Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kənd təsərrüfatında yeni subsidiya qaydaları

Kənd təsərrüfatında yeni subsidiya qaydaları

08.09.2026 [10:40]

Aqrar Subsidiya Şurası dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Aqrar Subsidiya Şurası kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişiklikləri təsdiq edib.Əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib. Belə ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar müəyyən edilib. Bağçılıq subsidiyası üçün isə yeni salınmış bağların azı 3 il müddətinə sığortalanması tələb olunur.

Taxıl əkinlərə hər hektara 400, kartof və tərəvəz əkənlərə 500 manat

Yeni qərara əsasən, taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb. “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn tələblər üzrə 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, yəni hər hektara 400 manat subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə əkin subsidiyası 200 AZN/ha olaraq müəyyən edilib. Suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb. Beləliklə, xüsusilə suya qənaət edən müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün dövlət dəstəyinin məbləği artırılır.

Həmçinin dağlıq rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektarda 600 manata, digər sahələr üçün isə 400 manata çatdırılıb.

Texnika alınmasına görə, güzəştlər

Kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizə qədər artırılıb. Yerli istehsal damcı suvarma sistemlərində güzəşt tətbiq edilən hissə 60 faiz, xarici istehsal sistemlərində isə 50 faiz olacaq. Kiçik şərabçılıq müəssisələrinin yaradılması üçün avadanlıqlar üzrə güzəşt 60 faiz, istixanalarda istifadə olunan texnoloji avadanlıqlar, habelə yerli istehsal metal konstruksiya və şüşələr üzrə güzəşt 20 faiz həddində müəyyən edilib.

Bağçılıq subsidiyalarının şərtləri sadələşdirilib

Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycanda bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bir sıra mövcud tələblər sadələşdirilib. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan MR-də isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektara endirilib. İntensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilib, zeytun üzrə maksimal yüksəklik 300 metrə qədər artırılıb, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılıb. Pambıq üzrə məhsul subsidiyası da istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılıb. Ənənəvi suvarmada subsidiya 200 manat/ton, sprinkler və pivot suvarmada hər ton üşün 215 manat, damcı suvarmada isə 300 manat müəyyən edilib.

Beşillik əsas hədəflər

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas dövlət dəstəyi mexanizmlərindən biri kimi qəbul olunur.

Hazırda ölkəmizdə qida məhsulları ilə özünü təmin etmə əmsalı bəzi məhsullar üzrə tam tələbatı ödəyir, bəziləri üzrə 70-80 faiz nisbətindədir, bəziləri üzrə isə 60 faizdən aşağıdır. Məhz bu nöqteyi-nəzərdən həmin əsas qida mallarının istehsal zəncirinin qurulması üçün davamlı tədbirlərə ehtiyac var.  Daxili tələbatı ödəmək üçün istehsal sahələri genişləndiriləcək. Bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir. Bundan başqa, digər emal və istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Habelə yeni aqroparklar, heyvandarlıq və fermer təsərrüfatları yaradılacaq. Bundan başqa, iplik və parça istehsalının təşviq edilməsi üçün güzəştli kreditlərin ayrılması, ipək və xalçaçılıq üzrə emal sahələrinin institusional təkmilləşdirilməsi, pambıq mahlıcı və ipliyi üçün məhsul subsidiyasının tətbiq edilməsi nəzərdə tutulub. Eyni zamanda azı 2 yeni iplik və ya parça emalı müəssisəsinin dəstəklənməsi, pambıq mahlıcının iplik istehsalına yönəldilən hissəsinin, eləcə də ipliyin parça istehsalına yönəldilən hissəsinin artırılması planlaşdırılır.

Cari ilin əvvəllərində dövlət başçısı tərəfindən təsdiq olunan “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri sırasında müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın artırılması, intensiv meyvə bağlarının və istixana komplekslərinin sahəsinin genişləndirilməsi, soyuducu anbarlar və taxıl siloları üzrə mövcud imkanların artırılması, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, həmçinin quş əti, süd, mal əti, qoyun əti, yumurta və akvakultura məhsulları istehsalının artırılması yer alıb. Proqramda suvarma üzrə enerji təminatının yaxşılaşdırılması da əsas prioritetlərdəndir ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi kənd təsərrüfatında yeni imkanların yaradılmasını təmin edəcək.

Beləliklə, aqrar sahədə tətbiq edilən yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, ümumilikdə isə dayanıqlı inkişafı təşviq edəcək.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30