Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan qlobal məkanda...

Azərbaycan qlobal məkanda...

22.09.2026 [08:54]

Müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq münasibətlər sisteminin yeni çağırışları meydana gəlir. Hazırda dünyanın müxtəlif bölgələrində müharibələr, silahlı qarşıdurmalar davam edir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Səmərəli və praqmatik müstəqil siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.

Dünya üçün ölkəmizin önəmi artır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Ərazi bütövlüyünü və suverenliyi bərpa edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu və digər amillər isə ölkəmizin  beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.

Eyni zamanda, ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə, konfranslara ev sahibliyi edir. Təkcə sentyabr ayı  ərzində TDT, İƏT və s. bağlı tədbirlər bunun göstəricisidir. Bunlarla yanaşı, ölkəmiz regionda, eləcə də beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən geostrateji layihələrin əhəmiyyəti və nəticələri deyilənləri təsdiq edir. Azərbaycan nəinki yerləşdiyi regionda, həm də bütövlükdə Avrasiya geosiyasi məkanında işbirliyinə, təhlükəsizliyə xidmət edən strateji əhəmiyyətli layihələrin reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi deyil ki, Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, dünya siyasətinin aparıcı aktorları, həmçinin mötəbər regional və beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi siyasətini regional təhlükəsizlik və qlobal inkişaf kontekstində olduqca yüksək qiymətləndirirlər.

Strateji mövqe...

Hazırkı mənzərədə geosiyasi transformasiyalar, qlobal enerji bazarlarında baş verən dəyişikliklər və yeni nəqliyyat marşrutlarına artan tələbat Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəldir. Ölkənin malik olduğu təbii ehtiyatlar, inkişaf etmiş nəqliyyat infrastrukturu, etibarlı tərəfdaş imici və praqmatik xarici siyasət kursu onu regionun sabitlik və əməkdaşlıq gündəliyinin formalaşdırılmasında əsas iştirakçı kimi ön plana çıxarır. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazda oynadığı rol yalnız milli maraqların təmin edilməsi ilə məhdudlaşmır, həm də daha geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təşviqinə xidmət edir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Bakıda olarkən mətbuata bəyanatında bildirib ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir: “Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.

Şübhəsiz ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanla əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

Bir sıra xatırlatmalar, ölkəmizin həqiqətən də qlobal məkanda mühüm yer tutduğunu tədiqləyir.

Ölkəmiz nüfuzlu beynəxalq tədbirlərə ev sahibliyi edir

Xatırladaq ki, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, daha sonra isə 2017-2019-cu illər üçün 176 dövlətin dəstəyi ilə BMT-nin İqtisadi və Sosial Şurasına üzv olması ölkəmizin diplomatik uğurlarının mühüm göstəricilərindəndir. Bununla yanaşı, Azərbaycanın 2019-2023-cü illərdə 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsi qlobal diplomatik nüfuzunun daha da möhkəmlənməsinə xidmət edib. Bu uğurların davamı olaraq 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, bu ilin may ayında isə Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən beynəlxalq etimadın və yüksək nüfuzun növbəti təsdiqi oldu. Regionun aparıcı dövləti kimi tanınan Azərbaycan bu gün qlobal səviyyədə də fəal və prinsipial mövqeyi ilə seçilir.

Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir, həmin təşkilatların fəaliyyətində mühüm rol oynayır. Növbəti il isə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti zirvə görüşü keçiriləcək. 60-a yaxın dövlətin lideri Bakıda toplaşacaq. Bu fakt ölkəmizin İslam həmrəyliyinə verdiyi töhfələrin məntiqi nəticəsidir.

Qazanılan nailiyyətlər qarşıda yeni vəzifələr müəyyənləşdirir. Bu isə Azərbaycanın uzunmüddətli milli maraqlarının təmin olunması baxımından əlavə imkanlar yaradır. Xarici siyasətin əsas prioritetləri sırasında ölkəmizin müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsi, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verilməsi xüsusi yer tutur. Beləliklə, milli maraqların təmin olunması məqsədilə ölkəmiz dəyişən geosiyasi şəraitə çevik uyğunlaşaraq məsuliyyətli və konstruktiv diplomatiya həyata keçirib, ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərini daha da gücləndirib, beynəlxalq nüfuzunu və təsir imkanlarını artırıb. Bütün bunlar ölkəmizin dünya miqyasında nüfuzunu daha da yüksəldir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30