Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ənənə və müasirliyin sintezi...

Ənənə və müasirliyin sintezi...

06.10.2026 [08:37]

Beynəlxalq Memarlar Günüdür

Bəzən bir şəhəri tanımaq üçün onun küçələrində gəzmək kifayətdir. Şəhərin simasını formalaşdıran, yaddaşlarda iz buraxan və estetik görünüşü ilə diqqət çəkən tarixi tikililər yalnız memarlıq nümunəsi deyil, həm də keçmişdən bu günə uzanan mühüm mədəni irsdir. Bu binalara nəzər salmaqla onların inşa edildiyi dövr haqqında təsəvvür yaratmaq, həmin cəmiyyətin sosial və iqtisadi inkişaf səviyyəsini, həyat tərzini, adət-ənənələrini və mədəni xüsusiyyətlərini öyrənmək mümkündür. Ona görə də memarlıq abidələri bir xalqın tarixini yaşatmaqla yanaşı, onun dünyagörüşü və xarakteri haqqında da müəyyən təsəvvür formalaşdırır.

Əsrlər boyu xalqların tarixində baş verən dəyişikliklər özünü həmin xalqın memarlıq sənətində büruzə verib. Memarlıq yalnız xalqın mədəniyyətindən, eyni zamanda həmin ərazidə kimlərin yaşayıb-yaratdıqlarından da xəbər verir. Mədəniyyətin və incəsənətin bütün zahiri formalarını özündə cəmləşdirən tikililər üslublarına görə 3 əsas qrupa bölünür: tipik Şərq, qədim Avropa və müasir tikililər.

Yeri gəlmişkən, oktyabrın 6-sı Beynəlxalq Memarlar Günü kimi qeyd olunur. Bu gün 1985-ci ildə Beynəlxalq Memarlar İttifaqı tərəfindən təsis edilib.

Daşdan əvvəl yaranan fikir...

Memarlığın yaşı insan sivilizasiyasının özü qədər qədimdir. İlk yaşayış məskənlərindən möhtəşəm saraylara, ibadət məbədlərindən müasir göydələnlərə qədər hər dövr öz memarlıq dili ilə yadda qalıb. Qədim insan üçün tikili əvvəlcə sığınacaq idi. Zaman keçdikcə bina yalnız qorunmaq üçün qurulan məkan olmaqdan çıxdı, insanın dünyagörüşünü ifadə edən sənət əsərinə çevrildi. Misir piramidaları, Roma amfiteatrları, orta əsr qalaları, Şərqin məscid və mədrəsələri, Avropanın qotik kilsələri müxtəlif dövrlərin düşüncə tərzini bu günə qədər yaşadır.

Memarın işi yalnız çəkmək deyil

Memarları yalnız əlində layihə çantası olan və plan üzərində xətlər çəkən mütəxəssis kimi təsəvvür etmək düzgün olmazdı. Onların işi şəhərin nəqliyyatından insanların gündəlik hərəkətinə, yaşıllıq sahələrindən təbii işıqlandırmaya, enerji səmərəliliyindən binaların təhlükəsizliyinə qədər çoxsaylı məsələləri əhatə edir. Yaxşı layihə ilk baxışda möhtəşəm görünməklə kifayətlənmir. İnsan həmin məkanda özünü rahat hiss etməlidir. Uşaqlar üçün təhlükəsiz meydança, yaşlılar üçün əlçatan keçid, işçilər üçün işıqlı və sağlam mühit, ailələr üçün funksional yaşayış sahəsi - bütün bunlar memarların işinin nəticəsidir. Bu baxımdan memarlığın ən böyük sınağı gözəlliklə funksionallıq arasında düzgün tarazlıq yaratmaqdır.

Mədəniyyət incilərimiz...

Əsrlər boyu milli memarlıq abidələri yaradılan Azərbaycanda da Beynəlxalq Memarlar Günü qeyd olunur. Naxçıvan, Təbriz-Sultaniyyə, Şirvan-Abşeron, Şəki-Zaqatala, Bərdə-Qarabağ və digər memarlıq məktəblərinin məhsulu olan gözəl memarlıq və şəhərsalma əsərləri bunun bariz göstəricisidir. Hələ qədim zamanlardan ev tikmək, el-oba salmaq, körpü inşa etmək, qurmaq-yaratmaq dədə-babalarımızın müqəddəs işi olub.

Əcdadlarımız əsrlərin yaşıdı olan qalalar, saraylar, məbədlər, türbələr tikib, istehkamlar qurub, bu günümüzə qədər gəlib çatan “körpü”lər salıblar. Qız qalası, Şirvanşahlar sarayı, Xudafərin körpüsü, Kiş məbədi, Möminə Xatun türbəsi və saymadığımız yüzlərlə tikili memarlarımızın əl əməyinin məhsuludur.

Gələcəyin binaları necə olacaq?

Müasir memarlıq artıq yalnız binanın xarici görünüşü ilə ölçülmür. Enerjiyə qənaət edən sistemlər, ekoloji materiallar, ağıllı texnologiyalar, təbii işıqdan səmərəli istifadə və iqlim dəyişikliklərinə uyğunlaşan layihələr yeni tikinti yanaşmalarının əsas istiqamətlərindəndir.

Dünyanın müxtəlif şəhərlərində binaların enerji istehlakının azaldılması, damlarda yaşıllıqların yaradılması, günəş enerjisindən istifadə və piyadalar üçün daha əlverişli məkanların təşkili kimi həllər geniş yayılır. Bu dəyişikliklərin mərkəzində isə sadə bir fikir dayanır: şəhər insan üçün qurulmalıdır. Çünki ən hündür bina və ya ən qeyri-adi fasad özlüyündə uğurlu memarlıq nümunəsi deyil. Əsas məsələ həmin məkanın insan həyatına nə qədər müsbət təsir göstərməsidir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 8 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31