Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanda maliyyə sabitliyi güclüdür

Azərbaycanda maliyyə sabitliyi güclüdür

05.05.2026 [10:57]

Beynəlxalq Valyuta Fondu bəzi inkişaf göstəriciləri üzrə proqnozu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspert qrupu yenilənmiş proqnozlarında Azərbaycanla bağlı gözləntilərini açıqlayıb. Qiymətləndirmədə bildirilir ki, 2026-cı ildə ölkəmizin tədiyyə balansı göstəriciləri öz müsbət dinamikasını qoruyub saxlayacaq. Hətta karbohidrogen qiymətlərinin artması sayəsində 2026-cı ildə cari hesabın profisiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq və daha müsbət xarakter alacaq. Fondun analitik qrupu hesab edir ki, xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. ÜDM-də qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir.

Bu ssenariyə əsasən, 2026-cı ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 9,7 faizini təşkil edəcək ki, bu da əksər ölkələrlə müqayisədə daha yaxşı indeksdir. Qeyd edək ki, 2025-ci ildəi Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 3,5 milyard dollar və ya ÜDM-in 4,6 faizini təşkil edib. 2024-cü ildə bu göstərici 4,7 milyard dollar və ya ÜDM-in 6,3 faizi nisbətində olub. Valyuta Fondu 2027-ci ildə ölkəmizin cari əməliyyatlar hesabının profisitini ÜDM-in 5,4 faizi səviyyəsində gözləyir. Proqnozlara görə, 2028-ci ildə hesabın profisiti ÜDM-in 2 faizini, 2029-cu ildə - ÜDM-in 1,6 faizini, 2030-cu ildə isə ÜDM-in 1 faizini təşkil edəcək.

Mərkəzi Bankın pul siyasəti dəstəklənir

BVF Azərbaycanda pul siyasəti ilə bağlı yürüdülən siyasətin qanedici olduğunu bildirir, Mərkəzi Bankın (MB) mövcud uçot dəhlizini dəstəkləyir. Vurğulanır ki, Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirmklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyini saxlayır. Dəyərləndirmələrə görə, tənzimləyici qurum şəffaf və perspektivli kommunikasiyaya üstünlük verməkdədir və bu amil də bazarı izləmək üçün mühüm əhəmiyyət daşıyır. Transmissiya mexanizminin təkmilləşdirilməsi dollarlaşma və bank sektorunda aşağı rəqabət kimi struktur problemlərin həllinə səbəb olur. MB-nın Bazel III standartlarına keçid Azərbaycanın maliyyə sektoru üçün riskləri minimuma endirib. Bununla bərabər, BVF komandası hesab edir ki, MB bankların resurslarının adekvatlığına münasibətdə sayıqlığını qorumalı, maliyyə təhlükəsizliyi şəbəkələri və konsolidasiya edilmiş nəzarət üzərində işi davam etdirməlidir.

Fond 2026-cı ildə Azərbaycanda inflyasiyanı 5,6-6 faiz səviyyəsində proqnozlaşdırır. Cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, inflyasiya region dövlətlərində, qlobal miqyasda baş verən proseslərə əsasən dəyişə bilər.

BVF-nin inflyasiya ilə bağlı ehtimalları Azərbaycan hökumətinin proqnozları ilə demək olar ki, eynidir. İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, ölkəmizdə orta illik inflyasiya 2026-cı ildə 4,8 faiz, 2027-ci ildə isə 4,5 faiz təşkil edəcək.  Mərkəzi Bankın sonuncu yenilənmiş proqnozında da bu rəqəm oxşardır: baza ssenarisinə əsasən, illik inflyasiyanın hədəf daxilində olacağı, 2026-cı ilin yekununda 4,6-5 faiz olacağı gözlənilir.

BVF inflyasiya təzyiqinin davam edəcəyi halda, MB-nın uçot dərəcəsini artırmalı olduğunu da istisna etmir.

Strateji valyuta ehtiyatları 94 milyard dolları ötəcək

BVF Azərbaycanda ÜDM-in artımını 2026-cı ildə 2,2 faiz, 2027-ci ildə isə 2,5 faiz olacağını proqnozlaşdırır. Fond  iqtisadi göstəriciləri əvvəlki qiymətləndirməyə nisbətən bir qədər, təxminən 0,1 faiz-bənd  yaxşılaşdırıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb. Ümumilikdə, qiymətləndirmələrə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 faiz təşkil edəcək.Valyuta Fondunun proqnozlarına əsasən, 2028-2031-ci illərdə Azərbaycan iqtisadiyyatı ildə orta hesabla 2,5 faiz artacaq.

Valyuta Fondu əlverişli neft qiymətlərinin Azərbaycanın suveren yığımlarının artmasına müsbət təsir edəcəyini xatırladır və tempin strateji valyuta ehtiyatlarının 90 milyard dolları ötməsinə səbəb olacağını istisna etmir. Ehtimallara görə, bu il Azərbaycanın strateji valyuta ehtiyatları 90,444 milyard dollara çatacaq. Belə ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının 14,4 milyard dollara, Dövlət Neft Fondunun (DNF) aktivlərinin isə 76,052 milyard dollara çatacağı gözlənilir. Qiymətləndirmələrə görə, 2027-ci ildə strateji valyuta ehtiyatları 92,98 milyard dollara çatacaq. Burada MB-nin payı 15,079 milyard, DNF-nin payı isə 77,9 milyard dollar təşkil edəcək. 2028-ci ildə bu göstəricilərin müvafiq olaraq 93,333 milyard dollara yüksələcəyi fərz edilir. 2029-cu ildə bu rəqəmin 93,75 milyard dollar, 2030-cu ildə 94,032 milyard dollar təşkil edəcəyi ehtimal olunur.

Hökumətə tövsiyə: Özəl sektorun maliyyə təminatı genişləndirilməlidir

BVF Azərbaycan hökumətinə bəzi tövsiyələrini də ünvanlayıb. Fond iqtisadiyyatın şaxələndirilməsində özəl sektorun rolunu gücləndirməsinin vacibliyini xatırladır. Birbaşa xarici investisiyalar vasitəsilə, özəl sektorun maliyyəyə çıxışını genişləndirmək üçün kapital bazarlarının dərinləşdirilməsini, həmçinin insan kapitalına investisiyalar hesabına əmək məhsuldarlığının artırılmasını və əmək bazarında qeyri-rəsmi məşğulluğa qarşı yönəlmiş islahatların davam etdirilməsi də tövsiyələr sırasında yer alır. Eyni zamanda, dövlət müəssisələrinin özəl sektorun xeyrinə mərhələli şəkildə özəlləşdirilməsinin ardıcıl şəkildə həyata keçirilməsi, idarəetmənin və şəffaflığın təkmilləşdirilməsi üzrə səylərin davam etdirilməsi, dövlət müəssisələrində məlumatların açıqlanması təcrübəsinin və korporativ idarəetmə strukturlarının təkmilləşdirilməsi, müşahidə şuralarına müstəqil üzvlərin təyin edilməsi və menecmentin peşəkarlaşdırılması da tövsiyə olunur. BVF güman edir ki, diversifikasiya tədbirləri dövlət müəssisələrinin fəaliyyətinin monitorinqindəki son irəliləyişlə yanaşı, tənzimlənən qiymətlərin rolunun azaldılması və dövlət müəssisələrinə verilən dövlət subsidiyalarının aşağı salınması rəqabəti stimullaşdıracaq və onların fəaliyyətinin optimallaşdırılmasına kömək edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31