Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İnvestisiyaların təşviqi üçün nümunəvi platforma

İnvestisiyaların təşviqi üçün nümunəvi platforma

16.10.2026 [11:19]

III Milli Rəqabət Forumu yeni texnologiya və biznes ideyalarının Azərbaycana gətirilməsini stimullaşdıracaq

Azərbaycan qlobal mühitdə sərmayələrə açıq ölkə və əlverişli investisiya iqliminin təmin edildiyi dövlət kimi tanınmaqdadır. Son dövrlər ölkəmizdə beynəlxalq investisiya ailəsinin davamlı tədbirlərinin keçirilməsi rəqabətin artdığı müasir dövrdə bütün iştirakçılar  üçün mühüm əhəmiyyət kəsb edir, birgə əməkdaşlığın yeni yollarının müəyyənləşməsinə, praktiki addımların atılmasına stimullar yaradır. Bu baxımdan Bakıda keçirilən III Milli Rəqabət Forumu rəqabət mühitinin inkişafına dair prioritet istiqamətlərin müzakirəsi və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma kimi xarakterizə oluna bilər.

“Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunan tədbirdə rəqabət siyasətinin yeni prioritetləri müzakirə edilib, rəqabət mühitinin inkişafına dair yeni yanaşmalar müəyyənləşdirilib, eləcə də dövlət qurumları, tənzimləyici orqanlar və biznes icması arasında əməkdaşlığın genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb.

Son 4 ayda 16,7 milyard dollar dəyərində sazişlər imzalanıb

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə yaradılmış sərmayə imkanlarına diqqət çəkərək bildirib ki, Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verən, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradılıb. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər. Bütün bunlar Azərbaycan xarici sərmayə qoyuluşlarını davamlı olaraq təşviq edir. Ötən ay Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb. Eləcə də, iyun ayında keçirilmiş “Bakı Enerji Həftəsində elan edilmiş layihələrlə birlikdə bu məbləğ 16,7 milyard dollara çatır. Bu, qarşıdakı dövr üçün ciddi investisiya potensialıdır. Həmin potensialın iqtisadiyyata faktiki sərmayə kimi daxil olması üçün layihələrin icrasını müşayiət etmək, yaranan məsələləri vaxtında həll etmək lazımdır. Burada strateji investisiya layihələri üçün yaradılmış “Sürətli keçid” mexanizminin əhəmiyyəti də özünü göstərir.

E.Əliyev rəqabət mühitinin biznesin fəaliyyətinə də xüsusi müsbət təsir göstərdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən cari ilin ilk səkkiz ayında 4300-ə yaxın layihəyə 223 milyon manat güzəştli kredit ayrılıb. Bu amil sahibkarlıq sektorunda milli rəqabətin artmasına öz təsirini göstərməkdədir.

Xarici investorların bərpaolunan enerji sektoruna marağı artır

Energetika naziri Pərviz Şahbazov energetika sektorunda rəqabət mühitinin inkişafı, investisiyaların təşviqi və özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə sağlam rəqabət mühitinin formalaşdırılması və investisiya fəallığının artırılması mühüm yer tutur. Aparılan islahatlar sayəsində enerji səmərəliliyi və sahibkarların enerji infrastrukturuna çıxışı asanlaşdırılıb, “bir pəncərə” prinsipinin tətbiqi nəticəsində elektrik şəbəkəsinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilib.

Energetika sektorunda rəqabətin inkişafı həm də enerji təhlükəsizliyi, təchizatın etibarlılığı və istehlakçı maraqları ilə uzlaşdırılır. Azərbaycanın yürütdüyü enerji siyasəti beynəlxalq iqtisadi mövqeyinin güclənməsində də mühüm rol oynayır. Ölkəmiz hazırda bir sıra dövlətlərin həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində strateji tərəfdaşına çevrilir. Təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi ölkəmizi qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevirir.

P.Şahbzaov vurğulayıb ki, rəqabət mühitinin güclənməsi xarici investorların bərpaolunan enerji sektoruna olan marağını da artırır. Bu siyasət bərpaolunan enerji sektoruna sərmayə qoyuluşlarını stimullaşdırır, yeni güc infrastrukturlarının yaradılmasını genişləndirir. Hazırda “Masdar”, “ACWA Power”, bp, eləcə də Çin və digər ölkələrin şirkətləri ilə irimiqyaslı Günəş və külək enerjisi layihələri reallaşdırılır. Yerli investorların iştirakı ilə Cəbrayıl və Naxçıvanda ümumi gücü 150 MVt olan dörd stansiyanın yaradılması da nəzərdə tutulur. 2027-ci ilin sonunadək ümumi gücü təxminən 2 giqavat olan 11 stansiyanın istismara verilməsi başa çatacaq. Bu layihələrə özəl investisiyaların 2 milyard, dövlət investisiyalarının isə 600 milyon dolları ötəcəyi gözlənilir.

Rəqabət siyasəti sahibkarlığın inkişafına və dayanıqlı iqtisadi artıma töhfə verir

Digər çıxışlarda rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqinin, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsirinin vacibliyi vurğulanıb. Dövlət başçısının 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyətinə toxunulub, sənədin rəqabət siyasətinin yüksəlməsində və sahibkarlığın inkişafında, habelə dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm institisional baza yaratdığı diqqətə çatdırılıb.

Təqdimatlar çərçivəsində təbii inhisar sahələrində dövlət nəzarətinin xüsusiyyətləri, rəqabətyönümlü iqtisadi mühitin formalaşdırılması və bu sahədə beynəlxalq təcrübənin tətbiqi məsələlərindən bəhs edilib. Rəqabət siyasətinin formalaşdırılmasında elmi-analitik yanaşmaların vacibliyi və sözügedən sahədə müstəqil tənzimləyici qurumlarla əməkdaşlığın inkişafı məsələləri iştirakçıların diqqətinə çatdırılıb.

Beləliklə, III Milli Rəqabət Forumu qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma rolunu oynayacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31