Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan qlobal iqlim çağırışlarına qarşı birgə mübarizənin fəal iştirakçısıdır

Azərbaycan qlobal iqlim çağırışlarına qarşı birgə mübarizənin fəal iştirakçısıdır

02.05.2026 [11:32]

Azərbaycan hazırda dünyanın ən aktual çağırışlarından biri olan iqlim dəyişmələrinə həssas yanaşma sərgiləyən ölkələr sırasında yer alır. Təsadüfi deyildir ki, ölkəmizdə yeni strateji mərhələ üçün müəyyənləşdirilən 5 mühüm prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım” prioritetidir.

Bu sahədə qarşıya qoyulan hədəflərə çatmaq üçün ardıcıl tədbirlər görülür. Bu günlərdə  İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclası Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Samir Şərifov açıb. Tədbirdə respublikamızda müvafiq sahədə həyata keçirilən dövlət siyasətinin əhatə dairəsinin kifayət qədər geniş olduğuna diqqət çəkilib və aidiyyatı qurumların təmsilçiləri görülən işlər barədə ətraflı məlumat veriblər.

İqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət

İclasda Samir Şərifov  respublikamızın qlobal iqlim çağırışlarına qarşı birgə mübarizənin fəal iştirakçısı olduğuna xüsusi vurğu edib. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları hər zaman dəstəkləyib və buna öz töhfələrini verib. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişmələri ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlayır və müvafiq qaydada təqdim edir. Sözügedən hesabatların hazırlanmasında sahələr üzrə məlumatların toplanması və ümumiləşdirilməsi məqsədi ilə hər bir müvafiq sektoru təmsil edən dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb.

Həmçinin Azərbaycanın müəyyənləşdirdiyi hədəflər və fəaliyyət istiqamətləri də qlobal iqlim dəyişmələri çağırışlarına adekvatlıq təşkil edir. Samir Şərifov bildirib ki, ölkə sonrakı dövrdə Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərə sadiq qalaraq, istixana qazı emissiyalarının azaldılması istiqamətində daha iddialı məqsədlər müəyyənləşdirib və üçüncü Milli Müəyyən Edilmiş Töhfə (NDC) sənədində 1990-cı il ilə müqayisədə 2035-ci ilədək emissiyaların 40 faiz azaldılmasını əsas prioritet kimi təsbit edib. Bu yanaşma Azərbaycanın aşağı karbonlu inkişaf modelinə keçid və iqlim dəyişmələrinin təsirlərinin minimuma endirilməsi istiqamətində ardıcıl siyasət apardığını nümayiş etdirir.

Qeyd edək ki, ölkəmizdə iqlim çağırışları ilə bağlı görülən tədbirlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

Komissiyanın iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “İqlim haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi, habelə “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası”nın layihəsi barədə, İqtisadiyyat Nazirliyi tərəfindən isə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM) və onun mümkün iqtisadi təsirləri barədə təqdimatlar edilib və həmin təqdimatların ətrafında müzakirələr aparılıb.

Dövlət Komissiyasının iclasında çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib ki, ölkənin Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası layihəsinin (LTS) yekunlaşdırılması və qısa müddətdə təsdiqə təqdim olunması vacibdir. O, öz çıxışında vurğulayıb ki, Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi idxal olunan məhsullar üzrə karbon intensivliyinin nəzərə alınması ilə rəqabət şəraitinin bərabərləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan, milli iqlim siyasətinin gücləndirilməsi ölkənin ixrac potensialının qorunması və sənayenin modernizasiyası üçün mühüm əhəmiyyət daşıyır.

Ölkəmizin ev sahibliyi ilə keçirilən COP29 tarixi qərarlarla yadda qalıb

COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsi ölkəmizin qlobal iqlim dəyişmələrinə həssas yanaşmasının və beynəlxalq həmrəyliyin güclənməsinə davamlı töhfələr verməsinin daha bir təsdiqinə çevrildi.  İlk növbədə onu qeyd edək ki, Azərbaycan ən nümunəvi COP-lardan birini təşkil etməyə nail olub. Respublikamızın COP29-a hazırlaşmaq üçün cəmi 1 il vaxtı var idi. Məsuliyyətli dövlət olan Azərbaycan tədbirə yüksək səviyyədə hazırlıqlar gördü və uğurla keçən tədbir ölkəmizin liderlik keyfiyyətlərini bir daha dünyanın diqqətinə çatdırdı. Tədbirdə iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçib, həmçinin 80 dövlət və hökumət başçısı Bakıya təşrif gətirib.  İştirakçıların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbilər olublar. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub.

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclasında qeyd olunub ki, 2024-cü il noyabrın 11-22-də Bakıda böyük uğurla keçirilmiş COP29 konfransı həllini gözləyən bir çox məsələ üzrə mühüm və tarixi qərarlarla yadda qalıb. Azərbaycanın müsbət reallıqları, həmçinin dövlətin qətiyyətli siyasi iradəsi COP29-da substantiv nəticələrin əldə olunmasına güclü şəkildə təsir göstərib. Bildirildiyi kimi, məhz Bakıda inkişaf etməkdə olan ölkələrin əsas gözləntisi - “Yeni Kollektiv Kəmiyyət Hədəfi” üzrə konsensusun əldə olunmasına nail olunub. Bakıda qəbul edilən qərara əsasən, 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik hədəfi 1,3 trilyon ABŞ dolları səviyyəsində müəyyən edilib. Eləcə də İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması böyük nailiyyətdir.

İclasın yekununda Dövlət Komissiyasının sədri Samir Şərifov tərəfindən qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına hazırlıqla bağlı tədbirlər planının hazırlanaraq qısa müddətdə Komissiyaya təqdim olunması, eləcə də Avropa İttifaqının Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi, “İqlim haqqında” Azərbaycan Respublikasının Qanunu və “Uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası” layihələrinin təkmilləşdirilməsi məqsədilə Qurumlararası İşçi Qrupunun yaradılması barədə qərarlar qəbul edilib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31