Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / “Milli şura”nın mitinq şousu bir daha fiaskoya uğradı

“Milli şura”nın mitinq şousu bir daha fiaskoya uğradı

14.10.2014 [09:47]

“Milli şura” erməni Barseqyanların müdafiəçisi rolunda...
Anti-Azərbaycan dairələrin sifarişi ilə yaradılan qondarma “Milli şura”nın “fəaliyyət”inin hər bir epizodu Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Azərbaycanın milli maraqlarının əksinə olaraq mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək bu qondarma qurumda təmsil olunan dağıdıcıların başlıca siyasi məqsədləri qismində çıxış edir. Bu baxımdan, həmin qüvvələrin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olmasında qeyri-adi hal yoxdur.
Qeyd edildiyi kimi, anti-Azərbaycan dairələrin sifarişi, diktəsi ilə “aktiv siyasi fazaya qədəm qoyan” “Milli şura” adlı xəyanətkar dəstə oktyabrın 12-də yenidən öz “ənənəvi mübarizə metodu”na əl ataraq mitinq şousu təqdim etdi. Budəfəki mitinq şousu bir sıra “özəllik”ləri ilə də seçildi. Belə ki, bu şouya ictimai dəstəyin olmaması, xalqmızın qondarma “şura”ya qarşı etinasız münasibəti bir daha özünü göstərdi. Əli Kərimli-Cəmil Həsənov tandemi bu dəfə də mitinq adı altında növbəti fiaskolarını yaşadılar.
“Milli şura”nın Barseqyanların timsalında erməni sevgisi...
“Milli şura” adlı qondarma qurumun budəfəki mitinqindən hasil olunan qənaət bundan ibarət oldu ki, bu şou birmənalı şəkildə ermənilərin sifarişi ilə təşkil edilib. Bunu sübut edən əsas göstəricilərdən biri də, məhz ermənilərin bir müddətdir ki, istər virtual müstəvidə, istərsə də KİV-lərdə apardıqları təbliğatın antimilli ünsürlərin 12 oktyabr piketində də “dilə” gətirilməsidir. Bu mitinqdə ermənilərlə yaxın münasibətdə olan, hər zaman onların mövqeyindən çıxış edən, birmənalı şəkildə Azərbaycan xalqına və dövlətinə qarşı düşmən münasibət bəsləyən və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində “qohumlarının”, yəni, ermənilərin ən böyük dəstəkçisinə çevrilmiş Leyla Yunusova-Barseqyana və Arif Yunusov-Barseqyana “azadlıq” şüarlarının səsləndirilməsi bir daha sübut edir ki, radikal müxalifət düşərgəsi, konkret olaraq AXCP-”Milli şura” cütlüyü erməni təbliğat maşının mühüm bir hissəsinə çevrilib. Barseqyanların fəaliyyəti, hansı əməllərlə məşğul olması, Azərbaycan dövlətinə qarşı xəyanətkar əməlləri cəmiyyətə yaxşı məlumdur. Hətta bunu bilə-bilə keçirdiyi mitinqdə onlara “şövqlə” azadlıq tələb edilməsi faktı bir daha göstərir ki, radikal düşərgənin ermənipərəst maliyyə qaynaqlarından aldıqları əsas sifarişlərdən biri Barseqyanlar ailəsini müdafiə etməkdir. Təbii ki, bu da yenilik deyil. Radikal düşərgənin hər zaman ermənilərlə eyni mövqedən çıxış etməsi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. Onların açıq şəkildə Azərbaycan xalqına qarşı xəyanətkar mövqedə dayanan, erməni təbliğatının ruporlarından sayılan Barseqyanları müdafiə etmələri isə bu düşərgənin hansı simaya malik olduğunu növbəti dəfə sübuta yetirdi...
Radikal müxalifət “İŞİD” terror qrupunun bayrağını niyə qaldırdı?
Budəfəki mitinq şousunda radikal düşərgənin daha bir məziyyəti ortaya çıxıb. Dünyanın bütün antimilli qüvvələri ilə əməkdaşlığa hazır olan dağıdıcı düşərgə, deyəsən, yeni “partnyor”lar tapmaqdadır. Belə ki, bu mitinqdə “İŞİD” adlanan terror qruplaşmasının bayrağının qaldırılması yeni mətləblərdən xəbər verir. Qeyd edək ki, bu da, əslində, gözlənilən bir hal idi. O baxımdan ki, radikal düşərgə təmsilçilərinin bəzilərinin xarici ölkələrin bir sıra kəşfiyyat orqanları ilə əlaqələrinin olması, hətta ötən əsrin 90-cı illərində SSRİ-nin süqutunun gerçəkləşdiyi dönəmlərdə Sovet KQB-sinin bəzi layihələrində yer alması heç kəsə sirr deyil. “Milli şura”nın icazəli mitinqində “İŞİD” qruplaşmasının bayrağını qaldırması isə düşərgə təmsilçilərinin milli maraqlarımıza qarşı apardıqları “səlib yürüşü”nün miqyasının daha da genişləndirmək xəyalları qurmasından, bu istiqamətdə bütün profilli-hətta terrorçu kimi tanınan qruplarla da işbirliyinə getməyə hazır olmasından xəbər verir. Amma Əli Kərimli kimi, Cəmil Həsənov kimi özünü siyasətçi zənn edənlər, antimilli, hətta terrora köklənmiş dairələrin əmrlərini həyata keçirirlərsə də belə, bu, erməni sevgisinə çulğalanmışları və özünü “düşərgə lideri” sananları bir addım qabağa daşıya bilmir. Çünki Azərbaycan xalqı hər zaman bir həqiqəti hər kəsə sübut edib, dövlətin, millətin mənafeyinə qarşı çıxanların günahını bağışlamaq olmaz. Bu gün erməni dəyirmanına su tökən , Azərbaycandakı siyasi sabitliyi, tolerantlığı pozmağa niyyətlənmiş radikal müxalifət nümayəndələri Azərbaycan xalqına düşmən olduğunu hər addımlarında əməlləri ilə nümayiş etdirirlər.
Amma radikal düşərgə təmsilçiləri bu dəfə etdiyinə qarşı geniş ictimai etirazı görərək, “İŞİD” bayrağının onlara aid olmaması haqda həqiqətdən uzaq fikirlər səsləndirdilər. Lakin bayrağı qaldıran Ramil Quliyev adlı şəxs KİV-lərə açıqlamasında bildirib ki, mitinqə dostunun dəvəti ilə gəlib. Onun sözlərinə görə, stadionda durub mitinqi izləyən zaman tanımadığı bir şəxs ona bir bayraq verib və deyib ki, bunu dalğalandır... Yəqin ki, artıq şərhə ehtiyac qalmır...
Radikal müxalifətin “birlik” şousu bir daha iflasa uğradı
Beləliklə, sonuncu mitinq sərgüzəştləri bir həqiqəti də göstərdi ki, müxtəlif dönəmlərdə ayrı-ayrı qondarma qurumlar daxilində “birləşdikləri”ni iddia edən, lakin daim qarşıdurma halında olan radikal müxalifət düşərgəsi bu gün də ənənəvi acı taleyini yaşayır. Əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində durduqlarını göstərib.
Beləliklə, bu mitinq radikal müxalifətin “birlik şousu”nun növbəti dəfə iflasa uğradığını nümayiş etdirdi. Mitinq iştirakçılarının pərakəndə mövqe sərgiləmələri, xüsusilə də özlərini əsas siyasi fiqur hesab edən AXCP ilə “Müsavat”ın fərqli mövqe sərgiləmələri radikal düşərgə daxilindəki xaosu əks etdirdi.
“Müsavat”ın boynubüküklüyü...
Onu da xüsusi olaraq vurğulayaq ki, Müsavat Partiyasının bu “mitinq şou”ya gəlişi öz “rəngarəngliyi” ilə seçilirdi. Belə ki, boynubükük şəkildə keçmiş müttəfiqlərinin bir “salamı” ilə belə qarşılaşmayan Müsavat Partiyasının “heyəti” bu mitinqi elə uzaqdanca seyr etməklə vaxtını keçirdi. Yaranan mənzərədən belə bəlli olurdu ki, sadəcə, radikal düşərgə partiyalarının bu mitinqə qatılması da onların sifarişçiləri tərəfindən “istənilib”. Çünki ilk baxışdan nə AXCP-nin, nə də Müsavat Partiyasının qarşılıqlı şəkildə bu mitinqdə iştiraklardan məmnun olmadıqlarını görmək elə də çətin deyildi. Köhnə başqan İsa Qəmbərlə yanaşı dayanan yeni sədr Arif Hacılı isə öz postunda avtimilli qüvvələrin ilk “mitinq tamaşasına” çıxmışdı. Amma onun da boynubükük vəziyyətdə, sadəcə kənardan tamaşaçıya çevrilməsi, tribunaya dəvət edilməməsi bu partiyalar arasındakı gərginliyin pik həddə olmasını göstərdi.
Arif Hacılı və İsa Qəmbərin əllərindəki plakatlar nəyi təcəssüm edirdi?
Bu “mitinq şou”da diqqəti çəkən bir məqama da toxunaq. Maraqlıdır ki, AXCP üzvləri erməni əsilli Barseqyanların və digər şəxslərin şəkillərini başları üzərinə qaldırmışdılar. “Müsavat”ın mitinq şousunu seyr edən qrupu isə əllərində Yadigar Sadıqov və “Nida”çılar haqda plakat qaldırmışdılar. Özü də plakat köhnə başqan İsa Qəmbərlə təzə sədr Arif Hacılının əllərində idi. Bu isə onu göstərir ki, Arif Hacılı, sadəcə, Yadigarı, İ.Qəmbər də “Nida”çıları “azadlığa” səsləyir. “Milli şura”nın çağırışlarının onlara heç bir aidiyyəti yoxdur...
Adı Xalq Partiyasında, özü isə “Müsavat”da olan Pənah Hüseyn isə əlləri cibində ayaqüstü mürgü vurmaqla məşğul idi. Nə qınayasan, “üçdə alacağı yox, beşdə verəcəyi”... Onsuz da bu partiyalar da aldıqlarından ona vermirlər...
“Milli şura” antimilli ünsürlərin qarşıdurma platformasına çevrilib
Qeyd etdiyimiz kimi, 12 oktyabr mitinqi radikal düşərgədəki ziddiyyətləri bir daha əks etdirdi. Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma qurumlar daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar. Öncə “İctimai palata”da başlayan ziddiyyətlər qondarma “Milli şura” daxilində daha da güclənərək xaos mənbəyi kimi çıxış edib.
Dolayısıyla, hazırda da radikal müxalifət cəbhəsində ənənəvi surətdə mövcud olan fikir ayrılıqları, ziddiyyətlər davam edir. Belə ki, sonuncu dəfə “Milli şura”da “birləşdiklərini” iddia edən dağıdıcılar, əslində, ötən ilin oktyabr ayında keçirilən prezident seçkilərindən sonra bu qondarma qurum daxilində növbəti parçalanma mövsümünə qədəm qoydular. Bütün bunlar isə radikal müxalifətin nəyə “qadir olduğunu” və necə “fəaliyyət” göstərdiyini növbəti dəfə nümayiş etdirir.
Nəticə etibarilə, hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə gündəmə gələn radikal müxalifət bu dəfə də fərqli oyunların fonunda ortaya çıxmış mürəkkəb kataklizmlərlə çalxalanmaqdadır. Qeyd etdiyimiz kimi, ənənəvi surətdə mövcud olan silsilə uğursuzluqlar, korporativ maraqların təmin olunması uğrunda aparılan pərakəndə mübarizə halları bu gün də bəhs edilən düşərgədə parçalanma meyilləri, qarşıdurma və qütbləşmə tendensiyalarını daha da kəskinləşdirib.
Radikal düşərgə Azərbaycan cəmiyyəti tərəfindən tanınmır
Dolayısıyla, bu gün radikal müxalifət düşərgəsinin üzləşdiyi uğursuzluq dağıdıcıların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmiş olmalarının qanunauyğun nəticəsidir. Radikal müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan növbəti dəfə vətəndaşların etinasızlığı ilə qarşılaşdı. 12 oktyabr mitinqi çərçivəsində bir daha aşkar olundu ki, dağıdıcı düşərgə subyektləri çox ciddi sosial baza problemi yaşayır və silsilə uğursuzluqların rəmzinə çevrilib. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Azərbaycan cəmiyyətinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi birmənalıdır: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad edərmi?
Beləliklə, son hadisə və yanaşmalar bir daha onu göstərir ki, qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətinə aidiyyəti yoxdur. Bu qurum, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edir. Radikalların “Milli şura” oyunlarının arxasında məhz anti-Azərbaycan dairələrin sifariş və dəstəyi ilə Azərbaycanda xaos mühiti yaratmaq, ictimai şüura neqativ təsir etmək missiyası durur.
Şübhəsiz, bütün bunlar ona dəlalət edir ki, radikal müxalifət siyasi palitrada yalnız dağıdıcı subyekt qismində təmsil olunur. Onlar siyasi palitrada mövcud olan demokratik şəraitdən heç cür istifadə edə bilmirlər. Belə ki, radikal subyektlər plüralist mühitin fonunda rəqabət əvəzinə, dağıdıcı təxribatları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri seçməklə autsayderə çevriliblər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət, eyni zamanda, bu günə qədər ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilməyib və rasional fəaliyyət mexanizmindən məhrum olub. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştirak etməyə sövq ediblər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədiyindən cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçib. Bütün bunlar isə radikal müxalifətin fiaskosunu şərtləndirib.
Dağıdıcı müxalifət siyasi sistemdən silinib
Nəticə etibarilə, radikal müxalifətin mövqe və fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir. Qondarma “Milli şura”nın mitinq sərgüzəştlərinin timsalında müşahidə olunanlar da bunu göstərir.
Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma qeyd etdiyimiz kimi, radikal müxalifət antimilli fəaliyyət sərgilədiyi üçün vətəndaş etinasızlığı ilə qarşılaşıb.
Beləliklə, radikal müxalifət siyasi sistemdən silinib. Başqa sözlə, bu düşərgəni təmsil edən qruplar artıq siyasi partiya yox, təzyiq qrupu kimi çıxış edirlər.
Antimilli qüvvələr siyasi meydanı tərk etməlidirlər
Bütün bunlardan sonra antimilli qüvvələrin-radikal düşərgədə təmsil olunan əksər partiyaların rəhbərlərinin atacağı ən doğru addım siyasi meydanı tərk etmək ola bilər.
Dolayısıyla, “fəaliyyət”i yalnız öz nəzarətindəki qəzet səhifələrində işıqlandırılmaqdan ibarət olan radikal müxalifət düşərgəsi, o cümlədən, qondarma “Milli şura” siyasi müstəvidə “canlanmaq” üçün yenə də mitinq taktikasını seçdi. Amma birmənalıdır ki, bəhs olunan qondarma qurumun bu taktikası yalnız siyasi gündəmdə qalmağa hesablanıb və iflasa uğraması labüddür.
Aydın məsələdir ki, radikal düşərgənin bu cür, “havadan” “mitinq elanı” yalnız maliyyə əldə etmək niyyəti güdürdü. Onların bu yolda, maddiyyat uğrunda, hətta ermənilərlə, terrorçu adlanan qruplarla belə işbirliyinə getməsi isə artıq sübuta ehtiyacı olmayan bir faktdır. Amma xalqın onlara tərs sillə xarakteri daşıyan birmənalı cavabı bu satqınlar klubunun arzularının hər zamankı kimi puç olmasına gətirib çıxarır. Elə bu səbəbdən də ermənipərəst dairələrin onlara verdiklərinin son qəpiklərini də çırpışdırıb aradan çıxmaq üçün “mitinq-mitinq” oyununa əl atdılar...
Pərviz SADAYOĞLU
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 1312 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30