Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Tuapse” hadisəsi: soyuq müharibənin dənizdəki kölgəsi və beynəlxalq hüququn sınağı

“Tuapse” hadisəsi: soyuq müharibənin dənizdəki kölgəsi və beynəlxalq hüququn sınağı

16.10.2026 [09:17]

1954-cü ilin iyununda Cənubi Çin dənizində baş vermiş bir hadisə soyuq müharibənin mahiyyətini anlamaq üçün olduqca maraqlı tarixi nümunə yaradır. Söhbət sovet “Tuapse” tankerinin Çin Xalq Respublikasının hərbi-dəniz qüvvələri tərəfindən saxlanmasından gedir. Hadisənin arxasında bir gəmi, bir yük və bir ekipajdan daha böyük geosiyasi qarşıdurma dayanırdı. Çin Xalq Respublikası ilə Tayvan arasında davam edən mübarizə, ABŞ-ın Tayvana verdiyi siyasi və təhlükəsizlik dəstəyi, Sovet İttifaqının Çinlə yaxınlaşması və beynəlxalq dəniz hüququnun prinsipləri eyni bir hadisənin içində birləşmişdi.

“Tuapse” məsələsi bu gün də ona görə maraq doğurur ki, burada beynəlxalq siyasətin mühüm paradokslarından biri aydın görünür: dövlət müəyyən strateji məqsədə nail olmaq üçün hərbi gücdən istifadə edə bilir, lakin bəzən həmin addımın hüquqi nəticələri siyasi məqsədin özündən daha böyük problem yaradır.

1954-cü ilin 23 iyununda sovet tankerinin qarşısı Luzon ilə Formoza arasında, açıq dənizlərdə Çin Xalq Respublikasının iki hərbi gəmisi tərəfindən kəsildi. ABŞ Dövlət Departamentinin həmin günlərə aid məxfi teleqramında tankerə iki Çin esmines müşayiət gəmisinin yanaşdığı, ekipajın müqavimət göstərdiyi və gəminin daha sonra Kaohsiunqa aparıldığı qeyd edilir.

Bu məqam hadisənin ilk hüquqi düyününü yaradır: bir dövlətin hərbi-dəniz qüvvələri başqa dövlətin bayrağı altında üzən kommersiya gəmisini açıq dənizdə hansı əsasla saxlaya bilər? Sual sadə səslənsə də, cavab həmin dövrün beynəlxalq münasibətlər sisteminin mahiyyətinə toxunurdu. “Tuapse” hərbi gəmi və ya silahlı nəqliyyat vasitəsi yox, sovet dövlətinə məxsus kommersiya tankeri idi. Onun marşrutu və yükü siyasi baxımdan mühüm əhəmiyyət daşıya bilərdi, lakin siyasi əhəmiyyət daşıyan yükün mövcudluğu özlüyündə açıq dənizdə xarici gəminin saxlanması üçün universal hüquqi əsas yaratmırdı.

Hadisəni daha maraqlı edən məqam da bundan sonra ortaya çıxır: Tayvan hakimiyyəti gəmini sadəcə saxlamadı, “Tuapse” Kaohsiunqa aparıldı, kerosin yükü boşaldıldı və ekipajın bir hissəsinin SSRİ-yə qayıtmaqdan imtina etməsinə nail olmaq istiqamətində fəaliyyət göstərildi. ABŞ Dövlət Departamentinin 19 avqust 1954-cü il tarixli məxfi memorandumunda bu faktlar açıq şəkildə əksini tapır: tanker iyunun 23-də saxlanmış, Kaohsiunqa aparılmış, kerosin yükü boşaldılmış və ekipaj üzvlərinin tərəf dəyişməsinə cəhd göstərilmişdi.

Beləliklə, hadisə üç ayrı müstəviyə bölündü: birinci müstəvi gəminin saxlanmasıydı; ikinci müstəvi yükün müsadirəsiylə bağlı məsələydi; üçüncü və daha həssas müstəvi isə insanların iradəsi və hüquqi statusu ilə bağlı yaranmışdı. Məhz burada “Tuapse” hadisəsi adi dəniz insidenti çərçivəsindən çıxaraq beynəlxalq hüquq probleminə çevrilir, çünki beynəlxalq hüquqda dövlətin hərəkəti yalnız siyasi məqsədlə ölçülmür, hərəkətin hüquqi əsası, tətbiq olunduğu məkan, hədəfin hüquqi statusu, istifadə edilən vasitələrin legitimliyi və həmin hərəkətin başqa dövlətin hüquqlarına təsiri ayrıca qiymətləndirilir.

ABŞ Dövlət Departamentinin mövqeyi bu baxımdan diqqətəlayiqdir. 9 iyul 1954-cü ildə ABŞ dövlət katibi Con Foster Dalles paytaxt Taypeyə göndərdiyi teleqramda “Tuapse”nin davamlı saxlanması üçün beynəlxalq hüquqda tanınan əsaslardan xəbərdar olmadığını bildirirdi. Vaşinqton gəminin və siyasi sığınacaq istəməyən ekipaj üzvlərinin azad olunmasını tövsiyə edir, məsələnin uzadılmasının Sovet İttifaqının cavab tədbirlərinə və daha geniş beynəlxalq nəticələrə səbəb ola biləcəyindən narahatlıq keçirirdi. Bu sənəd hadisənin ən maraqlı tərəflərindən birini ortaya qoyur. ABŞ Tayvanın əsas siyasi və təhlükəsizlik tərəfdaşlarından biriydi. Buna baxmayaraq, Vaşinqton “Tuapse”nin uzun müddət saxlanmasını strateji baxımdan təhlükəli hesab edirdi. Daha sonra - 5 avqust 1954-cü ildə Dallesin göndərdiyi başqa teleqramda gəminin saxlanmasının qanuniliyinin “ciddi şübhə” doğurduğu və belə addımın Tayvanın beynəlxalq mövqeyinə zərər verə biləcəyi vurğulanırdı. Buradan çox mühüm bir dövlətçilik dərsi çıxır: müttəfiqə siyasi dəstək vermək onun bütün addımlarını hüquqi və siyasi baxımdan avtomatik müdafiə etmək anlamına gəlmir. Böyük dövlətlər üçün belə fərqləndirmə xüsusilə əhəmiyyətlidir, çünki tərəfdaşın atdığı bir addımın yaratdığı hüquqi və diplomatik məsuliyyət son nəticədə həmin tərəfdaşın öz sərhədlərini də aşa bilər. “Tuapse” məsələsində məhz belə vəziyyət yaranmışdı. Hadisənin davam etməsi Sovet İttifaqının reaksiyasını gücləndirə, regionda hərbi-dəniz patrullarını artıra və daha geniş qarşıdurma yarada bilərdi. ABŞ Dövlət Departamentinin avqust sənədində də bu risk xüsusi vurğulanırdı.

1949-cu ildə Çin Xalq Respublikasının yaradılmasından sonra Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsiylə Çan Kayşinin rəhbərlik etdiyi Çin Respublikası hökuməti Tayvana çəkilmişdi. Pekinlə Taypey arasında yaranan qarşıdurma Çinin daxili məsələsi çərçivəsində qalmadı, ABŞ və Sovet İttifaqının qlobal rəqabəti bu qarşıdurmaya daha geniş geosiyasi məzmun verdi. Tayvan hakimiyyəti materikdəki Çinə gedən ticarət və enerji yüklərinin qarşısını almağa çalışırdı. Tayvanın Milli Arxivlərinin təqdim etdiyi sənədlərdə “Tuapse”nin saxlanması zamanı sovet tankerinin Çinə yanacaq apardığı və bu hadisənin sonradan BMT səviyyəsinə qədər daşındığı göstərilir. Həmin arxiv materiallarında Sovet İttifaqının Çinin dəniz ərazilərində xarici gəmilərin saxlanmasını beynəlxalq hüququn pozulması kimi gündəmə gətirdiyi də qeyd olunur. Beləliklə, “Tuapse”nin hekayəsi artıq bir tanker haqqında hekayə olmaqdan çıxıb, dənizdə güc tətbiqi ilə beynəlxalq hüquqi yurisdiksiya arasındakı sərhədin müzakirəsinə çevrilir. Hadisənin ən maraqlı hüquqi tərəfi də budur.

ABŞ Dövlət Departamenti gəminin saxlanması üçün beynəlxalq hüquqda tanınan əsas görmürdü. Bu mövqe “Tuapse” hadisəsini həmin dövrdə qüvvədə olan naviqasiya azadlığı prinsipləri ilə birbaşa əlaqələndirirdi. ABŞ-ın diplomatik arxivində “Tuapse”nin konfiskasiyası üçün beynəlxalq hüquqda tanınmış əsasların olmadığı barədə açıq ifadənin yer alması hadisənin hüquqi qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada bir mühüm fərqləndirmə aparmaq lazımdır: “Tuapse” hadisəsini bugünkü beynəlxalq dəniz hüququnun bütün normaları ilə geriyə doğru mexaniki şəkildə qiymətləndirmək düzgün metodoloji yanaşma olmaz. 1954-cü ildə BMT Dəniz Hüququ Konvensiyası mövcud deyildi; həmin Konvensiya yalnız 1982-ci ildə qəbul edilib. Lakin açıq dənizlərdə dövlətlərin yurisdiksiyası, bayraq dövlətinin rolu və naviqasiya azadlığı ilə bağlı prinsiplər artıq beynəlxalq hüququn mühüm hissəsini təşkil edirdi. Buna görə hadisə müasir dəniz hüququnun inkişaf tarixinin əvvəlki mərhələlərindən biri kimi də araşdırıla bilər.

Hadisə 1954-cü ilin yayında başa çatmadı, “Tuapse”nin tale xətti sonrakı illərə də uzandı. Tayvan arxivlərində saxlanan məlumatlar göstərir ki, ekipaj üzvlərinin taleyi uzun müddət siyasi və diplomatik müzakirə mövzusu olaraq qalıb. Bəzi ekipaj üzvləri Tayvanda qalıb, digərləri başqa ölkələrə gedib, bir hissəsi də sonradan SSRİ-yə qaytarılıb. Bu baxımdan “Tuapse” hadisəsinin tarixdə qoyduğu iz gəminin öz taleyindən daha əhatəlidir. Hadisə üç mühüm məsələni eyni vaxtda gündəliyə gətirdi: beynəlxalq sularda gəmiçilik azadlığı, dövlətin xarici gəmi üzərində yurisdiksiya həddi və siyasi qarşıdurma şəraitində fərdlərin hüquqi statusu.

Bəs həmin hadisənin bu gün Rusiya və Qərb arasındakı münasibətlərlə hansı əlaqəsi var?

Burada tarixi analoqu mexaniki şəkildə müasir vəziyyətə köçürməkdən çəkinmək lazımdır. 1954-cü ilin beynəlxalq sistemi ilə 2026-cı ilin sistemi arasında böyük fərqlər var. Lakin davranış məntiqində müəyyən oxşarlıqlar görünür: böyük dövlətlər arasında strateji qarşıdurma dərinləşdikcə hərbi, iqtisadi və hüquqi alətlər bir-birindən ayrılmaz hala gəlir. Bu gün Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları 2014-cü ildən başlayan və 2022-ci ildən sonra əhəmiyyətli şəkildə genişlənən hüquqi rejim təşkil edir. 2026-cı ilin iyununda Aİ iqtisadi sanksiyaları 2027-ci ilin iyulunadək uzadıb; tədbirlər enerji, maliyyə, ticarət və ikili təyinatlı texnologiyalar kimi sahələri əhatə edir. 2026-cı ilin iyul ayında isə Aİ Rusiyanın “kölgə donanması” ilə əlaqəli gəmilərə və maliyyə şəbəkələrinə qarşı əlavə məhdudiyyətlər tətbiq edib. Bugünkü vəziyyətin 1954-cü ildən əsas fərqi də burada görünür: “Tuapse” hadisəsində bir gəminin fiziki saxlanması və yükünün müsadirəsi əsas mübahisə predmetinə çevrilmişdi; müasir Avropada isə Rusiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin böyük hissəsi hüquqi aktlar, maliyyə məhdudiyyətləri, ixrac nəzarəti, enerji siyasəti və sanksiya mexanizmləri vasitəsilə həyata keçirilir. Başqa sözlə, güc mübarizəsinin alətləri dəyişib, lakin hüquq yenə də həmin mübarizənin mühüm meydanlarından biri olaraq qalır.

NATO-nun hazırkı mövqeyi də bu reallığın dəyişdiyini göstərir. Alyans Rusiya ilə münasibətləri tərəfdaşlıq səviyyəsində görmür, lakin eskalasiya risklərini azaltmaq üçün Moskva ilə kommunikasiya kanallarının saxlanmasını vacib sayır. NATO-nun rəsmi mövqeyində Rusiya ilə münasibətlərin gələcəyinin onun beynəlxalq hüquqa uyğun davranışından və Ukraynaya qarşı hərbi fəaliyyətin dayandırılmasından asılı olduğu bildirilir. 2026-cı ilin oktyabrında isə münaqişə ətrafında vəziyyət yenidən gərgin olaraq qalır. Avropa ölkələri Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirir, eyni zamanda diplomatik həll yollarının axtarışı da gündəmdədir. Almaniya kansleri Fridrix Merts 4 oktyabr 2026-cı ildə Kiyevə səfəri zamanı həm yeni hərbi və enerji yardımı açıqlaması verib, həm də Rusiyanın zərbələrinin dayandırılması və sülh danışıqlarına dair çağırışlar səsləndirib. Belə şəraitdə “Qərbin Rusiya ilə münasibətləri üçün hansı inkişaf ssenarisi daha əlverişlidir?” sualına emosional cavab verməkdənsə, dövlətlərin qarşısında duran əsas strateji məsələləri müəyyənləşdirmək daha faydalıdır.

Birinci məsələ təhlükəsizlikdir. Avropa öz təhlükəsizliyini yalnız ABŞ-ın hərbi imkanlarına bağladığı modeldən daha çox öz müdafiə qabiliyyətini artıran modelə doğru hərəkət edir. Eyni zamanda, ABŞ-ın Avropadakı rolunun gələcəkdə hansı səviyyədə qalacağı da strateji əhəmiyyət daşıyır. 2026-cı ilin gedişi göstərir ki, Avropa həm Ukraynanın müdafiəsinə daha böyük resurs ayırmağa, həm də öz hərbi sənaye və müdafiə imkanlarını gücləndirməyə çalışır.

İkinci məsələ eskalasiyanın idarə olunmasıdır. Rusiya ilə Qərb arasında rəqabətin davam etməsi mümkündür, lakin rəqabətlə nəzarətsiz eskalasiya arasında böyük fərq var. “Tuapse” hadisəsinin 1954-cü ildə verdiyi ən mühüm dərslərdən biri məhz budur: lokal hadisə böyük dövlətlərin maraqları ilə birləşəndə onun nəticələrini əvvəlcədən hesablamaq çətinləşir.

Üçüncü məsələ hüquqi çərçivənin qorunmasıdır. Beynəlxalq münasibətlərdə dövlətlər qarşı tərəfə təzyiq göstərmək üçün müxtəlif vasitələrdən istifadə edə bilər, lakin hüquqi əsaslandırma zəiflədikcə siyasi tədbirin beynəlxalq legitimliyi də zərər görür. “Tuapse” hadisəsində ABŞ-ın özünün gəminin saxlanmasına hüquqi əsas tapmadığını bildirməsi bu baxımdan çox ciddi tarixi nümunədir.

Dördüncü məsələ danışıqlar üçün kanalların qorunmasıdır. Rəqabət şəraitində belə kommunikasiya kanallarının tam bağlanması təhlükəsizlik baxımından əlavə risklər yarada bilər. NATO-nun hazırkı mövqeyində də bu yanaşma görünür: alyans Rusiya ilə tərəfdaşlıq münasibətini qəbul etmir, lakin risklərin azaldılması və eskalasiyanın qarşısının alınması üçün kommunikasiya kanallarının qorunub saxlanmasını mümkün və zəruri vasitə kimi qiymətləndirir. Bu baxımdan Qərb-Rusiya münasibətlərinin gələcəyi üçün ən konstruktiv istiqamət hərbi və siyasi maraqların mövcudluğunu nəzərə alan, lakin onları hüquqi və diplomatik mexanizmlərlə idarə edən modelin formalaşdırılması ola bilər. Bu yanaşma nə təhlükəsizlik risklərini görməzdən gəlməyi, nə də bütün münasibətləri yalnız qarşıdurma üzərində qurmağı tələb edir. Burada əsas məsələ rəqabəti idarəolunan çərçivədə saxlamaqdır.

“Tuapse” hadisəsi bunun üçün çox maraqlı tarixi örnəkdir. 1954-cü ildə bir tanker açıq dənizdə saxlandı. Gəmi başqa ölkənin limanına aparıldı. Yük boşaldıldı. Ekipajın taleyi siyasi mübahisə predmetinə çevrildi. Moskva etiraz etdi. Vaşinqton hadisənin hüquqi əsaslarını şübhə altına aldı. Tayvan hakimiyyəti isə öz təhlükəsizlik və siyasi maraqlarını əsas götürdü. Nəticədə bir gəminin taleyi beynəlxalq diplomatiyanın predmetinə çevrildi. ABŞ-ın öz diplomatik sənədlərində belə gəminin azad edilməsinin zəruriliyi barədə təzyiq göstərilməsi hadisənin nə qədər mürəkkəb olduğunu nümayiş etdirir.

Bu hadisənin bizim üçün də mühüm bir dərsi var. Azərbaycan enerji resurslarının ixracı, beynəlxalq nəqliyyat dəhlizləri, Xəzər dənizində gəmiçilik və Şərq-Qərb nəqliyyat əlaqələri baxımından beynəlxalq hüququn tətbiq sahələrinə birbaşa bağlı ölkələr sırasındadır. Belə bir coğrafiyada dövlət üçün hərbi imkanlarla yanaşı, hüquqi diplomatiya, dəniz hüququ, beynəlxalq müqavilələr, tranzit təhlükəsizliyi və diplomatik manevr imkanları da strateji resurs hesab olunur. “Tuapse” misalı göstərir ki, dövlətin gücü yalnız hərbi vasitələrlə ölçülmür; hüquqi mövqeyi əsaslandırmaq, beynəlxalq dəstək qazanmaq, tərəfdaşların hərəkətlərinin mümkün nəticələrini əvvəlcədən hesablamaq və böhranın genişlənməsinə imkan verməmək də dövlət gücünün mühüm göstəricilərindəndir. Məsələnin maraqlı tərəfi budur ki, 1954-cü ildə bir tanker ətrafında yaranmış böhranın doğurduğu suallar bu gün də aktuallığını müəyyən mənada saxlayır: dövlət öz təhlükəsizlik maraqlarını müdafiə edərkən hansı hüquqi sərhədləri qorumalıdır? Cavabın əhəmiyyəti yalnız keçmişi anlamaqla məhdudlaşmır. Müasir beynəlxalq münasibətlərdə dənizlər, enerji marşrutları, maliyyə sistemləri, sanksiyalar, nəqliyyat dəhlizləri və informasiya məkanı geosiyasi rəqabətin əsas sahələrinə çevrilib.

Məhz buna görə 1954-cü ilin “Tuapse” hadisəsi tarix kitablarında qalan adi bir epizod kimi qiymətləndirilə bilməz. O, beynəlxalq siyasətdə güclə hüququn, təhlükəsizliklə azad naviqasiyanın, dövlət maraqlarıyla fərdi hüquqların necə toqquşduğunu göstərən canlı tarixi nümunədir və bəlkə də hadisədən çıxarılmalı ən mühüm dərs budur: beynəlxalq münasibətlərdə ən təhlükəli məqam qarşı tərəfin gücünü qiymətləndirməməkdən çox öz addımının doğura biləcəyi ikinci və üçüncü nəticələri əvvəlcədən hesablamamaqdır. “Tuapse”nin hekayəsi bir gəminin tutulması ilə başlandı, lakin məsələ çox qısa müddətdə diplomatiyaya, beynəlxalq hüquqa və böyük dövlətlər arasındakı strateji münasibətlərə qədər genişləndi. Bu səbəbdən 1954-cü ilin həmin iyun gününə yalnız keçmişin hadisəsi kimi yox, dövlət davranışının, beynəlxalq hüququn və geosiyasi risklərin bir-birinə necə bağlandığını göstərən tarixi dərs kimi də baxılmalıdır.

Kəramət Qənbərov,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının əməkdaşı

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31