Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

01.07.2014 [09:48]

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirdə akademiyanın 48 həqiqi üzvündən 44-nün, 96 müxbir üzvündən 83-nün iştirak etdiyini, yığıncağın işə başlamağa səlahiyyətli olduğunu bildirib.
Gündəliyi elan edən akademik A.Əlizadə bildirib ki, yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçiriləcək, akademiyanın yeni nizamnaməsi və “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirəyə çıxarılacaq, yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat veriləcək.
A.Əlizadə bildirib ki, yeddi ildən bəri akademiyada seçkilər keçirilməyib. Bu isə müəyyən çətinliklər yaradır. Belə ki, akademiyada bəzi prioritet istiqamətlər zəifləyir, kadr hazırlığı işində çətinliklər meydana çıxır. Hesab edirəm ki, bəzi elmi məktəblərin də fəaliyyəti zəifləyir. Bu baxımdan, bugünkü tədbir böyük əhəmiyyət kəsb edir.
Akademik A.Əlizadə son zamanlar AMEA-da mühüm məsələlərin müzakirə olunduğunu və vacib qərarların qəbul edildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, bugünkü gündəlikdən də göründüyü kimi, ümumi yığıncaqda bir sıra əhəmiyyətli məsələlər müzakirə ediləcək.
Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışan A.Əlizadə bu sahədə həyata keçirilən mühüm tədbirlərdən də söz açıb. AMEA-nın rəhbəri alimlərimizin şərəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəhbərliyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin inkişafı naminə akademiyaya hər cür qayğı göstərildiyini, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb, elmi ictimaiyyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. AMEA-nın prezidenti əminliklə qeyd edib ki, Azərbaycanın elmi potensialı dövlətin diqqət və qayğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcək, dünya elminə layiqli töhfələrini verəcək. O, bugünkü seçkilərin ölkədə elmin gələcək inkişafına böyük fayda verəcəyinə inamını ifadə edib.
Sonra AMEA-nın vitse-prezidenti, nizamnamə komissiyasının sədri, akademik İsa Həbibbəyli akademiyanın yeni nizamnaməsi ilə bağlı çıxış edib.
Son illər AMEA-nın böyük inkişaf yoluna qədəm qoyduğunu bildirən akademik İ.Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyev akademiyanın inkişafına hərtərəfli şərait yaradıb, bu qurumun dövlətimizin böyük qayğısı ilə regionda iri elmi mərkəzə çevrilməsini azərbaycanlı alimlərin qarşısında mühüm vəzifə kimi qoyub. Bu strategiyaya uyğun olaraq, bir ildən artıqdır ki, AMEA-da bu elm məbədinin bütün sahələrini əhatə edən geniş islahatlar kompleksi ardıcıl həyata keçirilir. Struktur, kadr islahatları, innovativ fəaliyyətin hüquqi bazasının möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinə keçid, beynəlxalq əlaqələrin genişləndirilməsi və digər sahələrdə yenilənmə sürətlə davam etdirilir. Lakin AMEA-nın 2002-ci ildə qəbul olunmuş nizamnaməsi bu islahatlara, inkişafa və reallığa cavab vermir. Çünki 6 bənddən və 67 maddədən ibarət olan həmin nizamnamə keçid dövrünün akademiyada funksiyalarını tənzimləmək üçün nəzərdə tutulub. Ona görə də hazırda AMEA-da aparılan islahatlar, ölkədə gedən sürətli inkişaf prosesləri zəminində yeni nizamnamənin yaranması zərurəti meydana çıxıb. AMEA-nın rəyasət heyətinin 2013-cü il sentyabrın 18-də akademiyanın yeni nizamnamə komissiyasının tərkibini müəyyənləşdirdiyini və ona yeni nizamnaməni hazırlamağı tapşırdığını vurğulayan İ.Həbibbəyli yeni nizamnamənin layihəsi haqqında geniş məlumat verib. Bildirilib ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılıb, müvafiq komissiya və rəyasət heyəti tərəfindən baxılıb, müzakirə edilib. Akademik yeni nizamnamənin qəbulunu elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirib.
Qeyd olunub ki, sənədin layihəsi rəyasət heyətinin ümumi yığıncağında müzakirə edilib və bəyənilib. Nizamnaməyə ilk dəfə AMEA-nın beynəlxalq əlaqələri ilə bağlı xüsusi maddə əlavə olunub, akademiyanın regional bölmələri və elmi mərkəzləri barədə ayrıca maddə daxil edilib.
Nizamnamə səsə qoyulub, ümumi yığıncağın qərarı ilə təsdiq olunub.
Müzakirəyə təqdim edilən növbəti məsələ “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək diqqətə çatdırıb ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir. Sənəd ümumi yığıncağın qərarı ilə qəbul olunub.
Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademiyanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması zərurətindən danışıb. Bildirilib ki, son illər biologiya elminin sürətli və dinamik inkişafı bir çox yeni elmi istiqamətlərin və elm sahələrinin formalaşmasına zəmin yaradıb, molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi, genomika, bioinformatika və digər yeni elmi sahələrin meydana çıxmasına səbəb olub. Molekulyar biologiya və biotexnologiyalar sahəsində sanballı elmi tədqiqatların aparılması akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Hələ ötən əsrin sonlarında onun rəhbərliyi altında AMEA-nın Botanika İnstitutunda böyük bir bölmə yaradılıb, bu sahədə dünya miqyasında qəbul edilən elmi tədqiqatlar aparılıb, yüksək ixtisaslı kadrlar hazırlanıb. İndi həmin bölmədə 11 laboratoriyanın fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Ə.Əmiraslanov aparılan elmi tədqiqatların keyfiyyətini və səmərəliliyini, kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün Botanika İnstitutunun nəzdindəki eyniadlı şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın Elm Tarixi və Dünya Siyasəti institutlarının yaradılmasını zəruri edən amillərdən söz açıb. Qeyd edilib ki, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin fəaliyyətində laboratoriyalarla yanaşı, arxiv materiallarından istifadə etmək mühüm yer tutur. Bu mənada elmi irsin toplanması, sistemləşdirilməsi və öyrənilməsi məsələləri ilə məşğul olacaq Elm Tarixi İnstitutunun yaradılması mühüm əhəmiyyət kəsb edir. Hazırda elmi irsin elektron versiyalarının hazırlanması müasir dövrün ən yeni tələblərindəndir. Bu məsələni Elm Tarixi İnstitutu səviyyəsində qurmaq həm də bu institutun müasir texnologiyalar əsasında elmi irsi elmi dövriyyəyə gətirməsi, dünya arxivləri ilə əlaqələrin qurulması baxımından da əhəmiyyətli ola bilər. Dünya Siyasəti İnstitutunun yaradılmasının vacibliyindən danışan akademik İ.Həbibbəyli deyib ki, Azərbaycanın beynəlxalq aləmə, həm Qərbə, həm Şərqə inteqrasiyası akademiyanın institutlarında da əksini tapmalıdır. Azərbaycanın hazırkı inkişaf səviyyəsi, dünya miqyasında tutduğu yer, dövlətimizin yürütdüyü siyasətin ümumi şəkildə öyrənilməsi bu yeni institutun yaranması zərurətini meydana çıxarır.
Yığıncaqda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun təşkili səs çoxluğu ilə təsdiq edilib.
Akademik Akif Əlizadə bu ilin sentyabrında akademiyanın təşkilatçılığı ilə Qafqazda ilk elm festivalının planlaşdırıldığını, ilin sonunda Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə başlanacağını yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışının sonunda akademik A.Əlizadə AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfərin namizəd olduğunu qeyd edib.
Sonda AMEA-nın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə akademiyanın həqiqi və müxbir üzvlüyünə namizədlərə səsvermə keçirilib.
AMEA-nın ümumi yığıncağında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, digər dövlət və hökumət rəsmiləri, rəyasət heyətinin üzvləri, akademiyanın institutlarının, təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30