İqtisadi Şuranın iclasında
14.07.2026 [09:43]
Turizmin, dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramlarının layihəsi müzakirə olunub
İyulun 10-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın layihəsi, o cümlədən, turizmin inkişaf perspektivləri və əsas prioritet tədbirlər, eləcə də “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri” barədə proqramın layihəsi müzakirə olunub. Gündəlikdə olan birinci məsələ üzrə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin və ikinci məsələdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda gündəlikdə müzakirə olunan hər iki dövlət proqramının layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Turizmin inkişafı üçün yeni təşviqlər veriləcək
Turizmin inkişafı Azərbaycan hökumətinin diqqətində olan xüsusi strateji sahələrdən biridir. Turizm iş yerlərinin yaradılması, iqtisadi fəallığın artması, ölkənin gəlirlərinin yüksəlməsi və büdcəyə vergi yığımlarının həcminin çoxalmasında mühüm rol oynayır. Son illərdə ölkəmizdə turizm sənayesi inkişaf edərək milli gəlirlərin artmasına öz müsbət təsirlərini göstərməkdədir. Belə ki, 2021-2025-ci illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24,5 faiz artaraq 3,6 milyard manata çatıb.
Azərbaycan zəngin sərvətlərə və irsə sahibdir, infrastruktur və nəqliyyat, otel və yerləşdirmə yerləri ən müasir tələblərə uyğundur. Ölkəmizdə viza rejimi də olduqca sadə və əlverişlidir. “ASAN Viza” elektron portalının fəaliyyəti ikitərəfli vizasız gediş-gəliş sazişləri üçün hüquqi istinadlardan biridir və xaricilərə ölkəmizdə 30 günədək qalmaq hüququ verir. Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün viza rejimi xeyli sadələşdirilib. Ötən ildən etibarən Çin Xalq Respublikası ilə tətbiq olunan rejimə əsasən, ölkə vətəndaşları 90 günədək müddətə vizadan azad olunublar. Bu amil də turizm üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda turizmə təsir edəcək digər amil - investisiya mühiti də münbit və sağlamdır. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın investisiya vəziyyətini yüksək reytinqlərlə dəyərləndirib. Məsələn, “Fitch Ratings” Azərbaycanın beynəlxalq dərəcəli investisiya reytinqini “BBB-” səviyyəsində təsdiqləyib.
Yəni, turizmin inkişafı üçün imkanlar böyükdür. Ancaq turizmin regionlarda inkişafı hələ də qənaətbəxş səviyyədə deyil, ölkəmizə gələn turistlərin say artımı gözlənilən rəqəmlərdən aşağıdır. Məsələn, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 871,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,2 faizi Rusiya Federasiyası, 22 faizi Türkiyə, 8,4 faizi İran, 5 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,2 faizi Özbəkistan, 2,9 faizi Hindistan, 2,7 faizi Pakistan, 2,3 faizi Çin, 2,0 faizi İsrail, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Almaniya və Böyük Britaniya, 12,8 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Bu, ölkəmizin turizm sənayesi potensialından və mövcud turist yerləşdirmə yerlərinin sayından azdır. Bu rəqəmləri artırmaq üçün turizm sektorunda yeni təşviqlərin verilməsi nəzərdə tutulur.
Hədəf turist axınını 5-6 milyon nəfərə çatdırmaqdır
Ona görə də, turizmin inkişafı üçün yeni hədəflər müəyyənləşib və İqtisadi Şuranın iclasında bu məsələ xüsusi diqqət mərkəzində olub. Turizmin inkişafını təmin etmək və orta müddətdə turist axınını 5-6 milyon nəfərə çatdırmaq məqsədilə yeni Dövlət Proqramı layihəsi hazırlanıb və yaxın günlərdə təsdiq edilməsi nəzərdə tutulur. 2026-2030-cu illəri əhatə edəcək Proqramda müəyyən edilmiş hədəflərə nail olmaq üçün konkret icra mexanizmləri və fəaliyyət planı formalaşdırılıb. Proqram çərçivəsində hava məkanından istifadənin liberallaşdırılması, beynəlxalq hava əlaqələrinin genişləndirilməsinin təşviqi və gəlmə turizm məqsədilə vizasız rejimin tətbiqi əsas prioritetlər sırasında yer alır. Eyni zamanda, regionlarda yerləşən əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması da proqramın mühüm istiqamətlərindən biridir.
Turist axınının stimullaşdırılması məqsədilə Proqram çərçivəsində Azərbaycanın qastronomiya, sağlamlıq, qış və ekoturizm destinasiyası kimi tanıdılması planlaşdırılır. Yeni çimərliklərin yaradılması, Turizm və Rekreasiya Zonalarında investisiyaların artırılması və mikro, kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi də nəzərdə tutulur. Həmçinin sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi, turizm sahəsində təhlükəsizlik və keyfiyyət standartlarının gücləndirilməsi, regionlarda əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm bazarlarında təbliğat və sosial media kampaniyalarının genişləndirilməsi proqramın digər vacib istiqamətlərindəndir.
Dövlət Proqramı turizm sahəsinə aid təhsil proqramlarının və müvafiq infrastrukturun inkişafını, Turizm İnformasiya Sisteminin yaradılmasını və tədqiqat layihələrinin dəstəklənməsini də əhatə edir.
Dağ-mədən sənayesinin inkişafı ixracın genişlənməsinə töhfə verir
İqtisadi Şuranın iclasında müzakirə olunan digər məsələ “Dağ-mədən və metallurgiya sənayesinin inkişafı: mövcud vəziyyət və 2030-cu ilə perspektivləri”nə dair proqramın layihəsi ilə bağlıdır. Ölkəmizdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi, sənayeləşmənin dərinləşdirilməsi, ixracın strukturunun genişləndirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Ötən illərdə həyata keçirilən islahatlar nəticəsində alüminium, qızıl, gümüş və misin sənaye istehsalının əsasları formalaşdırılmış, metal filizi ehtiyatlarının bir hissəsi sənayedə istifadəyə yönəldilmişdir. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə nəcib və əlvan metal yataqları üzrə sənaye hasilatı təşkil edilib, müasir emal infrastrukturu qurulub. Daşkəsən və Gədəbəy rayonlarında filiz emalı müəssisələrinin yenilənməsi, habelə işğaldan azad edilmiş ərazilərdə perspektivli yataqların istismara verilməsi dağ-mədən və metallurgiya sənayesinin istehsal və ixrac imkanlarını genişləndirmişdir. Bununla yanaşı, Qərb Sənaye Parkının yaradılması dəmir filizi ehtiyatlarının emalını genişləndirməyə və metallurgiya sənayesində dəyər zəncirini dərinləşdirməyə imkan yaradır.
Azad ərazilərə xarici sərmayəçilərin cəlb edilməsi
Hökumət mövcud mineral-xammal bazasından səmərəli istifadə, hasilat və emal mərhələləri arasında istehsal əlaqələrinin gücləndirilməsi, infrastruktur və logistika qərarlarının uzlaşdırılması, eləcə də dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməsini zəruri hesab edir. Qlobal iqtisadiyyatda gedən enerji keçidi və yüksək texnologiyaların inkişafı fonunda metallara tələbatın yüksəlməsi bu sahənin strateji əhəmiyyətini daha da artırır.
Azərbaycanın zəngin mineral ehtiyatları, rəqabətqabiliyyətli enerji təminatı, sənaye təşviqi mexanizmləri və Orta Dəhliz üzərində yerləşməsi əlaqəli sənaye sahələrinin də dayanıqlı inkişafı üçün əlverişli şərait yaradır. Bu baxımdan ölkədə dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafının sürətləndirilməsi, mineral resurslardan səmərəli istifadə olunması və yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi, habelə metallurgiya məhsullarının ixrac potensialının artırılması məqsədilə əhatəli tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yeni hazırlanan Dövlət Proqramı layihəsi dağ-mədən və metallurgiya sənayesinin inkişafını artırmaq məqsədilə həmin sektorun modernləşdirilməsini, investisiya cəlbediciliyinin artırılmasını və illik hasilatın milyardlarla manata çatdırılmasını hədəfləyir. Proqramda strateji sahələrdən biri kimi işğaldan azad edilmiş ərazilərdəki dağ-mədən və metallurgiya sənayesinin inkişafını təşviq edən stimullaşdırıcı alətlərin tətbiqi, xarici sərmayədarlarla birgə işlərin aparılması və digər addımlar da nəzərdə tutulur.
Beləliklə, İqtisadi Şuranın iclasında müzakirə olunan istiqamətlər üzrə növbəti addımların atılması qarşıya qoyulan hədəflərə çatmağa, o cümlədən, turizmin və dağ-mədən sənayesinin inkişafına, həmin sahələrin iqtisadi inkişafda rolunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14

