə davam edir. Belə ki, artıq növbəti hədəf də məlumdur: Kuba. Qeyd edək ki, bu il martın son günlərində ABŞ Prezidenti Latın Amerikasındakı geosiyasi vəziyyətlə bağlı növbəti sərt bəyanatını verərək, Kubanın qısa müddət ərzində böyük bir çöküşlə üzləşəcəyini elan etmişdi. Tramp Kubanı “uğursuz dövlət” və “xaos mənbəyi” adlandıraraq, adada mövcud olan siyasi və iqtisadi sistemin artıq sona çatdığını bildirmişdi. Ağ Ev rəhbəri qeyd etmişdi ki, Kuba rəhbərliyi ölkəni idarə edə bilmir və xalqın rifahını təmin etməkdə acizdir, bu isə yaxın vaxtlarda dövlət strukturunun tamamilə dağılmasına gətirib çıxaracaq. Trampın sözlərinə görə, Kuba bu silsilə çöküşlərin növbəti halqası olacaq və ABŞ bu prosesi yaxından izləyir. Prezident həmçinin vurğulamışdı ki, rejim çökdükdən sonra ABŞ Kubaya yenidən qurulması və demokratikləşməsi üçün lazımi köməyi göstərməyə hazırdır. Aprelin 13-də isə Tramp bildirmişdi ki, İranla bağlı vəziyyət həll edildikdən sonra ABŞ “Kubaya üz döndərə” bilər.

Bir sıra politoloqlar Trampın bu çıxışını Vaşinqtonun Karib hövzəsindəki təsirini artırmaq və kommunist rejimlərə qarşı daha sərt siyasət yürütmək niyyətinin göstəricisi kimi qiymətləndirmişdilər - bu bəyanatın xüsusilə Venesuela və digər region ölkələrində baş verən hadisələrin fonunda səslənməsi, Ağ Evin Latın Amerikası üçün yeni bir “Yol xəritəsi” hazırladığından xəbər verə bilər.

Trampın göstərişi ilə...

Yeri gəlmişkən, Pentaqon Kubada mümkün hərbi əməliyyata hazırlıqlara başlamaq üçün göstəriş verib. Məlumatı USA Today mənbələrə istinadən yayıb. Mənbələrin sözlərinə görə, hazırlıqlar ABŞ prezidenti Donald Trampın ada ölkəsinə hücum əmri verməsi variantı üçün həyata keçirilir. Pentaqondan RİA Novosti-yə bildirilib ki, Kubaya qarşı “bir sıra tədbirlər” planlaşdırır və Trampın əmrlərini yerinə yetirməyə hazırdır: “Biz hipotetik ssenarilər barədə fərziyyə irəli sürməyəcəyik. Nazirlik bir sıra ehtiyat planları hazırlayır və Prezidentin əmrlərini ortaya çıxdıqca yerinə yetirməyə hazırdır”.

Arqument yoxdur...

Siyasi şərhçilər bildirirlər ki, hazırda ABŞ-ın Kubaya qarşı silahlı əməliyyat keçirməsi üçün heç bir arqument və ya əsas gözə dəymir - Pentaqonun da bildirdiyi kimi, əməliyyat yalnız Prezident Trampın göstərişi ilə başlaya bilər. Düşünülür ki, bu əməliyyat baş tutarsa,  ağır nəticələrə yol açacaq, hətta söhbət quru əməliyyatından gedirsə, Amerika hərbçiləri arasında ciddi itkilər yaşana bilər.

Xarici media məsələyə münasibət bildirərkən, Kubaya potensial olaraq bombardman aparmaq və ya hücum etmək üçün ABŞ-ın ictimaiyyətə təqdim edilə biləcək konkret əsaslandırmalara ehtiyac duyduğunu yazır. Bu cür əsaslandırmaları İranla müharibədə tapıb - Kuba ilə vəziyyət isə daha mürəkkəb görünür. Bildirilir ki, indiki halda Kuba heç bir şəkildə Amerika Birləşmiş Ştatlarını nə miqyası, nə silahlı qüvvələrinin vəziyyəti, nə də Kuba rəhbərliyinin ideologiyası baxımından təhdid təşkil etmir.

Uğursuzluqla nəticələnən “Donuzlar körfəzi əməliyyatı”...

Tarixdə isə bu cür analogiya yaşanıb - 1961-ci ilin 17 aprel - 19 aprel tarixlərində baş vermiş “Donuzlar körfəzi əməliyyatı”. Bu hadisə Soyuq müharibə dövrünün ən mühüm epizodlarından biri sayılır. Əməliyyat Kubanın Donuzlar körfəzi ərazisində baş verib və məqsəd Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması olub. Əməliyyatın səbəbləri sırasında ən mühüm məqam 1959-cu ildə Fidel Kastro hakimiyyətə gəldikdən sonra ABŞ şirkətlərinə məxsus müəssisələrin milliləşdirdirilməsi, ABŞ ilə münasibətlərin pisləşməsi, SSRİ ilə yaxınlaşma, ABŞ rəhbərliyinin (xüsusilə Con F. Kennedi administrasiyası) Kastronu devirmək üçün plan hazırlaması olub.

Qeyd edək ki, təxminən 1400 Kuba mühaciri “Mühacir hökumət” adı altında (ABŞ tərəfindən təlim keçmiş) Kubaya çıxarıldı. Çıxarma Kubanın cənub sahilində yerləşən Donuzlar körfəzində həyata keçirildi. ABŞ gizli şəkildə hava dəstəyi planlaşdırmışdı, lakin plan tam tətbiq olunmadı. Kuba ordusu və yerli qüvvələr sürətlə cavab verdi və nəticədə hücum edənlərin çoxu öldürüldü və ya əsir alındı. Uğursuzluğun səbəbi isə yerli əhalinin üsyana qalxmaması və ABŞ-ın gözlədiyi kimi, mühacirləri dəstəkləməməsi, Kastronun güclü dəstəyi və sürətli reaksiyası, ABŞ-ın açıq hərbi müdaxilədən çəkinməsi, planlaşdirma və kəşfiyyat səhvləri olmuşdu. Nəticə etibarı ilə, bu uğursuz əməliyyat Fidel Kastro hakimiyyətini daha da möhkəmləndirdi, Kuba SSRİ-yə daha da yaxınlaşdı. Hadisə 1962-ci ildəki Karib böhranı üçün zəmin yaratdı.

Kuba III dünya müharibəsinə səbəb ola bilərdi...

Məhz bu ərəfədə SSRİ “Anadır” əməliyyatı keçirdi. SSRİ ilə Kuba arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanmasının ardından ABŞ öz raketləriniSSRİ-yə yaxın ərazilərə yerləşdirdi. Moskva buna cavab olaraq və eyni zamanda Kuba ilə imzalanan müqaviləyə uyğun daha ciddi addımlar atmağa qərar verdi - Kubaya sovet ordusunun bölmələrini göndərmək və “Azadlıq” adasında bir meqaton tutumlu iki növ orta mənzilli ballistik raketlər (cəmi 40 ədəd) və digər hərbi qurğular yerləşdirməklə hərbi bazalar yaratmaq. Kubada sovet hərbi bazalarının yaradılması ideyası Nikita Xruşşova məxsus olub.

Əməliyyat planında Kubaya 50 min nəfər hərbçinin və 3 min nəfər mülki vətəndaşın (mütəxəssislərin) göndərilməsi nəzərdə tutulub. Göndəriləcək ümumi yükün çəkisi isə təxminən 250 min tona yaxın olub.

Sözsüz ki, belə bir karvanın okeanın o tayına keçməsi Amerika kəşfiyyatçılarının diqqətindən yayına bilməzdi. Kreml bunu nəzərə alaraq həm şəxsi heyəti, həm də yükləri ayrı-ayrı limanlardan yola salıb. Şəxsi heyətə elan edilib ki, yüklər Çukotkaya göndərilir. Elə əməliyyatın adı da buradan, Çukotka muxtar dairəsinin mərkəzi olan Anadır adından götürülüb. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-dəki agentlərini yayındırmaq üçün gəmilərə daha çox geyim əşyaları və digər gündəlik tələbat malları da yüklənib. Məxfiliyə o dərəcədə riayət edilib ki, xarici ölkələrin SSRİ-dəki agentura şəbəkəsində heç bir şübhə yaranmayıb. Beləliklə, bütün lazımi “yük”lər və şəxsi heyət heç bir təhlükə ilə üzləşmədən Kubaya çatıblar.”Anadır” əməliyyatı həm də yeni müharibənin başlanması üçün zəmin yaradıb. Hətta ABŞ Konqresinin hər iki palatası Kubada hərbi əməliyyatların keçirilməsinə səs verib. Rəsmilər arasında bir gecədə Kubanı bombalamaq kimi fikirlər də səsləndirilib. Amma təbii ki, həmin dövrdə ABŞ-ın prezidenti olan Con Kennedi Kubada hərbi əməliyyatların keçirilməsindən sonra SSRİ-nin reaksiyasını da nəzərə alıb. Bu real olaraq III dünya müharibəsinin başlanması demək idi. Kennedi hələ ki, Kubanı dəniz mühasirəsinə salmaqla kifayətlənib.

Kuba ordusunun “onurğası”: Hərbi Kəşifiyyat...

Bu gün SSRİ mövcud olmasa da, hərbi ekspertlər Kubanın müdafiə gücünü heç də aşağı saymır. Kubanın ən güclü ordu bölməsi olan Hərbi Kəşfiyyat İdarəsi (La Direccion de Inteligencia Militar, DIM) Kuba Respublikası İnqilabi Silahlı Qüvvələr Nazirliyinin (El Ministerio de las Fuerzas Armadas Revolucionarias de la Republica de Cuba, MINFAR) tərkibindəki hərbi komandanlıq orqanıdır. Açıq mənbələrə görə, DIM dörd əsas bölməyə və ümumi bölməyə bölünür:

I Bölmə - Döyüş Kəşfiyyatı. Bölmə Kuba Silahlı Qüvvələrinin hərbi və qoşun kəşfiyyat bölmələrinə, o cümlədən Quantanamo körfəzindəki Amerika bazasına bitişik ərazini qorumaqdan məsul olan Antonio Maceo Sərhəd Briqadasının kəşfiyyat bölmələrinə nəzarət edir - bölmənin əməliyyat komandanlığına düşmən ərazisində döyüş, kəşfiyyat və təxribat missiyaları aparmaq üçün nəzərdə tutulmuş elit hava hücum briqadası “Qara Arılar” daxildir. O, Şərqi Asiya, Afrika və Latın Amerikasında beynəlxalq vəzifələrinin yerinə yetirilməsində fərqlənib.

II Bölmə - Əməliyyat Kəşfiyyatı. Bölmə Qərargah, Katiblik və Xüsusi Təhlükəsizlik Rejimi və digər bölmələrə ayrılır. Bu bölmə hətta Quantanamo körfəzindəki ABŞ hərbi bazasının şəxsi heyəti və komandanlığı arasında əməliyyat mövqelərinin yaradılmasına və ABŞ daxilində missiyaların yerinə yetirilməsinə yönəlmiş xüsusi kəşfiyyat missiyalarına cavabdehdir;

III Bölmə - Kəşfiyyat Təhlili. Bu bölmə 4 qrupdan ibarətdir: Situasiya Təhlili, ABŞ, Avropa və dünyanin qalan hissəsi (Latın Amerikası, Karib dənizi və Afrika/Yaxın Şərq).

IV Bölmə - Elektron Kəşfiyyat (SIGINT). Bu bölmə adada, regionda və ABŞ-da ABŞ hərbi kəşfiyyat rabitəsini izləməkdən məsul strateji əhəmiyyətli bir bölmə olan Elektron Kəşfiyyat Briqadasına nəzarət edir. Beləliklə, siyasətçilər Kubaya hücumun Venesuela qədər asan olmayacağını düşünür.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30