Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beynəlxalq hüququn sərhədi harada bitir?

Beynəlxalq hüququn sərhədi harada bitir?

08.09.2026 [09:44]

ABŞ Haaqa məhkəməsinə niyə savaş açıb?

Dünyanın diqqəti bu dəfə Yaxın Şərqin cəbhələrindən yox, Haaqadan gələn xəbərə və onun Vaşinqtonda yaratdığı reaksiyaya yönəlib. 18 avqust 2026-cı ildə ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti, yapon hakim Tomoko Akane və məhkəmənin Seneqaldan olan yüksək səviyyəli hüquqşünası Abdoulaye Seyə qarşı sanksiya tətbiq etdi. Bu məhkəmə Niderlandın Haaqa şəhərində fəaliyyət göstərir, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə təqsirləndirilən şəxsləri mühakimə etmək üçün yaradılıb. Dövlət katibi Marko Rubio isə Vaşinqtonun bu qərarını məhkəmənin ABŞ və onun müttəfiqlərinin dövlət rəsmilərini araşdırmasına və onların barəsində həbs qərarları çıxarmasına qarşı atılmış addım kimi izah edib.

Məsələni adi diplomatik mübahisədən fərqləndirən əsas məqam budur ki, söhbət konkret bir dövlətə tətbiq edilən sanksiyadan yox, beynəlxalq cinayət ədalətinin işləməsi üçün yaradılmış məhkəmənin hakim və prokurorlarına qarşı iqtisadi və maliyyə təzyiqindən gedir. ABŞ-ın tətbiq etdiyi sanksiyalar Akane və Seylə bağlı ABŞ yurisdiksiyasındakı aktivlərin bloklanmasını, ABŞ vətəndaşlarının və şirkətlərinin onlarla maliyyə əməliyyatları aparmasının qadağan edilməsini nəzərdə tutur. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (yəni ABŞ sanksiyalarının tətbiqinə cavabdeh qurumun - OFAC) siyahısına salınan şəxslər faktiki olaraq Amerika maliyyə sistemindən kənarlaşdırılır.

Burada əsas mübahisə məhkəmənin hansı işə baxması ilə bağlıdır. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə qəbul edilmiş və 2002-ci ildə qüvvəyə minmiş Roma Statutu əsasında fəaliyyət göstərir. Roma Statutu məhkəmənin hüquqi əsasını müəyyən edən beynəlxalq müqavilədir. ABŞ bu müqavilənin iştirakçısı deyil, Vaşinqton da məhz buna görə məhkəmənin ABŞ vətəndaşları üzərində yurisdiksiyasını qəbul etmir. İsrail də Roma Statutunun iştirakçısı deyil. ABŞ administrasiyasının arqumentinin hüquqi-siyasi mərkəzində məhz bu məsələ dayanır: dövlət öz razılığını vermədiyi beynəlxalq məhkəmənin öz vətəndaşlarına və dövlət rəhbərlərinə qarşı cinayət yurisdiksiyasını hansı əsasla qəbul etməlidir?

Ancaq Haaqa tərəfinin cavabı da bununla bitmir. Məhkəmənin yurisdiksiyası yalnız təqsirləndirilənin vətəndaşlığı ilə müəyyən edilmir. Roma Statutunun mexanizmlərində cinayətin məhkəmənin yurisdiksiyasını qəbul edən dövlətin ərazisində törədilməsi də mühüm əhəmiyyət daşıyır. Fələstin Roma Statutuna qoşulduğu üçün məhkəmə Qəzza və işğal olunmuş Fələstin ərazilərində törədilməsi iddia olunan cinayətlərlə bağlı öz yurisdiksiyasını əsaslandırır. ABŞ və İsrail isə bu yanaşmanı qəbul etmir. Məhz bu hüquqi mübahisə İsrail baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində verilmiş həbs orderlərinin arxasında dayanan əsas məsələlərdən biridir.

İndi isə mübahisənin daha maraqlı mərhələsi başlanır. ABŞ-ın Tomoko Akane və Abdoulaye Seyə qarşı son sanksiyaları bir gündə yaranmayıb. Prezident Donald Tramp 6 fevral 2025-ci ildə 14203 saylı sərəncamını, yəni Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların hüquqi əsasını yaradan sənədi imzalayıb. Həmin sərəncamdan sonra Vaşinqton məhkəmənin müxtəlif hakim və prokurorlarını ardıcıl olaraq sanksiyalara məruz qoyub. Məhkəmənin 19 avqust 2026-cı il tarixli açıqlamasına görə, son addımlardan sonra onun 18 hakimindən 9-u, iki prokuror müavini, keçmiş baş prokuror və bir əməkdaş ABŞ sanksiyalarının hədəfinə çevrilib.

Bu rəqəm məsələnin miqyasını göstərir. Söhbət artıq bir hakimlə bağlı fərdi siyasi mübahisədən getmir. 18 hakimdən 9-nun ABŞ sanksiyaları ilə üzləşməsi məhkəmənin institusional fəaliyyətinə təzyiq məsələsini ortaya çıxarır. Beynəlxalq Cinayət Məhkəməsinin özü də 19 avqustda verdiyi bəyanatda bu tədbirləri məhkəmənin müstəqilliyinə “açıq hücum” kimi qiymətləndirib, hakim, prokuror və digər əməkdaşların öz hüquqi mandatlarını həyata keçirdikləri üçün təhdid edilməsinin beynəlxalq hüquqi nizama təhlükə yaratdığını bildirib.

Vaşinqton isə məsələyə tamam başqa tərəfdən baxır. Marko Rubio məhkəməni ABŞ-ın və digər razılıq verməmiş dövlətlərin vətəndaşlarına qarşı səlahiyyətlərini aşmaqda ittiham edir, Tramp administrasiyası məhkəmənin fəaliyyətinin ABŞ hərbçilərinə və dövlət rəsmilərinə qarşı potensial təqib imkanlarını aradan qaldırmağı əsas məqsədlərdən biri kimi göstərir. ABŞ rəsmiləri həmçinin Roma Statutuna üzv ölkələrə məhkəmədən çıxmaq üçün siyasi təzyiq göstərməyə çalışırlar. Burada beynəlxalq hüquq üçün çox ağır sual yaranır: Beynəlxalq məhkəmə böyük dövlətin siyasi iradəsi ilə razılaşmadıqda həmin dövlət məhkəməyə qarşı iqtisadi gücündən istifadə edə bilərmi? Vaşinqtonun cavabı faktiki olaraq müsbətdir, çünki ABŞ öz milli suverenliyini və vətəndaşlarının razılığı olmadan beynəlxalq cinayət yurisdiksiyasına məruz qalmamasını əsas prinsip kimi irəli sürür.

Haaqa isə tamam başqa prinsipdən çıxış edir: məhkəmənin mandatını ayrı-ayrı dövlətlər yox, Roma Statutunun iştirakçısı olan dövlətlər verib və məhkəmə həmin mandatı siyasi təzyiqdən asılı olmadan həyata keçirməlidir. Məhkəmənin özünün 19 avqust bəyanatında məhz bu məqam vurğulanır.

Bu qarşıdurmanın daha bir mühüm tərəfi var: ABŞ özü məhkəmənin üzvü deyil, lakin məhkəmənin qərarları və fəaliyyəti ABŞ-ın ən yaxın müttəfiqlərindən biri İsrailə toxunur. Bu səbəbdən məsələ artıq yalnız hüquqi mübahisə deyil, ABŞ-İsrail münasibətləri, Qəzzadakı müharibə və beynəlxalq məsuliyyət məsələsinin bir hissəsinə çevrilib. Tramp administrasiyası açıq şəkildə bildirir ki, məhkəmənin İsrail rəsmilərinə qarşı fəaliyyəti Vaşinqton tərəfindən qəbul edilmir. Məhz buna görə Tomoko Akanenin hədəfə alınması xüsusi siyasi çəki daşıyır. Akane adi məhkəmə əməkdaşı deyil, o, 2024-cü ildən Beynəlxalq Cinayət Məhkəməsinin prezidentidir və məhkəmənin ən yüksək institusional nümayəndəsidir. Yaponiya Xarici İşlər Nazirliyi 19 avqustda Vaşinqtonun qərarını “son dərəcə təəssüf doğuran” addım adlandırıb və ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsini ardıcıl şəkildə dəstəklədiyini bildirib.

Yaponiyanın reaksiyası təsadüfi deyil. Tokio ABŞ-ın əsas hərbi və siyasi müttəfiqlərindən biridir. Buna baxmayaraq Yaponiya öz vətəndaşı olan Beynəlxalq Cinayət Məhkəməsi prezidentinə tətbiq edilən sanksiyanı etirazla qarşılayıb. Bu fakt göstərir ki, məsələ Vaşinqtonun konkret olaraq İsraillə bağlı siyasətindən çıxaraq ABŞ-ın beynəlxalq hüquq institutları ilə münasibətləri məsələsinə çevrilməyə başlayır.

Avropa İttifaqı da ABŞ-ın addımını tənqid edib. Aİ xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas məhkəməyə və onun əməkdaşlarına təzyiqin məhkəmənin müstəqilliyinə və fəaliyyətinə zərər verdiyini bildirib, Avropa İttifaqının Roma Statutuna və Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyini təkrar təsdiqləyib.

Beləliklə, qarşıdurmanın bir tərəfində ABŞ-ın milli suverenlik arqumenti, digər tərəfində isə beynəlxalq cinayət ədalətinin universallığı və məhkəmənin institusional müstəqilliyi dayanır. Məsələnin mürəkkəbliyi də bundadır. Əgər beynəlxalq məhkəmə yalnız onu qəbul edən dövlətlərin vətəndaşları barəsində qərar çıxara bilsəydi, beynəlxalq cinayət hüququnun təsir dairəsi ciddi şəkildə məhdudlaşardı. Əksinə, əgər məhkəmə istənilən dövlətin vətəndaşı haqqında həmin dövlətin razılığı olmadan hökm verə bilsə, bu dəfə dövlət suverenliyi və yurisdiksiya sərhədləri ilə bağlı ciddi suallar meydana çıxır. Haaqa ilə Vaşinqton arasındakı mübahisənin əsl düyünü məhz bu iki prinsipin toqquşduğu yerdədir.

Üstəlik, söhbət yalnız ABŞ-dan getmir. Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Tomoko Akane iyulun 28-də Yaponiyada çıxış edərkən Tramp administrasiyasının üzv dövlətlərə məhkəmədən çıxsınlar deyə təzyiq göstərdiyini və bunun məhkəmə üçün böhran yaratdığını bildirib. O, Yaponiyanın digər Asiya ölkələrini məhkəmədə qalmağa təşviq etməsini istəyib. Akane eyni zamanda “böhran” olduğunu, lakin məhkəmənin məğlub olmadığını vurğulayıb. Bu isə məsələnin gələcək mərhələsinə işarədir. ABŞ artıq yalnız konkret hakimləri sanksiyaya məruz qoymur, məhkəmənin beynəlxalq siyasi dayaqlarını zəiflətməyə çalışır. Digər tərəfdən, məhkəməyə üzv dövlətlər onun müstəqilliyini qorumağa çalışır. Burada qarşıya çıxan əsas sual belədir: Roma Statutuna qoşulmuş dövlətlər ABŞ-ın təzyiqi qarşısında Haaqa ilə həmrəy qalacaq, yoxsa dünyanın ən güclü siyasi və iqtisadi dövlətinin təzyiqi məhkəmənin beynəlxalq dayaqlarını tədricən zəiflədəcək? Çünki bu mübahisənin gözlənən nəticəsi yalnız Tomoko Akane, Abdoulaye Sey və ya Benyamin Netanyahu ilə bağlı deyil. Nəticə daha böyükdür. Bu, dövlət suverenliyi ilə beynəlxalq cinayət məsuliyyəti arasında sərhədin haradan keçəcəyini müəyyənləşdirən mübarizəyə çevrilir.

Əgər böyük dövlətlər beynəlxalq məhkəmənin qərarlarını öz milli maraqlarına uyğun gəlmədikdə hakim və prokurorlara sanksiya tətbiq etməklə cavablandırmağa başlayırsa, beynəlxalq hüququn siyasi gücdən nə qədər müstəqil qala biləcəyi sualı qaçılmaz olur. Əksinə, beynəlxalq məhkəmə böyük dövlətlərin və onların müttəfiqlərinin razılığı olmadan belə araşdırma və təqib imkanını qoruyursa, onda dövlət suverenliyinin klassik anlayışının sərhədləri dəyişir. Haaqa ilə Vaşinqton arasındakı bugünkü qarşıdurmanın əsl əhəmiyyəti də məhz budur: söhbət bir məhkəmədən yox, gələcəkdə beynəlxalq hüququn kimə və hansı həddə qədər toxuna biləcəyindən gedir.

Kəramət QƏNBƏROV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, beynəlxalq hüquq üzrə ekspert və beynəlxalq münasibətlər üzrə tədqiqatçı

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30