Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir

Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir

19.11.2013 [09:16]

9 oktyabr prezident seçkiləri dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında bir-birindən əhəmiyyətli uğurlara imza atan Yeni Azərbaycan Partiyasının qələbələr partiyası kimi mövqeyini daha da möhkəmləndirdi.
Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirən, ümumxalq partiyası olduğunu qazandığı uğurları ilə təsdiqləyən Yeni Azərbaycan Partiyasının cari ilin iyununda V Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqi partiyanın həyatında mühüm bir tarixi hadisə oldu. Prezident İlham Əliyev bu nitqində söylədiyi fikirlərlə partiyanın keçmiş olduğu zəngin yola qiymət verməklə yanaşı, onun qarşısında duran strateji məqsədləri də müəyyənləşdirdi. Prezident İlham Əliyev YAP-ın fəaliyyəti və qarşıda duran vəzifələrlə bərabər, bütövlükdə Azərbaycan Respublikasının keçdiyi şərəfli yola nəzər salaraq ölkəmiz və dövlətimiz qarşısında duran məqsəd və vəzifələri şərh etdi: “Biz müstəqil ölkə kimi inkişaf edirik. Biz bundan sonra əbədi müstəqil olacağıq. Azərbaycan xalqı dünyaya sübut edib ki, müstəqil dövlətdə yaşaya, müstəqil dövlət qura, müstəqilliyi qoruyub saxlaya bilər. Son 10 il ərzində biz bu yolda böyük uğurlara imza atmışıq. Bu yolda təzyiqlər də, təxribatlar da, təhdidlər də oldu. Azərbaycanın dostları çoxdur, Azərbaycan ilə dostluq, əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu da təbiidir. Çünki Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş kimi, ədalətli mövqeyinə görə dünya miqyasında böyük şöhrət qazana bilmişdir. Ancaq buna baxmayaraq... Azərbaycanın uğurlu inkişafını həzm edə, qəbul edə bilmirlər, uğurlarımıza qısqanclıqla, paxıllıqla yanaşırlar... Son 10 il ərzində bütün təxribatlara, təzyiqlərə, böhtan kampaniyalarına baxmayaraq, biz yolumuzdan dönməmişik və dönməyəcəyik... Azərbaycan öz inkişafı, öz qətiyyəti ilə, bölgədə gedən proseslərə öz münasibətilə sübut edib ki, biz müstəqil dövlətik və biz öz maraqlarımızı qoruya bilirik”. Yeni Azərbaycan Partiyasının V Qurultayında Azərbaycanın keçdiyi yolun təhlili fonunda cənab İlham Əliyev bu fikri xüsusi vurğulamışdır: “Mən çox şadam ki, son 10 il ərzində çalışmışam ki, bu böyük məsuliyyəti öz çiynimdə aparım. Çalışmışam ki, Ulu öndərin siyasətinə layiq olum. Çalışmışam ki, Onun siyasi xəttini sizinlə bərabər, Azərbaycan xalqının dəstəyi ilə yaşadım. Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan Ulu öndərin görmək istədiyi kimi inkişaf edir, Onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir”.
Dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə, tutduğu yola sadiqlik nümayiş etdirərək, Azərbaycanın inkişafına, tərəqqisinə öz töhfələrini verib. Bu fakt inkaredilməzdir ki, Yeni Azərbaycan Partiyasının yaranması Ulu öndər Heydər Əliyevin 90-cı illərin əvvəllərində hakimiyyətə qayıdışı ideyası ilə eyniyyət təşkil edir. Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan durum Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışını zərurətə çevirmişdir. YAP-ın yaranması isə bu zərurətin, əslində təşkilatlanma forması idi. Ulu öndər Heydər Əliyev 19 noyabr 1994-cü ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində partiyanın keçdiyi yolu, üzləşdiyi çətinlikləri bir daha diqqətə çatdıraraq bildirmişdir: “Mən bunları nə üçün xatırlayıram? Çünki o günlər mənim üçün əziz günlərdir. Ona görə yox ki, Yeni Azərbaycan Partiyası yaranıbdır. Bu, şübhəsiz, mənim üçün əziz bir hadisədir. Ona görə ki, bu bizim Azərbaycan vətəndaşlarının, bu partiyaya həvəs göstərən, bu partiyaya üzv olmaq istəyən, bu partiyanı qurmaq istəyən, bu partiyanı yaratmaq istəyən adamların nə qədər cəsarətli, fədakar, cəfakeş olduqlarını göstərir. Bu partiya, bax, belə bir şəraitdə yarandı...”
Hal-hazırda sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən 600 mindən artıq üzvü birləşdirən YAP Ümummilli liderin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Ulu öndər Heydər Əliyevin “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır” fikirləri milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. YAP aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 20 ildən artıq dövr ərzində bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Gələcəyə doğru inamla irəlilyən partiyanın son on ildə cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurlar göz önündədir. Azərbaycanın bugünkü reallıqlarında öz payı olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü ölkəmizin qüdrəti ilə qürur duyur, inkişafa dəstək olmaq üçün ciddi səylər göstərir.
İqtisadi inkişaf, həyata keçirilən nəhəng, transmilli layihələr onu göstərir ki, iqtisadi möcüzələr ölkəsi olan Azərbaycanın qarşısında böyük imkanlar mövcuddur. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz ən böyük ölkələrlə tərəfdaşlıq münasibətlərindəyik. İmkanlarından, ölçülərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik. Biz öz siyasətimizi qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında qururuq”.
Azərbaycanın istər bölgədə, istər Avropada, istərsə də dünyada maraqları təmin edilir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihənin öz həllini tapa bilməməsi ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmiz təşəbbüsləri gerçəkliyə çevirməklə dövlətlər, xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verir. Bir sözlə, Azərbaycan Şərqlə Qərbin arasında körpü rolunu oynayır. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün əsas məkan seçilməsində də bu amilin rolu inkaredilməzdir.
Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün seçki proseslərindən uğurla çıxması bu inkişafın, tərəqqinin nəticəsi olmaqla, eyni zamanda, bu prosesin daha da sürətlənməsində stimul rolunu oynayır. Belə ki, 1993, 1998, 2003, 2008 və 2013-cü il prezident, 1995, 2000, 2005 və 2010-cu illərin parlament, 1999, 2004 və 2009-cu illərin bələdiyyə seçkiləri Azərbaycan tarixinə Yeni Azərbaycan Partiyasının qələbəsi kimi yazılıb. “Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq” - deyən Prezident İlham Əliyev, eyni zamanda, bildirir: “Bizim əməlimiz, bizim işlərimiz, verilən sözlərə sadiqliyimiz - bütün bunlar, əlbəttə, Yeni Azərbaycan Partiyasının nüfuzunu da qaldırır və deyə bilərəm ki, onu Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çeviribdir.”
Bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. Bu, YAP-ın gələcəyinə inamın təsdiqi olmaqla yanaşı, eyni zamanda, onun həm də gəncləşən partiya imicini də möhkəmləndirir. Gənclərə diqqət və qayğı partiyanın fəaliyyətinin əsas tərkib hissələrindəndir. Gənclərin ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm addımlar atılır. Ötən parlament və bələdiyyə seçkilərində YAP gənclərin təmsilçilik faizlərinin artırılmasını qarşıya mühüm vəzifə qoyaraq, bu istiqamətdə gördüyü tədbirlər nəticəsində məqsədə yüksək səviyyədə nail oldu. Partiyanın təşkilatçılığı əsasında keçirilən “Yay məktəbi” layihəsi də gənclərin fəallığının artırılmasına xidmət edən addımlardandır. Bir sözlə, gənclər Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaqla öz potensiallarını ortaya qoymaq imkanı əldə edirlər. Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirən Azərbaycan gəncləri Onun irsinin öyrənilməsinə səy göstərir, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışırlar.
Yeni Azərbaycan Partiyasının keçdiyi yolu təhlil etsək, bu həqiqət özünü təsdiq etmiş olar ki, tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP daim qalib olub, hər bir sınaqdan, çətinliklərdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb. Bu günün uğurları gələcəyə böyük inamla irəliləməyə əsas verir. Eyni zamanda, bu uğurlar Ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabında böyük inamla söylədiyi “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğulur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” fikrinin təsdiqidir. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasının uğurlarımızın davamlığında rolu daim yüksək dəyərləndirilir. O da aydındır ki, qarşıdakı illər üçün hədəflər müəyyənləşdirilərkən ötən illərin uğurlarının təhlilinə böyük zərurət yaranır. Dövlətimizin düzgün təmələ əsaslanan siyasəti nəticəsində yaşadığımız il daim əvvəlki ildən daha böyük uğurlarla zəngin olur, yadda qalır.
İqtisadi tərəqqi Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsinə də stimul verir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər qazanılan uğurların ümumiləşdirilmiş ifadəsidir. Həmin tədbirlərin mövzuları ayrı-ayrı sahələri əhatə edərək, Azərbaycanın əldə etdiyi təcrübə önə çəkilir, öyrənilməsi vacib amil kimi diqqətə çatdırılır. Fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bu kimi tədbirlərin təşkilində mühüm rol oynayır.
Ölkələr arasında əlaqələrin inkişafında siyasi partiyaların böyük rola malik olduğunu nəzərə alsaq, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirlərin, eyni zamanda bu və ya digər ölkələrin aparıcı-siyası partiyalarının nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti aydın görünür. Ötən il Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ərəfəsində partiyanın təşkilatçılığı ilə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının Bakıda keçirilməsi əhəmiyyətli hadisələrdən oldu. Qeyd edək ki, İCAPP ilə Yeni Azərbaycan Partiyası arasında sıx əməkdaşlıq ələqaləri mövcuddur. YAP İCAPP Daimi Komitəsinin 18 nəfərdən ibarət İdarə Heyətinin üzvüdür. Baş Assambleyanın Bakıda keçirilməsinı şərtləndirən əsas amil də məhz Azərbaycanın uğurlu inkişafı idi. Cari ildə qurumun Qadınlar və Gənclər Qolunun iclaslarının da ölkəmizdə keçirilməsi Azərbaycanın, Yeni Azərbaycan Partiyasının artan nüfuzundan, siyasi çəkisindən qaynaqlanır. Hər bir tədbirdə bu fikir dəfələrlə səsləndirildi ki, inkişafın Azərbaycan modelinin mövcudluğu təqdir olunmalı və öyrənilməlidir.
21 ilin şərəfli yolunu addımlayan, bütün çətinliklərdən uğurla çıxan Yeni Azərbaycan Partiyasını qarşıdakı onilliklərdə daha möhtəşəm nailiyyətlər gözləyir. YAP öz proqramını daim yeniləşdirir, populist vədlərdən uzaq olduğunu nümayiş etdirir.
Xatirə Əliyeva,
Yeni Azərbaycan Partiyası
Mətbuat xidmətinin əməkdaşı

Paylaş:
Baxılıb: 1589 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30