Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransa və Norveç qarşılıqlı müdafiə sazişi imzaladı

Fransa və Norveç qarşılıqlı müdafiə sazişi imzaladı

28.05.2026 [10:33]

Fransa və Norveç Avropada təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir dövrdə hərbi və strateji əməkdaşlığı gücləndirən “Narvik sazişi” adlı qarşılıqlı müdafiə müqaviləsini Parisdə imzalayıblar.

AZƏRTAC xəbər verir ki, sazişin imzalanması Norveçin Baş naziri Yonas Qar Störenin Parisə səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla keçirilən birgə mətbuat konfransında elan olunub. Emmanuel Makron bildirib ki, yeni razılaşma iki ölkə arasında qarşılıqlı yardım prinsipini nəzərdə tutur. Onun sözlərinə görə, sənəd ordular arasında bütün səviyyələrdə müntəzəm dialoqun qurulmasını, həmçinin hava hücumundan müdafiə, Arktika, Şimal bölgələri, kosmik sahə və Ukraynaya dəstək kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini təmin edəcək. Fransa Prezidenti Norveçin Parisin bu il başladığı “irəlilədilmiş nüvəçəkindirmə” təşəbbüsünə qoşulduğunu açıqlayıb. Bu təşəbbüs Fransa nüvə arsenalının Avropa təhlükəsizliyində oynaya biləcəyi rol barədə Avropa müttəfiqləri ilə məsləhətləşmələrin aparılmasını nəzərdə tutur. Makron qeyd edib ki, Norveçin bu təşəbbüsə qoşulması iki ölkə arasındakı tərəfdaşlıq üçün çox mühüm mərhələdir.

Fransanın silahlı qüvvələr və veteranlarla iş üzrə naziri Ketrin Votren də sosial şəbəkədə paylaşım edərək “Narvik sazişi”nin imzalanmasını strateji tərəfdaşlığın inkişafında yeni böyük addım kimi qiymətləndirib. O, norveçli həmkarı Tore O.Sandvik ilə imzalanan sənədin Ukraynaya dəstək olduğunu və Avropanın təhlükəsizliyi naminə birgə fəaliyyət iradəsini nümayiş etdirdiyini vurğulayıb.

Norveçin Baş naziri Yonas Qar Störe isə ölkəsinin daha doqquz Avropa dövləti ilə birlikdə Fransa nüvə silahlarının Avropanın təhlükəsizliyi və çəkindirmə sisteminə necə töhfə verə biləcəyinə dair məsləhətləşmə prosesində iştirak edəcəyini təsdiqləyib. O qeyd edib ki, əsas çəkindirmə mexanizmi NATO çərçivəsində qalacaq və ABŞ-nin Avropaya verdiyi nüvə təminatları hələ də qüvvədədir.

İkinci Dünya müharibəsində baş vermiş Narvik döyüşünün şərəfinə adlandırılan yeni saziş hibrid müharibə, kibertəhlükəsizlik, dəniz təhlükəsizliyi, hərbi qüvvələrin öncədən yerləşdirilməsi və Arktika ilə Şimal bölgələrində birgə təlimlər üzrə əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur.

Mətbuat konfransı zamanı hər iki lider Ukraynadakı müharibə və Avropada artan təhlükəsizlik təhdidləri fonunda qitənin müdafiə sahəsində daha çox məsuliyyət götürməsinin vacibliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31