Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq

17.04.2026 [12:16]

Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib. 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans “Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova konfrans iştirakçılarını salamlayaraq, bu il Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qeyd olunduğunu xatırladıb. Onun sözlərinə görə, 65 il keçməsinə baxmayaraq, ilk konfransın dünyada sülhə və təhlükəsizliyə daha effektiv töhfə vermək, xalqlar arasında sülh və əməkdaşlığı təşviq etmək kimi məqsədləri bu gün də aktuallığını itirməyib. Sahibə Qafarova deyib ki, geosiyasi gərginliklər, silahlı münaqişələr, iqtisadi bərabərsizliklər, iqlim dəyişikliyi və digər mürəkkəb qlobal problemlər kimi ciddi çağırışlar bu problemlərlə mübarizə aparmaq üçün birlikdə hərəkət etməyi tələb edir. Bu gün siyasi müzakirələrin əsasən bu məsələlərin həllinə yönəldiyi bir vaxtda, Qoşulmama Hərəkatının əsas prinsipləri və məqsədləri irəliyə doğru addımlamaq üçün əvəzsiz istiqamət göstərir.

Milli Məclisin sədri hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə parlament nümayəndələri və tərəfdaş təşkilatlar tərəfindən göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, üzv parlament nümayəndələrinin Şəbəkənin fəaliyyətində fəal iştirakının yalnız parlamentarilərin öz hökumətlərinin səylərini tamamlamağa olan qətiyyətini deyil, eyni zamanda Hərəkatın məqsədlərinin həyata keçirilməsində rolunun artdığını da nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Parlament Şəbəkəsi çərçivəsində aparılan dialoq və birgə səylər parlament vasitələri ilə sülhə, sabitliyə, inkişafa və rifaha nail olmaq öhdəliyinin sübutudur. Sahibə Qafarova bu kontekstdə Parlament Şəbəkəsinin institusional mexanizmlərinin və təşkilati strukturunun daha da inkişaf etdirilməsinin və gücləndirilməsinin xüsusi əhəmiyyətini qeyd edib və inamını ifadə edib ki, bu konfransda aparılan müzakirələr və qəbul ediləcək qərarlar onun bütün potensialını üzə çıxarmağa kömək edəcək.

Çıxışında Sahibə Qafarova Azərbaycanın evsahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında da mıəlumat verib. Bildirilib ki, cari ilin may ayında Bakı şəhərində keçiriləcək sessiya “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəllər işğal altında olmuş və tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa layihələrini həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunmuş üç milli şəhər forumu təcrübə və yeni təşəbbüslərin paylaşılması üçün mühüm platforma rolunu oynayıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib.

Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək. Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha əminliyini ifadə edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi öz fəaliyyəti vasitəsilə parlamentlərarası əməkdaşlığın inkişafında, ümumi dəyərlərin təşviqində, dialoqun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynamaqda davam edəcək.

Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson, İttifaqın Baş katibi Martin Çunkonq, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hişam Badavi və başqaları çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Milli Məclisinin sədrliyi ilə institusional inkişafı və təşkilatın beynəxalq nüfuzunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.Çıxış edənlər, həmçinin konfransın həsr olunduğu “Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu” mövzusunun aktuallığı barədə fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər. Konfransın sonunda İstanbul Bəyannaməsi qəbul olunub.Tədbirdə, həmçinin Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlar qəbul olunub.

Konfransda qəbul edilən vacib qərarlardan biri də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılmasıdır. Əlbəttə, belə bir qərarın verilməsi təsadüfi deyil. Çünki ölkəmiz 2011-ci ildə qəbul olunduğu bu təşkilatın işində çox fəal iştirak edir. Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə keçirilmiş Zirvə görüşündə təşkilata 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub.2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər.

2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT BaşAssambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH-nin sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Bundan başqa, Azərbaycan ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib. Eləcə də, Azərbaycan QH-na sədrliyi dövründə, həmçinin qurumun təsisatlanmasının keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə də sanballı töhfələr verib. Belə ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər Təşkilatı və Qadınlar Platformasının təsis olunması da ölkəmizin təşəbbüsü nəticəsində reallaşıb. Bu baxımdan, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması təşkilatın işini daha da gücləndirəcək.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30