Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan və Laos: İqtisadi əməkdaşlığın yeni prioritetləri

Azərbaycan və Laos: İqtisadi əməkdaşlığın yeni prioritetləri

16.10.2026 [10:51]

Azərbaycan və Laos Xalq Demokratik Respublikası arasında yaxın dostluq və möhkəm siyasi münasibətlər hələ ötən əsrin 70-80-ci illərində mövcud olub. Sovet dövründə təhsil və mədəniyyət sahələrində dostluq əlaqələri mövcud olub, iki min laoslu tələbə respublikamızda təhsil alıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə yaradılmış diplomatik münasibətlər sonrakı illərdə inkişaf edərək siyasi, iqtisadi, müdafiə, təhlükəsizlik, humanitar sahələrdə faydalı əməkdaşlığın qurulmasına səbəb olub. Bu illər ərzində tərəflər bir çox beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik göstərib, bir-birinə qarşılıqlı dəstək verib.

Ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Siyasi əlaqələr son illərdə iqtisadi sahələrdə də inkişaf edərək özünü ticari mübadilələrdə əks etdirməkdədir. Bir neçə il əvvəl ticarət dövriyyəsi 100 min dolları ötmürdüsə, son iki ildə bu rəqəm 300 min dollardan çox olub. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 300 min dollara, 2025-ci ildə isə 329 min dollara çatıb. Bu rəqəmlər potensialın artırılması üçün kifayət qədər iqtisadi resursların mövcudluğuna dəlalət edir. Xüsusilə də enerji, kənd təsərrüfatı, sənaye sahələrində qarşılıqlı ticari mübadilələri artırmaq imkanları böyükdür. Bu baxımdan Azərbaycanda səfərdə olan Laos Prezidenti Thonqlun Sisulitin Prezident İlham Əliyevlə görüşü və müzakirə olunan mühüm məsələlər ölkələr arasındakı iqtisadi əməkdaşlığın artmasına təkan verəcək. Prezidentlərin geniş tərkibdə keçirilən görüşündə bəyan edildiyi kimi bu səfər ikitərəfli gündəliyin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr aparmaq və tərəfdaşlığı gücləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Sisulitin bəyan etdiyi kimi ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri və əməkdaşlığı genişləndirmək, gələcəkdə daha da çox sahələri əhatə etmək üçün mühüm fürsət deməkdir.

İmzalanan sazişlər əməkdaşlığın artmasına təkan verəcək

Tərəflər arasında ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi, turizm və digər sahələr üçün faydalı əməkdaşlıq perspektivləri var və həmin  istiqamətlər üzrə konkret işçi planların hazırlanması nəzərdə tutulur. Xüsusilə də imzalanan sazişlər əməkdaşlığın yeni mərhələsini təsis edir. “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat”ın qəbul edilməsi əsas etibarilə siyasi niyyətləri əks etdirsə də, iqtisadi-humanitar sektorlarda yaxın tərəfdaşlıq üçün də hüquqi-institusional baza yaradır. Həmçinin, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in imzalanması birbaşa aqrar sənaye mallarının mübadiləsinə, turizmin təşviqinə təkan verəcək sənədlər kimi xarakterizə oluna bilər.

Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrin coğrafiyası da genişlənir. Bu siyasət Laosa da investisiya yönləndirilməsinə zəmin verir və tərəflər sərmayələrin hansı sahələrə qoyulmasını yaxın zamanlarda iqtisadi bloklarda tam konkrertləşdirəcək. Yeri gəlmişkən, Laos Prezidentinin  Azərbaycanın Baş naziri ilə görüşündə də investisiya, təhsil, enerji sahələrinin və Azərbaycan üçün maraq kəsb edən digər sahələrin genişləndirilməsində mühüm rol oynaya biləcək məsələlər müzakirə edilib və iqtisadi qurumlar arasında koordinasiyanın gücləndirilməsi qərara alınıb.

İqtisadi dinamizmi artıra biləcək digər mühüm xətt nəqliyyat bağlantılarıdır. Azərbaycanda qonşu ölkələrlə dəmir yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna inteqrasiya daha da dərinləşəcək. Bu isə Laosun Orta Dəhlizə qoşulması üçün münbit şəraiti formalaşdıracaq.

Birgə İşgüzar Şura yaradıla bilər

Azərbaycan və Laos iqtisadi əlaqələrinin təmin edilməsində dövlət qurumları ilə yanaşı, özəl şirkətlər, biznes icmaları arasında bağlantılar da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Bakıda keçirilən biznes forum iqtisadi və investisiya prioritetlərini daha yaxından əlaqələndirməyə istiqamətlənmiş platforma sayıla bilər. Forumda çıxıç edən Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Thanonqsin Kanlanya bildirib ki, iki ölkənin biznes icmaları arasında yaxın məsləhətləşmələr iqtisadi və ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, qarşılıqlı ticarətin artmasında Azərbaycanın təmin etdiyi əlverişli investisiya mühiti, idxal və ixrac potensialını artıran güzəşt sistemləri, Orta Dəhlizin tranzit imkanları mühüm əhəmiyyət daşıyır.

Laos Milli Ticarət və Sənaye Palatasının icraçı vitse-prezidenti Tanonqsin Kanlanya iki ölkənin ticarət palataları arasında Birgə İşgüzar Şura yaradılmasını təklif edib. Bildirib ki, şura qarşılıqlı biznes səfərlərini həyata keçirməklə, hər iki ölkənin iş adamlarını iqtisadi potensiallarla daha yaxından tanış edə, sərmayə yatırımında kömək göstərə bilər. Laosun sənaye və ticarət nazirinin müavini Manothong Vangsay isə vurğulayıb ki, iki dövlətin müvafiq qurumları sıx əməkdaşlığı artırmaq və özəl sektorla qarşılıqlı münasibətləri təmin etmək faydalı ola bilər.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31